Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq humanitar əməkdaşlıq məkanıdır

Azərbaycan beynəlxalq humanitar əməkdaşlıq məkanıdır

27.10.2018 [10:16]

Prezident İlham Əliyev: Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Başqa sözlə, respublikamiz beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir
Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir.
Oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Qeyd edək ki, Forum çərçivəsində iki gün ərzində rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını müzakirə ediblər. VI Bakı Beynəlxalq Humanitar Forumunda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılması diqqətdə saxlanıb. Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir.
Hazırda humanitar məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallığa malikdir və Bakı Beynəlxalq Humanitar Forumu da bu məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı sözügedən çıxışı zamanı qeyd edib ki, humanitar məsələlərin müzakirəsi çox önəmlidir: “Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir”.
Bütövlükdə, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir. Bu kontekstdə “Bakı prosesi”nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib: “Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə biz Avropa nümayəndələrini dəvət etdik”.
Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlət olduğunu deyən Prezident İlham Əliyev əlavə edib: “Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək. Qeyd etdiyim kimi, “Bakı Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilmişdir ki, bütün bunların bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın”.
Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar
Ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin həyata keçirilməsi həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Ekspertlərin qənaəti budur ki, ölkəmizin sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.
Bir məqamı xüsusi olaraq vurğulamaq gərəkdir ki, hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Bu da Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan ölkə kimi tanınmasını şərtləndirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır”.
Bütövlükdə, tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması aşkar reallıqdır. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayıblar və bu gün də bu reallıq müşahidə edilir.
Ölkəmizdə multikulturalizm dövlət siyasətidir
Ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Qeyd etdiyimiz kimi, dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Buna paralel olaraq, ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına özünəməxsus töhfələr verir. Bütövlükdə, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır: “Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər”.
Ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bu məqamlara diqqət yetirərək “Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır”, - deyə qeyd edib.
Tolerantlıq mərkəzi və multikulturalizm diyarı kimi tanınan Azərbaycan həm də İslam həmrəyliyinə əvəzsiz töhfələr verir. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Eyni zamanda, Azərbaycan müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu dövlət kimi tanınır. Məhz bunun qanunauyğun nəticəsidir ki, respublikamız müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Bütövlükdə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü mühüm təşəbbüslər böyük əhəmiyyətə malikdir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da xüsusi olaraq qeyd edilməlidir. Bu, həm ölkəmizin daxili auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi bir çağırışdır. Əlbəttə, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi xarakter daşımayıb. Çünki bu gün ölkəmizdə İslam həmrəyliyi tam bərqərar olub. Dövlətimizin başçısının vurğuladığı kimi: “2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik”.
Azərbaycan heç vaxt işğalla barışmayacaq
Bütövlükdə, beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilən Azərbaycan beynəlxalq miqyasda humanitar əməkdaşlığa çox böyük önəm verir, bu istiqamətdə intensiv fəaliyyətini və qlobal əhəmiyyətli təşəbbüslərini davam etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “...Biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir”.
O da qeyd edilməlidir ki, Azərbaycan müstəqilliyinin ilk illərində böyük humanitar fəlakətlə üzləşib. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və işğal faktı hələ davam edir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan buna məhəl qoymur. Dövlətimizin başçısı sözügedən çıxışı zamanı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: “Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.
Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31