Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dili milli sərvətimizdir

Azərbaycan dili milli sərvətimizdir

25.10.2018 [08:24]

Ümummilli lider Heydər Əliyev: Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir
Xalqların inkişaf yolu və tarixinə nəzər saldıqda bir daha bəlli olur ki, millətlərin mövcudluğu və tərəqqisi üçün vacib şərtlərdən biri Ana dilinin qorunmasıdır. Hər bir millətin təşəkkülündə, milli birliyin formalaşmasında zəruri amillərdən biri olan dil həm də özündə xalqların keçdiyi tarixi yolu, onların mədəni səviyyələrini ehtiva edir. Bu mənada təm qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan dili də xalqımızın milli sərvətidir.
Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində ciddi sınaqlarla qarşı-qarşıya qalan Azərbaycan dili zəngin inkişaf yolu keçib. O cümlədən 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə Ana dilimizin inkişafına böyük diqqət göstərilib. Daha sonra Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. Həmin vaxt “sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Məhz belə bir şəraitdə Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli liderimiz Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, Ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, millətin milliliyini saxlayan onun dilidir: “Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu aldı
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında məhz Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi.
Bu isə, nəticə etibarı ilə, Azərbaycandilli məktəblərin, maarifin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin Ana dilində təhsilinə üstünlük verilməyə başlandı.
Eləcə də, Ulu öndər Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün böyük səy nümayiş etdirdi. Qeyd edilməlidir ki, həmin dövrdə Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız Ana dilində yazırdılar, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilirdi. Digər tərəfdən, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırıldı və çoxcildlik “Müasir Azərbaycan dili” kitabları nəşr olundu. Həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görüldü, Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, Ana dilinin nüfuzu bir daha təsdiq edildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına hər zaman diqqət və qayğı göstərib
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan Ulu öndər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri var. Ulu öndər deyirdi ki, “Özümüzün dilimiz var - Azərbaycan dili. Çox da gözəl dilimiz var, çox zəngin dilimiz var. Çox ləzzətli dilimiz var. Mənim təhsilim rus dilində gedibdir. Gəncliyimdə də rus dilində oxumuşam, rus dilində işləmişəm, Moskvada böyük işlərdə işləmişəm. Rus dili mənim üçün ana dili kimi bir dildir. Amma nə qədər mən o dildən istifadə etmiş olsam da, Azərbaycan dili ilə mən onu yan-yana qoya bilmərəm. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Bu dövrdə də Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edildi. Bu məqamda qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Eləcə də, 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Vurğulamaq gərəkdir ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyuldu. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapdı. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.
Ulu öndərin Ana dili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Sadalananlarla yanaşı, bir nüansa da xüsusi nəzər salmaq lazımdır. Belə ki, sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində cərəyan edən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün ölkə başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktor kimi çıxış etməsini şərtləndirib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1232 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31