Milli Məclisin növbəti plenar iclası keçirilib
31.10.2018 [08:29]
Oktyabrın 30-da Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlik haqqında məlumat verdikdən sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub və bu il çərçivəsində respublikamızda böyük tədbirlər keçirilib: “Silahlı Qüvvələrimizin yaradılmasının və Bakının erməni-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə hərbi paradlar, eləcə də Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirildi”.
M.Quliyev bildirib ki, bu il, eyni zamanda, yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan Ermənistan Respublikasından son deportasiyasından 30 il ötür. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini deyən millət vəkilinin fikrincə, bu məsələ ilə bağlı parlamentdə dinləmələr keçirilməlidir.
“30 il bundan öncə 261 yaşayış məntəqəsindən 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə törədilən vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər. 30 ildir ki, həmin torpaqlarda azan səsi gəlmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsinin iştirakı ilə bu haqda dinləmələr keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmələrin keçirilməsi vacibdir. Biz bu deportasiyanı pisləyən bəyanat qəbul etməliyik”, - deyə M.Quliyev vurğulayıb.
Sonra gündəlikdəki məsələlər müzakirə edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Bildirilib ki, normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması və çevikliyin təmin edilməsi məqsədi ilə qanunun 29 maddəsində kiçik dəyişiklik edilib. Sənəd səsə qoyularaq qəbul olunub.
Sonra komitə sədri Əli Hüseynli “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədləri ikinci oxunuşa təqdim edib. Hər iki sənəd səsə qoyularaq təsdiqlənib.
“Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədi üçüncü oxunuşa təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədi ilə hazırlanıb. Bu Qanuna təklif olunan dəyişikliklər də səsə qoyularaq təsdiq edilib.
Əli Hüseynli üçüncü oxunuşda nəzərdən keçirilən Cinayət Məcəlləsində təklif olunan dəyişiklikləri də şərh edib.
Dəyişikliklərə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə dəyişikliyin edilməsi təklif olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini üçüncü oxunuşa təqdim edib. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Birgə Bəyanatını da təsdiq edib.
İclasda Mülki Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, “Avtomobil yolları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri də nəzərdən keçirilib. Bütün dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Əli Hüseynli ikinci oxunuşda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında mükəmməl qanunvericilik bazası var. Vəkillərin seçilməsi ilə bağlı vahid forma mövcuddur. Lakin nümayəndəliklər ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb. S.Novruzov bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı qanunlarda sadələşdirilmə aparılmalıdır. Onun sözlərinə görə, vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır. Onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər.
S.Novruzov həmçinin vəkillərin Milli Məclisdə qanunlara edilən dəyişikliklər haqqında məlumatlandırılmasının vacibliyini qeyd edib. Millət vəkili çıxışı zamanı vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqativ hallara görə səlahiyyətlərinə xitam verilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sonradan vəkil kimi fəaliyyətinə etirazını bildirib: “Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalara uyğun deyil. Düzdür, onlar imtahanla qəbul olunurlar. Lakin fəaliyyətində nöqsana görə işindən qovulanlar vəkillik fəaliyyəti ilə məşğul olmamalıdırlar. Eyni zamanda, insan hüquqlarını pozan bəzi şəxslər sonradan “hüquq müdafiəçiləri” olurlar. Həmin şəxslərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilməməli və heç bir maliyyə yardımı edilməməlidir. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərməklə məşğuldurlar”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında”, “Aviasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərə də baxılıb.
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən Əli Hüseynli hər üç məsələni ətraflı şərh edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Bildirib ki, 6 fəsil, 22 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formaları əks olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

