Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi beynəlxalq səviyyədə müsbət dəyərləndirilib

Pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi beynəlxalq səviyyədə müsbət dəyərləndirilib

07.12.2018 [10:11]

Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində qəbul olunmuş qərarda ölkəmizdə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib və institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb
Azərbaycanın milli iqtisadiyyatın sağlam əsaslarla inkişaf etdirilməsini hədəfləyən, o cümlədən inhisarçılığa, korrupsiyaya, kölgə iqtisadiyyatına, qeyri-leqal məşğulluğa qarşı həyata keçirdiyi mübarizə tədbirləri beynəlxalq miqyasda yüksək dəyərləndirilir və ölkəmizə olan inamı artırır. Təsadüfi deyil ki, son vaxtlarda respublikamız nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında bir qayda olaraq korrupsiyaya qarşı səmərəli mübarizə platformalarına malik ölkələr sırasında yer alır. Bu günlərdə isə Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirib.
Maliyyə Monitorinqi Xidmətindən bildiriblər ki, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib.
Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.
Bununla da, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.
Dünyada respublikamıza inamın artması, o cümlədən də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sisteminin beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Məlumdur ki, son illərdə Azərbaycanda ölkənin potensialı və qlobal çağırışlar əsas götürülməklə ardıcıl şəkildə həyata keçirilən islahatların böyük bir qismi bütün sahələrdə şəffaflığın təmin edilməsinə, korrupsiya və digər bu kimi hüquqpozma hallarının qarşısının alınmasına hədəflənib. Respublikamızda inhisarçılığın, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dövlət səviyyəsində güclü siyasi iradə göstərilir, həmçinin cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı ciddi mübarizə tədbirləri görülür. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Dövlətin güclü siyasi iradəsi ilə tamamlanan sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olunub, o cümlədən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Bəhs olunan fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyinin artırılmasında, şəffaflığın və vətəndaşlara göstərilən xidmətlərin inklüzivliyinin təmin olunmasında dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzlərinin rolunu isə ayrıca qeyd etmək lazımdır.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkəmiz dövlət başçısının “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilən strateji kursa uyğun olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə imza atıb, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub. Eyni zamanda, son illərdə respublikamız Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərə və konfranslara uğurla ev sahibliyi edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31