Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya start veriblər

Anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya start veriblər

14.05.2019 [09:32]

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar beynəlxalq ictimaiyyətdə UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar
Məlum olduğu kimi, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu dəfə qarayaxma kampaniyasının başlanmasına əsas bəhanə isə mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsidir. Belə ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.
Təbii ki, bu cür qərəzli mövqe, ölkəmizə qarşı aparılan növbəti çirkin kampaniya Azərbaycan ictimaiyyəti tərəfindən haqlı etirazla qarşılanır. Məsələn AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Azərbaycan uğurla inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr bundan ciddi narahat olur və öz çirkin kampaniyalarını işə salırlar. Onun sözlərinə görə, adətən belə kampaniyalar irimiqyaslı beynəlxalq idman yarışları, həmçinin humanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində aparılır: “Növbəti belə bir çirkin kampaniya isə mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb. Bu qüvvələrin məqsədi növbəti şər-böhtan kampaniyası aparmaqla Azərbaycanı gözdən salmaq, onun nüfuzuna xələl gətirməkdir”.
Millət vəkili deyib ki, Bakıda UEFA Avropa Liqasının İngiltərənin iki komandasının iştirakı ilə keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və çox təəccüb doğurur: “Bakı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir. Bakı hazırda dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Azərbaycan həm regionda, həm də dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Ölkəmiz bu vaxta kimi çoxlu sayda irimiqyaslı mötəbər idman yarışlarına ev sahibliyi edib və bundan sonra da edəcək. Bu mənada Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları, UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə “Qarabağ” - “Çelsi” futbol oyununu yada salmaq kifayətdir. Bu tədbirlərə qatılmaq üçün xeyli sayda xarici ölkədən minlərlə idmançı, on minlərlə tamaşaçı rahat şəkildə ölkəmizə səfər etmiş və yüksək səviyyədə təşkil olunan yarışları izləmişdilər. Bu idman yarışlarını izləmək üçün, müxtəlif beynəlxalq təbirlərdə iştirak etmək üçün ölkəmizə gələn çoxsaylı xarici ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin yüksək səviyyədə təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və belə irimiqyaslı tədbirlərin təşkilatçılıq səviyyəsindən çox razı qalıblar”.
R.Əliyevin sözlərinə görə, Azərbaycan eyni zamanda turizmin sürətlə inkişaf etdiyi bir ölkədir. Belə ki, ildən-ilə ölkəmizə gələn xarici vətəndaşların sayı durmadan artır. “Ölkəmizin malik olduğu coğrafi mövqeyi, onun tarixi, milli adət-ənənələrimiz, mədəniyyətimiz və digər cəlbedici xüsusiyyətləri ilə yanaşı, Azərbaycanda mövcud olan əmin-amanlıq, təhlükəsizlik mühiti xaricdən gələn turistləri cəlb edən ən vacib amillərdən biridir. Azərbaycan dövləti tərəfindən, AFFA-nın təşkilatçılığı ilə mayın 29-da UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri həyata keçirilib. İnanıram ki, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu çox yüksək səviyyədə təşkil olunacaq və yaddaşlarda uzun müddət qalacaq”, - deyə R.Əliyev vurğulayıb.
“UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində anti-Azərbaycan qüvvələrin növbəti dəfə fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlaması təsadüfi deyil. Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsi, dünyada söz və nüfuz sahibinə çevrilməsi istiqamətində yürütdüyü müstəqil siyasət bəzi qüvvələrin narahatlığını artırır. Həmin qüvvələr ölkəmizin dünyada nüfuzunun artmasından, onun dünyada ən mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilməsindən daha çox narahat olmağa başlayır və hər vəchlə buna mane olmağa çalışırlar. UEFA Avropa Liqasının final oyunu kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırılması yönündə aparılan məkrli kampaniya da məhz bu qara niyyətli qüvvələrin növbəti addımıdır. Ölkəmizə qarşı idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi məhz bu amillərlə bağlıdır”. Bu fikirləri isə Olimpiya çempionu Zemfira Meftaxətdinova deyib. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın həm də güclü idman dövləti kimi tanındığını bildirən Zemfira Meftaxətdinova ölkəmizdə nüfuzlu idman tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan irimiqyaslı turnirlərin keçirilməsində zəngin təcrübəyə malikdir: “Ölkəmiz əvvəlki dövrdə də sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi və digər mühüm tədbir və yarışlar ərəfəsində də ölkəmiz qarayaxma kampaniyalarının hədəfi olub. Hazırda irəli sürülən iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi daşıyır. Azərbaycanın sülhsevər ölkə, xalqımızın qədirbilən və qonaqpərvər olmasını ölkəmizə gələn qonaqlar dəfələrlə etiraf ediblər. Əvvəllər də yarışlar zamanı erməni idmançılar Azərbaycana gəliblər. Hətta dövlətimizin başçısı erməni idmançılara mükafatları şəxsən təqdim edib. Bu yarışlar zamanı Ermənistan və digər ölkələrin idmançılarına qarşı heç bir insident, xoşagəlməz hadisə baş verməyib. “Arsenal” klubunun futbolçusu erməni əsilli Henrix Mxitaryanın da Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. İdman təkcə yarışların təşkili deyil, həm də xalqlar, dövlətlər arasında sülh, dostluq və həmrəyliyin yaradılması üçün gözəl vasitədir. Əminik ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu da xalqların dostluq və qardaşlıq bayramına çevriləcək”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31