Bakı qlobal dialoqun yeni platformasını təşkil edir
02.10.2026 [12:38]
İlham Əliyev: Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Qlobal dünyada dialoqun təşviqi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və dövlətlər arasında etimad mühitinin formalaşdırılması yeni beynəlxalq nizamın əsas çağırışlarından birinə çevrilib. Son illərdə geosiyasi rəqabətin dərinləşməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi və təhlükəsizlik təhdidlərinin coğrafiyasının genişlənməsi göstərir ki, qarşıdurmaların yalnız hərbi və siyasi vasitələrlə həlli mümkün deyil. Belə bir şəraitdə dövlətləri ortaq maraqlar ətrafında bir araya gətirən çoxtərəfli platformaların əhəmiyyəti daha da artır. Çünki davamlı sülh və sabitlik ilk növbədə dialoq imkanlarının qorunmasından, tərəflər arasında qarşılıqlı anlaşmanın genişləndirilməsindən və etimadın möhkəmləndirilməsindən keçir.
Müasir beynəlxalq münasibətlər sistemində etimad artıq yalnız diplomatik münasibətlərin elementi deyil, həm də təhlükəsizliyin və regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Xüsusilə müxtəlif siyasi mövqelərə və təhlükəsizlik maraqlarına malik dövlətlərin eyni masa ətrafında toplanması qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - AQEM-in fəaliyyəti diqqət çəkir. 1992-ci ildə irəli sürülən təşəbbüs əsasında formalaşan bu platforma Asiya dövlətləri arasında etimad tədbirlərinin həyata keçirilməsi, təhlükəsizlik məsələləri üzrə dialoqun inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
28 üzv dövlətin iştirakı ilə...
Vurğulandığı kimi, AQEM-in əhəmiyyəti həm də onun müxtəlif geosiyasi mövqeləri təmsil edən ölkələri vahid dialoq məkanında birləşdirməsindədir. Burada məqsəd tərəflərin bütün məsələlər üzrə eyni mövqeyə gəlməsi deyil, fikir ayrılıqlarının dialoq yolu ilə idarə olunması və qarşılıqlı anlaşma imkanlarının artırılmasıdır. Bu yanaşma yeni beynəlxalq nizamın əsas ehtiyaclarından biri olan “qarşıdurmadan dialoqa” keçidi şərtləndirən mühüm amillərdəndir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM Asiya qitəsində sülh, təhlükəsizlik, sabitlik və dövlətlərarası etimadın möhkəmləndirilməsinə xidmət edən çoxtərəfli siyasi-diplomatik platformadır. Təşəbbüs 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb və 2002-ci ildə Almatı Aktının qəbulundan sonra AQEM institusional fəaliyyətə başlayıb. Hazırda təşkilatın 28 üzvü var. Onların arasında Azərbaycan, Türkiyə, Çin, Rusiya, Hindistan, İran, İsrail, Pakistan, Qazaxıstan, Özbəkistan və digər Asiya dövlətləri yer alır. ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və Türkmənistan daxil olmaqla 10 ölkə müşahidəçi statusundadır. AQEM-in fəaliyyət istiqamətləri hərbi-siyasi təhlükəsizliklə məhdudlaşmır - iqtisadiyyat, ekologiya, humanitar məsələlər, yeni təhdidlər, nəqliyyat və digər sahələri də əhatə edir.
Son iki ildə Azərbaycan AQEM-in institusional imkanlarının gücləndirilməsi üçün səy göstərib
Azərbaycan AQEM-in qurucu üzvlərindən biridir və 2024-2026-cı illər üzrə sədrliyi həyata keçirir. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional transformasiyası, nəqliyyat bağlantıları, rəqəmsallaşma və davamlı inkişaf məsələləri ön plana çıxarılıb. Azərbaycan həmçinin təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad tədbirlərinin əlaqələndiricilərindən biridir. Bu baxımdan AQEM Azərbaycan üçün Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və təhlükəsizlik dialoqunda fəal iştirak etmək üçün mühüm çoxtərəfli platformalardan biri hesab olunur. Qeyd edək ki, oktyabrin 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib. Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciətində bildirib ki, Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır: “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”.
Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyi daha da möhkəmlənir
Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi dövründə Bakı təşkilatın fəaliyyətində mühüm dialoq məkanlarından birinə çevrilib. Ölkəmizin AQEM-dəki bu iki il ərzində müəyyənləşdirdiyi əsas xətt isə “Daha güclü AQEM: Asiyada bağlantı, rəqəmsallaşma və dayanıqlı inkişaf” istiqaməti üzərində qurulub. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində Bakıda keçirilən tədbirlər təşkilatın yalnız siyasi-diplomatik deyil, həm də ekspert, iqtisadi və humanitar ölçülərinin inkişaf etdirilməsinə xidmət edib. 2025-ci ilin fevralında AQEM-in Baş Komitəsinin yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Bakıda keçirilən iclasında təşkilatın institusional imkanlarının gücləndirilməsi, etimad tədbirlərinin müxtəlif sahələrdə genişləndirilməsi və digər beynəlxalq platformalarla əlaqələrin artırılması müzakirə olunub. Bu baxımdan beyin mərkəzləri və ekspert icması ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin sentyabrında Bakıda keçirilən AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunda 21 üzv dövlətdən və təşkilatlardan 73 iştirakçı regional təhlükəsizlik, rəqəmsal transformasiya şəraitində təchizat zəncirləri, bağlantılar və AQEM-in institusional inkişafını müzakirə edib.
