Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar və işçi sessiyalarla davam etdirib

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar və işçi sessiyalarla davam etdirib

26.10.2018 [09:06]

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar və işçi sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirak etdiyi “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusunda birinci plenar sessiyada ən yaxşı təhsil sistemlərinin müxtəlif zamanlar üçün hazırlandığı nəzərə alınmaqla pedaqogikada müasir dövr üçün zəruri olan dəyişiklikləri sürətləndirmək, əmək bazarında iş tapmaq məqsədilə daha hazırlıqlı olmağa kömək edə biləcək işləri necə proqnozlaşdırmaq, təhsili sülh naminə necə səfərbər etmək, müstəqil öyrənmənin və ömürboyu öyrənmənin nə üçün hələ də az müraciət olunan fəaliyyət hesab olunması və digər məsələlər müzakirə edilib.
Plenar sessiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov moderatorluq ediblər.
Sessiyanın mövzusunun aktuallığından danışan moderatorlar qeyd ediblər ki, müasir dünyada insan fəaliyyətinin bütün istiqamətlərdə çox sürətlə inkişaf etməsi bir çox peşələrə gələcəkdə nə dərəcədə ehtiyac olub-olmaması məsələsini aktuallaşdırır. Bu çağırış müasir təhsil sisteminin insanlara fayda verməsini, onun işlə təminolunma istiqamətində qurulmasını tələb edir. Odur ki, panel sessiyanın mövzusu müvafiq problemlərin həllinə dair fikir mübadiləsi aparmağa kömək edir və gələcək əməkdaşlıq əlaqələrinin qurulması üçün önəm daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu mötəbər tədbirə çevrildiyini deyib. Vurğulayıb ki, hələ 15 il əvvəl Prezident İlham Əliyev ölkənin əsas siyasi kursunun ifadəsi kimi “Neft kapitalını insan kapitalına çevirməliyik” strategiyasını irəli sürüb. Müasir şəraitdə intellektual insan potensialının inkişafı Azərbaycan üçün təkcə elmi aspektdən deyil, bütövlükdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhsil və elm qarşısında duran vəzifələrdən danışan akademik vurğulayıb ki, elm hər zaman bəşəriyyətin qarşısında yeni tədqiqat istiqamətləri açır. Əgər XX əsr fizika əsri adlandırılırdısa, alimlər yekdilliklə güman edirlər ki, XXI əsr biologiya əsri olacaq. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflərin nəticələri möhtəşəmdir. Bununla yanaşı, energetika, kimya istiqamətləri də inkişaf edir. Eyni zamanda, cəmiyyətin humanitar tədqiqatlardan gözləntisi çoxdur. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün mədəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib. Bu baxımdan çox yüksək inkişaf etmiş dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb.
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri xanım İnqa Ronda Kinq hazırda dünyanın böhranla, təbii fəlakətlərlə üzləşdiyini, bir çox ölkələrdə insanların humanitar yardıma ehtiyacı olduğunu deyib. Vurğulayıb ki, Bakıda keçirilən Forumun mövzusu 2030-cu ilə qədər Dayanıqlı İnkişafın Məqsədləri ilə səsləşir. Təhsil insanın əsas hüququdur və inkişafa səsləyir. Dünyada 260 milyon uşaq, təəssüf ki, hələ də ibtidai məktəbə getmir. Bunun qarşısı alınmasa, 2030-cu ilədək bu göstərici 800 milyona çata bilər. Ayrı-ayrı ölkələrdə uşaqların təhsil almamasının səbəbləri, o cümlədən münaqişələr, yoxsulluq və digər xoşagəlməz hallar aradan qaldırılmalıdır. Habelə təhsildə keyfiyyət təmin edilməli və keyfiyyətli təhsil hamını, o cümlədən cəmiyyətin həssas təbəqələrini əhatə etməlidir. Bu, gələcəkdə yoxsulluğun azaldılmasına da kömək edəcək.
Təhsil naziri Ceyhun Bayramov ölkə rəhbərliyinin təhsilin və elmin inkişafına xüsusi diqqət yetirməsindən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən danışıb. Təhsil sahəsində aparılan islahatlardan söz açan nazir beynəlxalq araşdırmalarda 2011-ci illə müqayisədə savadlılıq səviyyəsinin yüksəldiyini bildirib. O, islahatlar zamanı ali təhsilə, peşə təhsilinə, təhsil infrastrukturu ilə bazar infrastrukturunun əlaqələndirilməsinə diqqət yetirildiyini, istedadlı uşaqların dəstəkləndiyini, ölkədə hər kəs üçün eyni dərəcədə təhsil imkanları yaradıldığını vurğulayıb.
Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin direktoru Fərhan Nizami çıxışında təhsilə sərf edilən xərclərin düzgün istiqamətlərdə olmasının önəmini vurğulayıb, bunun ümumi inkişafa kömək edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, təhsil siyasəti yerli iqtisadiyyatı əhatə etməlidir, eləcə də yerli səviyyədə savadı olan insanlar diqqətdən kənarda qalmamalıdır. İstedadların inkişafına diqqət yetirilməsə, insanlarda özünüqiymətləndirmə azalar və bu, təcrid olunmuş cəmiyyətin formalaşmasına səbəb ola bilər. Hər hansı inkişafdan söz düşərkən, onun əsasında təhsil meyarının dayandığı aşkar olur. Odur ki, təhsil sistemində ölkənin, cəmiyyətin inkişafı mütləq nəzərə alınmalıdır.
Küveyt Əmirinin Divanında müşavir, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin xüsusi müşaviri Abdullah Alma’tuk rəhbəri olduğu qurumun çoxşaxəli fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Vurğulayıb ki, təhsil sahəsində xeyriyyəçiliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həmçinin elm və təhsil istiqamətlərində gənclərin könüllü proqramlarda iştirakını genişləndirməyə şərait yaratmaq lazımdır. Könüllü fəaliyyət sayəsində cəmiyyət inkişaf edir. Abdullah Alma’tuk, həmçinin Küveytdə keçirilən xeyriyyəçilik tədbirləri barədə danışıb.
Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov dünyada inkişafın əsas müəllifinin insan olduğunu qeyd edərək, bu baxımdan təhsilə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Diqqətə çatdırıb ki, müasir texnologiyalar şəraitində bu təhsili daha səmərəli etmək olar. Təhsil siyasəti əvvəlcədən ölçülüb-biçilmiş məqamları əhatə etməlidir. Bu gün qlobal problemlər bütün ölkələrə bu və ya digər dərəcədə təsir göstərir. Dövlətin müasir həyatla ayaqlaşa bilən təhsil sistemi yaratmasının vacibliyini deyən Sergey Neverov bununla bağlı Rusiyanın müsbət təcrübəsini bölüşüb.
MDB İcraiyyə Komitəsinin sədr müavini Aqybay Smaqulov insan kapitalının istənilən ölkə üçün mühüm sərvət olduğunu deyib. Yaradıldığı vaxtdan bəri MDB-nin təhsilə xüsusi fikir verdiyini deyən Aqybay Smaqulov bu sahədə tələbə mübadiləsini, imzalanmış sənədləri, qarşılıqlı diplomun tanınmasını diqqətə çatdırıb, inklüziv tədris sistemi təcrübəsini qeyd edib.
Çıxışlarda VI Bakı Beynəlxalq Humanitar Forumunun müasir cəmiyyətin aktual mövzularını müzakirə etmək baxımından çox gözəl məkan olduğu, tədbirin yüksək səviyyədə təşkil edildiyi vurğulanıb və bununla bağlı Azərbaycan hökumətinə dərin təşəkkür ifadə edilib.
* * *
Forumun ikinci plenar sessiyası “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi” mövzusuna həsr edilib.
Plenar sessiyanın moderatoru Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun prezidenti Aleksandr Dınkin Bakının artıq altıncı dəfədir ki, Beynəlxalq Humanitar Foruma uğurla ev sahibliyi etdiyini deyib. Forumun əhəmiyyətindən danışan natiq qeyd edib ki, bura müxtəlif mötəbər qurum və təşkilatların nümayəndələrinin toplaşdığı və qarşılıqlı fikir mübadiləsi apardığı əlverişli platformadır.
O deyib ki, innovasiya cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən həm yaradıcı iqtisadiyyat, həm də yaradıcı sənayelər üçün həlledici amildir. Yaradıcı iqtisadiyyat universal və çoxşaxəli, eləcə də çevik və asan tənzimlənə biləndir: “Düşünürəm ki, bugünkü müzakirəmiz bütün bu sadalananlar üzrə dünyada qazanılan uğurları özündə ehtiva edəcək”.
