Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anti-azərbaycançı qüvvələrlə işbirliyində olan təxribatçı Vidadi İsgəndərlinin xalqımıza qarşı növbəti xəyanəti...

Anti-azərbaycançı qüvvələrlə işbirliyində olan təxribatçı Vidadi İsgəndərlinin xalqımıza qarşı növbəti xəyanəti...

14.03.2019 [09:40]

Robert Koçaryanın yaxın qohumu Sergey Akopyan və erməni vəkil Araz Mirzəbekyandan təlimat aldığını etiraf edən V.İsgəndərli Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır
Müstəqil Azərbaycan dövlətinin son illərdə qazandığı mühüm nailiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlarda aşkar üstünlük əldə etməsi, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, mühüm beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünə və ədalətli mövqeyinə dəstək ifadə etməsi ermənipərəst dairələrin və onların himayəsində olan anti-Azərbaycan şəbəkənin narahatlığına səbəb olub. Bunun nəticəsidir ki, erməni lobbisinin sifarişlərini yerinə yetirən və onlara xidmət edən antimilli satqın qrup Azərbaycana qarşı “qara piar” kampaniyasında yenidən fəallaşmağa cəhd edir. Bu xəyanətkar qrup açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir, erməni ideoloqlarının uydurma tezislərinə istinad edərək ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu şəbəkənin üzvü, xaricdə məskunlaşaraq Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı aparılan çirkin kampaniyaların aktiv iştirakçılarından olan Vidadi İsgəndərlinin bu günlərdə səsləndirdiyi və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa xidmət edən absurd fikirləri də dediklərimizi sübuta yetirir.
Qeyd edək ki, məsələ ilə bağlı Rusiyanın “Novıe İzvestiya” portalında geniş məqalə dərc edilib. Məqalədə bildirilir ki, V.İsgəndərlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməniləri müdafiə edən “taftalogiyası”nın tezisləri heç də onun öz beyninin məhsulu deyil. Belə ki, bu şəxs sosial şəbəkələrdə paylaşdığı fikirlərində həmin “tezisin müəllifləri”nin də adlarını çəkir. Məsələnin ən maraqlı nüansı isə odur ki, hər iki müəllif məhz ermənidir. Onlardan biri Ermənistanın eks-prezidenti Robert Koçaryanın yaxın qohumu Sergey Akopyan, digəri isə hazırda Moskva vilayətinin “Mıtişinski” vəkillər bürosunun rəhbəri Araz Mirzəbekyandır. Belə ki, adıçəkilən hər üç şəxs - həm V.İsgəndərli, həm S.Akopyan, həm də A.Mirzəbekyan eyni ali məktəbin - Xarkov Hüquq İnstitutunun 1988-ci il məzunlarıdır. Yəni onlar eyni qrupda oxuyan tələbə yoldaşları olublar, hətta eyni tələbə yataqxanasında yaşayıblar. Sonradan bu “tələbə yoldaşları”nın yolları ayrılsa da, V.İsgəndərli öz “dostları” ilə hər zaman əlaqə saxladığını etiraf edib. O, bildirib ki, “erməni dostları” ilə hər zaman həssas mövzuları müzakirə ediblər. Hər halda, bu müzakirələrin hansı istiqamətdə aparıldığını təsəvvür etmək elə də çətin deyil. V.İsgəndərlinin Azərbaycan xalqına qarşı satqın mövqedə dayanması onun erməni tələbə yoldaşlarının qulluğunda sədaqətlə dayandığını göstərir. Elə V.İsgəndərli özü də qeyd edir ki, məhz erməni qrup yoldaşları onun “gözlərini açıblar”.
Əlbəttə, Vidadi İsgəndərlinin gözlərinin hansı şəraitdə və kimlər tərəfindən necə açılması bizim üçün maraqlı deyil, heç bu yazının da mövzusu deyil. Burada hiddət doğuran onun Dağlıq Qarabağ münaqişəsində guya ermənilərin heç bir günahının olmaması haqqında həyasızcasına səsləndirdiyi fikirləridir. Bütün dünyanın işğalçı dövlət kimi tanıdığı Ermənistanı “günahsız” adlandırmaq ən yumşaq tərzdə desək, riyakarlıqdır, özünü azərbaycanlı adlandıran biri üçün isə bu, milli xəyanətdir.
Məqalədə o da bildirilir ki, V.İsgəndərlinin bu cür xəyanətkar mövqedə dayanmasında Qərbdə yaşayan erməni lobbisinin də təsiri mütləq şəkildə var. Daha doğrusu, V.İsgəndərlinin Avropada “məskunlaşması” və “erməni dostları”nın təsiri onun belə bir fikrə gəlməsində, lazımi “tezisləri” və maddi dəstəyi (qrantları) əldə etməsində “kömək göstərib”. Ermənilərin və erməni lobbisinin bu “səxavət”inə qarşılıq isə V.İsgəndərli ona verilən tezisləri canla-başla ictimai rəyə sırımağa çalışır. Təbii ki, məqalədə də vurğulandığı kimi, V.İsgəndərlinin bu cəhdləri heç bir effekt verməyəcək və onun aparmağa çalışdığı təbliğatın kütləvi təsir yarada bilməsi, azərbaycanlıların absurd iddialara inanma ehtimalı yoxdur. Ermənilər və onların buyruq qulu olan V.İsgəndərlinin məqsədi sadəcə olaraq ölkəmizdə gənc nəslin yanlış məlumatlandırılması və ictimai fikrin manipulyasiyaya məruz qoyulmasıdır.
Beləliklə, bu fakt bir daha göstərir ki, V.İsgəndərlinin timsalında ermənipərəst şəbəkə birmənalı şəkildə düşmən ölkənin təbliğat tezisləri əsasında “işləyir”. Amma ölkəsinə, xalqına, dövlətinə xor baxanların, düşmənin ocağının istisinə qızınanların son nəticədə hansı aqibətə düçar olduğu haqda tarixdə çoxsaylı nümunələr mövcuddur. Vidadi İsgəndərli kimi xəyanətkarların aqibətləri də fərqli olmayacaq...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31