İqtisadi istiqamətdə isə 2025-ci ilin mayında Bakıda AQEM Biznes Şurasının VIII plenar sessiyası və X Biznes Forumu təşkil olunub. Tədbirdə 19 üzv dövlətdən 220-dən çox iştirakçı rəqəmsallaşma, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, ağıllı şəhərlər, yaşıl transformasiya və qlobal dəyər zəncirlərini müzakirə edib.
Gənclər diplomatiyası da sədrliyin mühüm istiqamətlərindən biri olub. 2025-ci ilin noyabrında Bakıda AQEM Gənclər Şurasının VIII toplantısına 19 üzv dövlətdən 100-dən çox nümayəndə qatılıb. 2026-cı ilin iyununda keçirilən IX toplantı isə 17 üzv dövlətdən 120-dən çox gənc, mühəndis və dövlət nümayəndəsini bir araya gətirib.
Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu da yaddaqalan tədbirlərdəndir - bu tədbir qlobal informasiya məkanında qarşılıqlı etimadın daha da gücləndirilməsinə mühüm töhfə vəd edir. Prezident İlham Əliyev Media Forumun iştirakçılarına müraciətində bildirib ki, AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən tədbirlər qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir: “Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir”.
Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır
Qloballaşan dünyada informasiya axınlarının sürətlənməsi medianın beynəlxalq münasibətlərdəki rolunu əhəmiyyətli dərəcədə dəyişib. Artıq media yalnız hadisələri cəmiyyətə çatdıran vasitə deyil, ölkələr və xalqlar arasında təmasların genişlənməsinə, qarşılıqlı təsəvvürlərin formalaşmasına və ictimai diplomatiyanın inkişafına təsir göstərən mühüm platformadır. Xüsusilə geosiyasi ziddiyyətlərin artdığı bir dövrdə düzgün, operativ və etibarlı informasiya mübadiləsi qarşıdurmaların dərinləşməsinin qarşısının alınması baxımından da əhəmiyyət qazanır.
Azərbaycanın AQEM sədrliyi çərçivəsində bu məsələyə diqqət yetirməsi də məhz belə çoxşaxəli əməkdaşlıq yanaşmasının tərkib hissəsidir. Bakı media və kommunikasiya sahəsində üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı informasiya mübadiləsinin inkişafı və peşəkar təmasların artırılması üçün platforma rolunu gücləndirməyə çalışır. Bu istiqamət AQEM-in yalnız siyasi-diplomatik deyil, həm də ictimai və informasiya ölçüsünü genişləndirir. Dövlət başçısı müraciətində qeyd edib ki, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir: “Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır”.
Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir
Bu baxımdan informasiya təhlükəsizliyi ilə media əməkdaşlığı bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Dezinformasiyanın, saxta xəbərlərin və manipulyativ informasiya kampaniyalarının geniş yayıldığı şəraitdə dövlətlər arasında peşəkar media əlaqələrinin qurulması etimad mühitinin möhkəmləndirilməsinə xidmət edə bilər. Bunun üçün jurnalistlər, media qurumları və kommunikasiya strukturları arasında birbaşa təmasların artırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və informasiya resurslarına çıxış imkanlarının inkişaf etdirilməsi vacibdir. Adıçəkilən Media Forum da bu istiqmətdə olduqca vacib bir addımdır. Prezident İlham Əliyev bildirib ki, hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir: “Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir”.
Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına töhfə verəcək
AQEM Media Forumun əhəmiyyəti olduqcü mühümdür - üzv dövlətlərin media qurumları arasında informasiya mübadiləsi ilə yanaşı əsas istiqamətlərdən biri də müxtəlif ölkələrin media təcrübəsinin qarşılıqlı öyrənilməsi, peşəkar əlaqələrin genişləndirilməsi və müasir informasiya mühitinin yaratdığı çağırışlara birgə yanaşmaların formalaşdırılmasıdır. Qarşılıqlı treninqlər, seminarlar və praktiki müzakirələr müxtəlif ölkələrin media nümayəndələrinə bir-birinin iş metodları ilə tanış olmaq, uğurlu nümunələri öyrənmək və onları öz fəaliyyət istiqamətlərində tətbiq etmək imkanı verir.
Xüsusilə süni intellekt, rəqəmsal media, sosial şəbəkələr və multimedia jurnalistikasının sürətlə inkişaf etdiyi bir şəraitdə texnoloji yeniliklərin media fəaliyyətinə inteqrasiyası artıq seçim deyil, zərurətə çevrilir. Bu baxımdan müxtəlif AQEM üzvlərinin media sahəsində əldə etdiyi təcrübələrin bölüşdürülməsi həm peşəkar inkişafı sürətləndirə, həm də yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yarada bilər. Prezident İlham Əliyev qeyd edib ki, etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir: “Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

