Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatı milli maraqların, dövlət mənafeyinin keşiyindədir

Azərbaycan mətbuatı milli maraqların, dövlət mənafeyinin keşiyindədir

13.11.2018 [09:25]

Arif Əliyev kimilər isə KİV-ləri ayrı-ayrı xarici qüvvələrin maraqlarına tabe etdirə və şəxsi qazanc mənbəyinə çevirə bilmədiklərinə görə narazıdırlar
Azərbaycan insan hüquq və azadlıqlarının, eləcə də söz azadlığının qorunması baxımından hər zaman nümunəvi ölkə kimi qiymətləndirilir. Ölkəmizdə azad sözün, azad mətbuatın inkişafına münbit şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycanda dövlətin göstərdiyi diqqət və qayğı sayəsində azad mətbuat, o cümlədən, internet media yüksək inkişaf yolu keçib. Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və mətbuatın inkişafında rolu olan digər qurumlar ölkəmizdə söz və mətbuat azadlığının qorunması ilə yanaşı, mediada peşəkarlığın artırılmasını, milli maraqların, dövlət mənafeyinin müdafiəsini hər zaman ümdə vəzifə sayır və fəaliyyətini bu istiqamətdə qurur.
Təəssüfləndirici haldır ki, bəzən özünü “mediaya yaxın” hesab edən, amma hər zaman şəxsi maraqlarından çıxış edən bəziləri yaradılan bu münbit şəraitdən sui-istifadə etməyə, qərəzli münasibət sərgiləməyə, ən əsası, mətbuatın inkişafına qara yaxmağa, şər-böhtan səsləndirməyə cəhd göstərirlər. Yeri gəlmişkən, bir neçə gün öncə “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də KİV-ə verdiyi müsahibədə mətbuatımızın milli maraqlara xidmət göstərməsindən, xalqın, dövlətin mənafeyini qorumasından “narahatlığını” ifadə edib. Azərbaycan cəmiyyətinə yaxşı “tanış” olan, ümumiyyətlə bir sıra xarici maraqlı fondların və təşkilatların qrantlarını “su kimi içən” Arif Əliyevin bu narahatlığını da anlamaq mümkündür. Mediamızın milli maraqlara xidmət göstərməsi “Soros” fondunun Azərbaycandakı sözçüsü kimi “şöhrət” tapmış Arif Əliyevi ona görə narahat edir ki, o və onun kimilər bundan şəxsi mənada qazanc əldə edə bilmirlər. Yəni Arif Əliyev kimilər KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirə və şəxsi qazanc mənbəyinə çevirə bilmədiklərinə görə narazıdırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Arif Əliyevin dedikləri ilə qətiyyən razılaşmaq olmaz: “Bu, onun subyektiv fikri ola bilər, amma söylədikləri obyektivlikdən uzaqdır. Bu gün Azərbaycanda kifayət qədər müstəqil media formalaşıb. Azərbaycan mediası dövlətin dəstəyi ilə əhatə olunub. Eləcə də medianın rolu və ictimai fikrə təsiri danılmaz bir faktdır. Ona görə də Azərbaycan mediası artıq bir model olaraq dünyaya təqdim olunur. Azərbaycanda həm elektron media qurumlarının, həm də çap mətbuatının inkişafı çox sürətlə gedir”.
Vüqar Rəhimzadə onu da bildirib ki, ölkəmizdə mətbuatın müasir texniki təchizatlarla təmin edilməsi, eləcə də jurnalist peşəkarlığının artırılması yönündə kifayət qədər uğurlu işlər aparılır. Baş redaktor vurğulayıb ki, ölkəmizdə media siyasəti düzgün şəkildə aparılır. Onun sözlərinə görə, Arif Əliyev kimilərinin fikirləri isə onların öz şəxsi təfəkkürləri, təxəyülləri ilə ortaya atdıqları məsələlərdir. Arif Əliyevin fikirlərinin tamamilə yanlış olduğunu söyləyən V.Rəhimzadə onu da vurğulayıb ki, bu gün Azərbaycanda həqiqi mənada peşəkar jurnalistlər və media orqanları fəaliyyət göstərir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də Azərbaycanda kifayət qədər uğurlu, tarixi, milli və maarifçilik ənənələrinə söykənən mətbuatın formalaşdığını bildirib. Baş redaktor deyib ki, müasir Azərbaycan