Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür

Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür

26.01.2019 [10:39]

Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
İnkaredilməz reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Azərbaycan dünyada böyük etimad qazanan ölkədir
Bunlarla yanaşı, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Digər tərəfdən, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda region ölkələri ilə, eləcə də işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm daşıyır. Buna paralel olaraq qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyəti ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Çinin CGTN televiziyasına müsahibəsində bu məqamlara toxunaraq deyib: “Düşünürəm ki, ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadiq olmuşuq. Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.
Azərbaycanın praqmatik xarici siyasəti səmərəli daxili siyasətin davamıdır
Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də, ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi və iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin səmərəli və praqmatik xarici siyasət həyata keçirməsi strateji zərurət kimi çıxış edir. Azərbaycan məhz səmərəli xarici siyasət həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirən, eləcə də regional sabitlik, təhlükəsizlik və əməkdaşlığa strateji töhfələr verən ölkələrdəndir. Məhz bu səmərəli və məqsədyönlü strateji kurs ölkəmizin daxili vəziyyətinə də müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi və özünəməxsus inkişaf modelinə malik olan - dinamik inkişaf edən ölkə olaraq tanınır. Ekspertlərin də qeyd etdikləri kimi, səmərəli daxili və xarici siyasət bu bariz reallığı şərtləndirir. Yəni ayrı-ayrı regionlarda ciddi siyasi kataklizmlərin, dağıdıcılıq meyillərinin, böhran və tənəzzül hallarının mövcud olmasına, hətta şiddətlənməsinə baxmayaraq, Azərbaycan sabitlik adası kimi inamlı inkişafını davam etdirir, tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edir. Digər tərəfdən, ölkəmizin milli mənafeyinə əsaslanan müstəqil strateji kurs həyata keçirməsi Azərbaycanın ən mühüm üstünlüklərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət Azərbaycanın beynəlxalq müstəvidə öz maraqlarını qətiyyətlə müdafiə etməsini təmin edir, prinsipial, ardıcıl və düşünülmüş strateji kurs respublikamızın nüfuzunun daha da artmasını şərtləndirir. Bütün bunlar isə, nəticə etibarilə, dövlətimizin qüdrətinin daha da artmasında öz əksini tapır.
Qeyd etdiyimiz kimi, Azərbaycanda dinamik inkişafın və sarsılmaz ictimai-siyasi sabitliyin mövcudluğunu şərtləndirən çox mühüm amillərdən biri həyata keçirilən səmərəli, milli maraqlara əsaslanan xarici siyasət kursudur. Bəllidir ki, dinamik inkişafa malik olan Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında yer alır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin və müşahidə edilən davamlı inkişafın əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Şübhəsiz ki, respublikamızın timsalında səmərəli daxili və xarici siyasət, ölkə daxilində mövcud olan etibarlı təhlükəsizlik və sabitlik mühiti, o cümlədən müsbət beynəlxalq imic Azərbaycana olan etimadın daha da artmasını şərtləndirir. Təsadüfi deyil ki, qlobal əhəmiyyətli mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilir və bu, Azərbaycana olan yüksək səviyyəli pozitiv münasibətin əyani ifadəsidir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolunu xarakterizə edən ekspertlər, analitik mərkəzlər ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdiyini də diqqətə çatdırırlar. Ölkəmiz yeni geosiyasi şəraitdə sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Başqa sözlə, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz Azərbaycanda keçirilir. Bu və digər faktlar öz növbəsində Azərbaycanın yüksək nüfuzunu əks etdirir.
Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarazlaşdırılmış, çoxvektorlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib. Reallıq budur ki, regional güc mərkəzi olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Başqa sözlə, respublikamız tərəfdaş ölkələrlə münasibətlərini müvəffəqiyyətlə davam etdirir ki, bu həm də regional və qlobal əməkdaşlıq, təhlükəsizlik kontekstində müstəsna əhəmiyyətə malikdir. Bütövlükdə, bəhs olunan reallıqlar Azərbaycanın müstəqil siyasətinin ölkəmizin milli maraqlarına əsaslandığını göstərir. Eyni zamanda, bu strateji kurs respublikamızın inkişafına, beynəlxalq müstəvidə davamlı nailiyyətlər əldə etməsinə xidmət edir, ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyev bəhs olunan müsahibəsi zamanı bildirib: “Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.
“Mən aparıcı ölkələri, aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən edən ölkələri, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyasət yürüdən ölkələri nəzərdə tuturam. Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şübhəsiz ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanla əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Bu kontekstdə ekspertlər bir sıra mühüm məqamları diqqətə çatdırırlar. Əvvəla qeyd edilir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Ekspertlərin vurğuladıqları digər mühüm məqam odur ki, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun davamlı olaraq artması, praqmatik xarici siyasət həyata keçirməsi və digər amillər dünya dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən mühüm strateji faktorlar sırasında yer alır.
Nəticə etibarilə, həyata keçirilən səmərəli xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, bu isə respublikamızın ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafını şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31