Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim

Prezident İlham Əliyev: Həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim

12.03.2019 [10:06]

Azərbaycanın dövlət başçısı zəlzələ baş verən bölgələrə səfərlər etməklə, tikinti, təmir-bərpa işlərini şəxsi nəzarətdə saxlamaqla növbəti dəfə verilən sözə əməl etməyin nümunəsini göstərdi
Xəbər verildiyi kimi, cari il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilir. Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır. Elə bu günlərdə Prezident İlham Əliyev yuxarıda bəhs edilən Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Ağsu və Şamaxı rayonlarına səfərə gəlib. Dövlət başçısı həm Ağsuda, həm də Şamaxıda ayrı-ayrı ünvanlarda görülən işlərlə tanış olub, sakinlərlə görüşlər keçirib və Özünün dəyərli tövsiyələrini verib.
Azərbaycan Prezidenti Öz işini, vəzifəsini xalqa xidmət etməkdə görür
Azərbaycanın məlum bölgələrində zəlzələlər baş verdiyi tarixdən cəmi bir aydan artıq vaxt ötməsinə baxmayaraq, Prezident İlham Əliyev artıq iki dəfə təbii fəlakət zonasına gedib. Azərbaycanın dövlət başçısının bəhs olunan son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Eyni zamanda, dövlət başçısı Özünün və komandasının əsas vəzifəsini də xalqa xidmət etməkdə görür. Prezident İlham Əliyev Ağsu şəhərində rayon sakinləri ilə görüşdə bunu bir daha xatırladıb. “Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.
Son 15 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2018-ci ildə regionlara 24 səfər edib, bölgələrdə yerli sakinlərlə çoxsaylı görüşlər keçirib, onlarca müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılışında iştirak edib.
Azərbaycanda insanlarda yüksək vətəndaş məmnunluğu yaradan gözəl ənənə formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda dövlət həmişə öz vətəndaşının yanında olur, onun üzləşdiyi problemlərin aradan qaldırılmasına lazımi dəstək göstərir. Bu da, təbii ki, vətəndaşlarda güclü Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə böyük inam yaradır.
Biz bu vəhdəti cari il fevralın əvvəlində Ağsuda, İsmayıllıda və Şamaxıda baş verən zəlzələlərdən sonra da əyani şəkildə izləyirik. Azərbaycanın dövlət başçısı zəlzələ baş verən bölgələrə səfərlər etməklə, tikinti, təmir-bərpa işlərini şəxsi nəzarətdə saxlamaqla növbəti dəfə verilən sözə əməl etməyin nümunəsini göstərir. Baş verən zəlzələlər heç bir halda təbii fəlakətin acı fəsadlarını özlərinin şəxsi həyatlarında yaşayan insanları sarsıtmayıb. Çünki çətin günlərdə Azərbaycan dövləti xalqın yanında olduğunu nümayiş etdirib. Ələlxüsus da Prezident İlham Əliyevin təbii fəlakətin ertəsi günü zəlzələlərdən ziyan çəkən bölgələrə səfərə gəlməsi insanlarda sabaha böyük inam yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Ağsuya, Şamaxıya son səfərləri çərçivəsində keçirilən görüşlərdə insanlar çətin günlərdə onlara dayaq duran Azərbaycan hökumətinə, şəxsən dövlət başçısına özlərinin dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşlərdə müxtəlif sosial təbəqələri əhatə edən insanların dövlət başçısına xitabən “Biz Sizi gözləyirdik, cənab Prezident” demələri olduqca təsirli və ibrətamiz məqamdır. Bu, onu göstərir ki, Azərbaycan iqtidarı, Prezident İlham Əliyev məqsədyönlü fəaliyyət sayəsində cəmiyyətin böyük etimadını qazanıb. Çətinə düşən insanlar heç kimdən yox, məhz öz dövlətindən və inandığı, ümid bəslədiyi Prezidentindən umur, kömək gözləyir. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsi də məhz bu amildir - iqtidar-xalq həmrəyliyidir. Heç bir güc, kənar təsir bu sarsılmaz vəhdəti pozmaq və yaxud ona hansısa bir formada xələl gətirmək iqtidarında deyil.
Zəlzələ baş verən bölgələrdə çoxlu sayda yeni evlər tikiləcək
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir. Belə ki, ölkəmizdə dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Təbii fəlakət baş verən bölgələrdə əhalinin zəlzələnin ziyan vurduğu əmlakının, həmçinin infrastruktur obyektlərinin dövlət vəsaiti hesabına təmir-bərpa olunması və yaxud yenidən tikilməsi deyilənlərə növbəti nümunədir. Qeyd edək ki, dünyada əhalinin zəlzələdən ziyan çəkən əmlakının dövlət vəsaiti hesabına bərpa olunması praktikası yoxdur - ayrı-ayrı ölkələrdə bu işlə sığorta şirkətləri məşğul olurlar. Vətəndaşlar təbii fəlakət zamanı əmlaklarına dəyən ziyanı bərpa etməkdən ötrü get-gələ düşürlər, bir sıra hallarda illərlə vaxt sərf etmək məcburiyyətində qalırlar. Güclü dövlət olan müstəqil Azərbaycanda isə indiyədək baş verən bütün təbii fəlakətlərin nəticələri sırf dövlət vəsaiti hesabına aradan qaldırılıb. Bu dəfə də belə oldu. Fevralın 5-də və 6-da baş verən zəlzələlərdən dərhal sonra dövlətimizin başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalayıb. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanılıb. Zəlzələlər baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dərhal bölgəyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub. Ümumiyyətlə, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak ediblər. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri zəlzələdən dərhal sonra təbii fəlakətdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib. İndiyədək təbii fəlakət zonasında ziyan çəkmiş bütün evlərə baxış keçirilib və müvafiq dəyərləndirmələr aparılıb. Cari il martın 7-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalayıb. Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11,0 (on bir) milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5,0 (beş) milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılıb. Prezident İlham Əliyev vətəndaşlara təskinlik verərək deyib: “Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim”.