Foruma moderatorluq edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib ki, ötən əsrdə texnoloji innovasiyanın əsas qayəsi transformasiyaya məruz qalmışdı. Hazırda dünyanın ən böyük kapitallı şirkətləri rəqəmsal şirkətlərdir. Bu gün innovasiya əlaqələnmə, ötürülmə və hərəkət deməkdir. İnnovasiyalar nəqliyyat, energetika, təbabət və kommunikasiyalar sahəsində hərtərəfli inkişafa gətirib çıxarıb. Qarşıdakı illərdə isə bütün bu qazanılan nailiyyətlərin, əldə edilən nəticələrin bölüşdürülməsi və istifadəsini əhatə edəcək.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovasiyaların inkişafına dövlət dəstəyi göstərilir. Bu məqsədlə İnformasiya Kommunikasiya Texnologiyaları Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. Azərbaycanda innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqi, startapların təşviqi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir.
“Azərbaycan kosmosu fəth edən ölkələr sırasındadır. Son 5 ildə Azərbaycan orbitə 3 peyk buraxıb. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidə peykidir. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bundan başqa, strartaplar, developerlər, dizaynerlərin iştirakı ilə kreativ sənayenin inkişafı təmin edilir”, - deyə nazir müavini əlavə edib.
BMT-nin İnkişaf Proqramı Avropa və MDB üzrə Regional Bürosunun direktor müavini Rastislav Vrbenski deyib ki, texniki inqilab hazırda hər birimizin həyat tərzinə çevrilib: “Biz innovasiya və innovativ inkişafı diqqət mərkəzində saxlayırıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də bu sahəyə xüsusi yer ayrılıb. Biz ötən illərdə Monteneqroda İnnovasiya Həftəsi keçirmişik. Gələn ay isə İstanbulda İnnovasiya Günlərini təşkil edəcəyik. Burada əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları üzrə şirkətləri, mütəxəssisləri və ekspertləri bir araya toplamaq, yeni innovativ həllərdə birgə əməkdaşlığı təşviq etməkdir. Biz innovasiya laboratoriyasının qurulmasına dəstək olmuşuq, müxtəlif ölkələrdə innovativ layihələrin həyata keçirilməsində iştirak etmişik. Azərbaycanda da bu sahədə mühüm işlər görülür. Azərbaycanın öz brendi kimi təqdim etdiyi “ASAN xidmət” xüsusi əhəmiyyət kəsb edir”.
Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) nümayəndəsi Yevgeni Sesitski təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, müxtəlif ölkələrdə innovativ inkişafa dəstəyi barədə danışıb. Bildirib ki, bu sahədə ən vacib məsələ bütün innovativ layihə və proqramların mülkiyyət hüquqlarının qorunmasıdır. Ona görə də Dünya Əqli Mülkiyyət Təşkilatı bu sahədə reallaşdırılan layihələrin hüquqlarının qorunmasına xüsusi diqqət ayırır: “Əlbəttə ki, süni zəka layihələrinin də inkişafına diqqət artır. Bu layihələr hazırda bütün inkişaf etmiş ölkələrin maraq dairəsindədir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli rəqəmsal layihələrin həyata keçirilməsi sahəsində atılan addımlardan danışıb, hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndirilməsi sahəsində işlərin davam etdiyini deyib.
Azərbaycanın “ASAN xidmət” modelinin üstünlüklərindən və fəaliyyət mexanizmindən danışan A.Cəfərli bildirib ki, qurumun fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə üst-üstə düşür və 16 məqsəd üzrə həmahəngdir. Bildirib ki, “ASAN xidmət” mərkəzlərində də 10 dövlət qurumunun 300-dək xidməti göstərilir. Həmçinin sertifikatların verilməsi və elektron lisenziyalar üzrə portal da fəaliyyət göstərir. Elektron hökumət portalında 91 qurum 446 xidmət təklif edir. Bu vaxtadək portala 85 milyon ərizə qəbul olunub.
O deyib ki, “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Bir çox ölkələr Azərbaycanın “ASAN xidmət” modelini tətbiq etməkdə maraqlıdır.