mətbuatı həm də dövlətçilik maraqlarını qoruyur, onu müdafiə edir ki, bu da cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir: “Müstəqil və azad ölkə mediasının get-gedə daha güclü inkişaf yolunu tutması, söz və ifadə azadlığının tam şəkildə təmin edilməsi Arif Əliyev kimi şəxsləri nədənsə narahat etməyə başlayıb və görünür, bu şəxslərin işlədikləri müəyyən xarici dairələr həmin gerçəkliyin qarşısının alınması üçün onlara növbəti sifarişlərini veriblər. Ümumiyyətlə, Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən, onu anlamayan ünsürlərdir. Onlar müstəqil, azad və demokratik dəyərlərə söykənən Azərbaycan mətbuatının inkişaf etməsini istəmirlər. Çünki milli mətbuatımız bütün hallarda qeyd etdiyim meyarlara sadiq olmaqla yanaşı, həm də dövlətçilik maraqlarını müdafiə edir, edəcək də. Hesab edirəm ki, belə fərdlər bir sıra anti-Azərbaycan dairələrin, donor təşkilatların qarşısında müəyyən qrantlar, maddi gəlirlər güdənlərdir. Belələri zaman-zaman ortalığa çıxıb, sözün əsl mənasında, ürəkbulandırıcılıqla məşğul olurlar. Elə də uzağa getməyək, saxta, qondarma bir qurum - “Media Klubu” deyilən və əslində, media reketlərinin, “baş redaktor” adı altında şantaj və böhtançıların toplaşdığı uğursuz dərnəyin bir müddət öncəki bənzər hay-küylərini xatırlaya bilərik. Məhz həmin vaxtda da onlar bu kimi çıxışlar edərək, əslində, öz iç üzlərini ifşa etmişdilər”.
Baş redaktor bildirib ki, Soros Fondu, yaxud bənzər qərəzli təşkilatların himayəsi altında var-gəl edən bu cür tiplərin cəhdləri boşa çıxacaq. Həm Azərbaycan cəmiyyəti, həm də möhkəm tarixi təməllərə, ənənələrə söykənən milli mətbuatımız Arif Əliyevin timsalında çıxış edən uğursuzların yersiz, mənasız, ümumiyyətlə, faktlara, sübutlara söykənməyən boş fikirlərini ciddiyə almayaraq, davamlı inkişaf və dövlətçilik yolunu tutmaqla öz uğurlu fəaliyyətini davam etdirəcəkdir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımların atıldığını dilə gətirib. Onun sözlərinə görə, ölkəmizdə uğurlu media siyasəti həyata keçirilir. Bir sıra xarici fondlardan maliyyələşənlər isə öz maraqları kontekstində danışırlar: “Mətbuat olduqca böyük qüvvədir. Bu baxımdan, medianın milli maraqları, dövlətin mənafeyini qoruması vacib şərtdir. Bu gün ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əksəriyyəti bütün məsələlərdə milli maraqları əsas götürür. Bu isə, təbii ki, başqa maraqlara xidmət göstərənlərə sərf etmir. Bu səbəbdən də Arif Əliyev yenidən böhtan dili ilə danışmağa cəhd göstərir”.
Baş redaktor qeyd edib ki, ölkəmizin media siyasətinə qara yaxmağa çalışanlar, əslində, öz kimliklərini büruzə vermiş olurlar. Onlar bu addımla bir daha hansı mənbələrdən maliyyələşdiklərini, hansı məqsədlərə xidmət göstərdiklərini ortaya qoyurlar: “Arif Əliyev dərk edir ki, artıq cəmiyyəti aldada bilmir. Digər tərəfdən, bu cür uğursuz insanlara xarici fondlar da maliyyə ayırmırlar. Çünki ayrılan pullar havaya sovrulub. Ortada faktlar mövcuddur və Arif Əliyev kimiləri də öz uğursuzluqlarını ört-basdır etmək üçün ara-sıra belə qarayaxma kampaniyalarına əl atırlar. Onun fikirləri qərəzlidir. Hazırda ölkəmizdə media siyasəti milli maraqlara əsaslanır və onu həyata keçirən insanlar da öz fəaliyyətini bu istiqamətdə qururlar”.
Elçin Mirzəbəyli onu da bildirib ki, Arif Əliyev və bu kimi şər-böhtan kampaniyası aparmağa çalışanların əsas “narazılığı” onların mətbuatı şəxsi qazanc mənbəyinə çevirə bilməmələridir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31