Ötən bir ay ərzində təbii fəlakət bölgəsində görülən işlərin miqyası kifayət qədər böyükdür. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Hazırda ayrı-ayrı ünvanlarda zərər çəkmiş fərdi evlərin təmiri və yaxud yeni binaların tikintisi davam etdirilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun məlumatına əsasən, indiyədək Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Təbii fəlakət nəticəsində Ağsuda 1022, İsmayıllıda 354 evin təmirinə ehtiyac yaranıb. Zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda ümumilikdə 1111 evin bərpasına və gücləndirilməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə 1800 evin təmirinə ehtiyac var. Bütövlükdə, indiyədək sözügedən rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və yaxud sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Yeni tikilən evlərin sahəsi əvvəlkilərdən böyükdür. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılmasına da söz ola bilməz. Təzə evlər 9 bal gücündə zəlzələyə hesablanıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev həm Ağsuda, həm də Şamaxıda bir neçə ünvanda tikinti işlərinin gedişi ilə şəxsən tanış olub. Ağsuda Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün yeni ev inşa edilir. Tamam dağılmış evin yerində tikilən 131 kvadratmetrlik yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq və bütün işlər ən uzağı bir ay ərzində tamamlanacaq.
Prezident İlham Əliyev hələ fevralın əvvəlində Şamaxı rayonuna səfəri çərçivəsində Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkmişdi. Təbii fəlakət nəticəsində ikimərtəbəli, beşotaqlı evin iki otağı tamamilə dağılmışdı və ev qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya növbəti səfərləri zamanı yenə həmin ünvana baş çəkiblər. Aradan az vaxt ötməsinə baxmayaraq, Rasim Həsənovun ailəsi üçün yeni evin tikintisi tamam başa çatıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa olunan evin sakinləri, o cümlədən də Saray nənə ilə səmimi söhbət ediblər. Saray nənə və ailənin digər üzvləri göstərilən qayğıya görə dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Söhbət zamanı Azərbaycan dövlətinin həmişə öz vətəndaşlarının yanında olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək”.
Azərbaycanın dövlət başçısı vətəndaşları narahat edən bütün məsələlərə böyük həssaslıqla yanaşır
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev təbii fəlakət baş verən bölgələrə səfərləri çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlərə, söhbətlərə qatılıb. Bu görüşlərdə sakinlər özlərinin problemlərini dilə gətiriblər. Öz növbəsində Azərbaycanın dövlət başçısı vətəndaşları narahat edən bütün məsələlərə böyük həssaslıqla yanaşıb. Məsələn, Ağsu sakini Həcər Zamanova 29 yaşlı nəvəsi Muradın gözünün müalicəsinə kömək üçün dövlət başçısına müraciət edib. Murad Zamanovun atası da, anası da rəhmətə gedib. Onu nənəsi saxlayıb. İndi onun gözünün biri tamam tutulub. Digər gözdə isə cəmi 3 faiz görmə qalıb. Həkimlər bildiriblər ki, Murada donor göz lazımdır. Ailənin isə donor göz almağa maddi imkanı yoxdur. Prezident İlham Əliyev Həcər Zamanovanın xahişinə çox həssaslıqla yanaşıb və onun xahişi ilə bağlı Heydər Əliyev Fonduna lazımi tapşırıqlar verdiyini nəzərə çatdırıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin həm Ağsuda, həm də Şamaxıda keçirdiyi görüşlər maraqlı anlarla yadda qalıb. Görüşlərdə son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizin ünvanına zəfərlər yazdıran dövlət başçımıza böyük inamlarını, xoş münasibətlərini ifadə edən sakinlər Ona çoxsaylı məktublar veriblər. Prezident İlham Əliyev əhalinin müxtəlif təbəqələrinin Ona ünvanladıqları məktubları əlbəəl qəbul edib. Dövlət başçısı məktubların hamısına baxılacağını bildirərək deyib: “Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq”.
Prezident İlham Əliyevin təbii fəlakət baş verən bölgələrə səfərlərini, keçirdiyi çoxsaylı görüşləri bir sıra nöqteyi-nəzərdən dəyərləndirmək mümkündür. Səfər zamanı diqqəti çəkən əsas məqam isə dövlət başçısının ictimaiyyətin nümayəndələri ilə görüşlərdəki açıq-aydın hiss olunan səmimiyyəti, sakinlərin qaldırdıqları məsələlərə olduqca həssas yanaşması, eləcə də insanların Prezident İlham Əliyevə öz doğmaları, yaxınları kimi isti münasibət bəsləmələri oldu.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31