Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

17.10.2018 [08:34]

Respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir
Son 15 ildə müstəqil Azərbaycanın həyatı bütün istiqamətlərdə dinamik inkişaf və müsbət reallıqların artması ilə səciyyələnib. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirib. Eyni zamanda, respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir.
Son 15 ildə müstəqil Azərbaycanın belə inamlı inkişafının memarı isə Prezident İlham Əliyevdir. Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə böyük müdriklik göstərərək cənab İlham Əliyevin namizədliyini dəstəklədi və 76,8 faiz səslə Onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyev respublikamızda 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də inamlı qələbə qazandı. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Bəhs olunan dövrdə respublikamız yeni inkişaf erası yaşayıb. Ayrı-ayrı istiqamətlərdə qazanılan uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev xalqın Ona bəslədiyi ümidləri tam doğruldaraq ölkəni inamla idarə edir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsi Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir
Müstəqil Azərbaycanın müasir və güclü dövlət quruculuğu siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Tarixi şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Ümummilli liderin keçmiş sovet dönəmində respublikamıza rəhbərlik edərkən məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi.
Tale isə elə gətirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyini qorumaq missiyası da elə Ulu öndərin çiyinlərinə düşdü. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi çox doğru olaraq böyük qayıdış kimi qiymətləndirilir. Ulu öndər bu qayıdışla, ilk növbədə, ölkəni bürüyən ümidsizliyə son qoydu, insanların qəlbində gələcəyə inam yaratdı. Ulu öndər Heydər Əliyev səbri, müdrikliyi, xalqla həmrəyliyi sayəsində qısa müddətdə vətəndaş müharibəsi təhlükəsini sovuşdurmağa və hadisələrin istiqamətini dəyişməyə nail oldu. Onun verdiyi müdrik qərarlar, atdığı qəti addımlar sayəsində cəmiyyət inkişafa, ölkənin müstəqilliyini möhkəmlətməyə səfərbər oldu.
Azərbaycan üçün səciyyəvi haldır ki, xalqımız Ulu öndər Heydər Əliyevin parlaq, həmişəyaşar ideyalarına sonsuz inam nümayiş etdirir. Müdrik xalqımızın qənaəti belədir ki, müstəqil respublikamızın işıqlı gələcəyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin ardıcıllığının təmin edilməsi ilə bağlıdır. Burada da xalqın istəyi ilə Prezident İlham Əliyevin iradəsi üst-üstə düşür. Azərbaycanın dövlət başçısı son 15 ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Son 15 ildə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsi Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bir daha qətiyyətlə vurğulayıb ki, Ulu öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
İqtisadi və maliyyə müstəqilliyinin təmin edilməsi tarixi nailiyyətdir
Güclü iqtisadi və maliyyə dayaqları olmadan ölkənin inkişafını təsəvvür etmək belə mümkün deyil. Xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Respublikamız müxtəlif istiqamətlərdə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində ilk növbədə özünün iqtisadi-maliyyə imkanlarına arxalanır.
Son 15 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məqsədyönlü yanaşmanın nəticəsidir ki, respublikamızda bazar iqtisadiyyatına transformasiya prosesi uğurla başa çatıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri, texnoparklar yaradılır.
Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, ötən 15 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb.
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da güclənir. Son 15 ildə respublikamıza daxili və xarici mənbələrdən 250 milyarddan çox investisiyalar yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Hazırda respublikamız 46 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir. Halbuki, 2004-cü ildə bu rəqəm cəmi 1,8 milyard dollar civarında idi.
Məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatının güclənməsi və maliyyə imkanlarının artması ölkəmizin özünəinam hissini artırır. Öz hesabına yaşayan respublikamız dünyada ləyaqətli ölkə kimi tanınır.
Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu starateji kursa uyğun olaraq respublikanın dinamik iqtisadi inkişafı daim genişməzmunlu sosial layihələrlə dəstəklənir. Son 15 idə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.
Respublikamızda aparılan dərinməzmunlu sosial siyasətin xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, ölkədə qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənir. Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. İlin sonuna qədər həmin kateqoriyadan olan daha 500 nəfərin yeni mənzillərlə təmin olunacağı nəzərdə tutulub. Azərbaycan Prezidenti bu məqsədlə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayırıb.
O cümlədən ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Respublika miqyasında çadır şəhərcikləri, fin tipli evlər tam ləğv olunub.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşlaşdırılması istiqamətində işlər 2018-ci ildə də intensiv şəkildə davam etdirilib. Təkcə cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə yeni fərdi evlərlə və yaxud mənzillərlə təmin ediləcək. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.
Azərbaycan beynəlxalq miqyasda müstəqil mövqeyi ilə seçilən dövlət kimi böyük nüfuz qazanıb
Uğurlu daxili siyasət kursuna malik olan Azərbaycan, eyni zamanda, son 15 ildə çoxvektorlu xarici siyasət həyata keçirib. Respublikamız öz imkanlarını təqdim edərək daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə nail olmağa çalışır.
Məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb.
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına da xüsusi önəm verir. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib.
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət ölkəmizə böyük uğur qazandırıb. Qısa müstəqillik tarixində respublikamızın 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son dərəcə qürurverici haldır. Ölkəmiz 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür.
Azərbaycanın son 15 ildə ardıcıllıqla həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Prezident İlham Əliyevin qəti mövqeyi belədir ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Ötən 15 ildə Azərbaycan özünün ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsinə nail olub. 2003-2018-ci illərdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsi deyilənlərə sübutdur.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31