Gürcüstan Blokçeyn Assosiasiyasının fəxri üzvü, A-Star Investment Fondunun təsisçisi Aleks Sudadze bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunda qlobal iqtisadiyyatın yeni tendensiyaları və rəqəmsal yeniliklərlə bağlı müzakirələrin aparılması xüsusi əhəmiyyət kəsb edir. O deyib ki, hazırda dünyada yeni trend - blokçeyn texnologiyaları inkişaf etdirilir. Qarşıdakı illərdə bütün inkişaf etmiş ölkələrdə blokçeyn texnologiyalarına maraq artacaq. Blokçeyn etibarlı və şəffaf prinsiplərə əsaslanır. Bir çox ölkələr dövlət xidmətlərini blokçeynlər vasitəsilə həyata keçirməyə maraq göstərir. Bundan başqa, kriptovalyutalar da hazırda innovativ yenilik sayılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) direktoru vəzifəsini icra edən Tural Kərimli isə YTP-nin fəaliyyəti barədə məlumat verərək gələcək planlardan danışıb. O, öz layihələrini inkişaf etdirmək istəyən startapçılar üçün müxtəlif proqramların təşkil edildiyini deyib.
Mədəniyyət və yaradıcılıq sənayeləri üzrə ekspert Teri Sandel deyib ki, Azərbaycanda müasir memarlıq nümunələrinə xüsusi diqqət yetirilir. Muzeylər, kinematoqrafiya və qeyri-mədəni maddi irsin qorunmasına, muğama xüsusi önəm verilir.
“Bu gün mədəniyyət yaradıcı iqtisadiyyatın əsas qollarından birinə çevrilir, dayanıqlı inkişafda aparıcı rol oynayır. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda mədəniyyət və yaradıcı iqtisadiyyata xüsusi diqqət ayrılır. Dövlət bu sahəyə yeni münasibətin formalaşmasında əsas rol oynayır”, - deyə Böyük Britaniyadan olan ekspert əlavə edib.
“Hybrid communications” şirkətinin direktoru Aşley Qudal və “Clarivate Analytics” şirkətinin marketinq üzrə baş direktoru xanım Culia Mair isə bildiriblər ki, innovasiyanın gəlirlərin əldə edilməsi və sərmayələrin cəlb edilməsi məqsədilə iqtisadi cəhətdən əsaslandırılması günün tələbidir. İnnovasiyalar gözlənilmədən meydana çıxır, dəyişir, transformasiyaya məruz qalır.
* * *
Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzusunda keçirilən işçi sessiyasına Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov moderatorluq edib.
İşçi sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək deyib ki, bu gün Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. Bu gün Azərbaycan multikulturalizmi dünyanın bir sıra aparıcı universitetlərində tədris olunur. Xarici universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin ildə iki dəfə ölkəmizə səfərləri təşkil edilir.
Qeyd edilib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Biz bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam və inkişaf etdirir. Dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Vurğulanıb ki, Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlərboyu bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda daxili sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifi, İslam mədəniyyətinin ümumbəşəri əhəmiyyətinə, dinimizin sülhsevər mahiyyətinə yüksək dəyər verən Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməklə olduqca müdrik qərarlar verib. Prezident İlham Əliyev Azərbaycanı bu ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atmış oldu. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyən Allahşükür Paşazadə deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğ etməklə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və himayəsi ölkəmizi bu istiqamətdə böyük nüfuz sahibi edib”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarixboyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. Hazırda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür.
Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib: “Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır”.
Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir: “Tarixi Azərbaycan torpaqlarının 20 faizinin monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına baxmayaraq, ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilir. Təkcə bu faktın özü Azərbaycan dövlətinin və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur. Azərbaycanda bütün konfessiyalar arasında mehribanlıq, qarşılıqlı anlayış və sıx əməkdaşlıq ölkəmizdəki tolerantlıq mühitinin bundan sonra da qorunub saxlanılmasının qarantıdır”.
Sessiyada Hindistanın “Art of Living” Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar, Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, UNESCO-nun xoşməramlı səfiri, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri, Vaşinqton Hüquq Assosiasiyasında məsləhətçisi Janna Skot ölkəmizdə multikulturalizmə verilən önəmi yüksək qiymətləndiriblər. Bildirilib ki, multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Moskva Dövlət Linqvistik Universitetinin rektoru İrina Krayevanın moderatorluğu ilə keçirilən sessiyanın ikinci hissəsində Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqus, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ nümayəndəliyinin müşaviri Adnan Xan, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətli nümayəndəsi, BBMM-in ABŞ nümayəndəliyinin müşaviri Hyepin İm, BBMM-in İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, Mərkəzin Drezden nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber və Rusiyanın siyasi analitiki Oleq Kuznetsov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Plenar və işçi sessiyalarda mövzularla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31