Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib

19.06.2019 [09:52]

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Zirvə toplantısında iştirak edib
İyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Zirvə toplantısında iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Prezident Emoməli Rəhmon Zirvə toplantısını açaraq nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb. Dövlət başçısı terrorizm, ekstremizm kimi bəlaların regionda təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu təhdidlər region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Prezident regionda ümumi maraqların təmini naminə nəqliyyat infrastrukturu layihələrinin genişləndirilməsinin önəmini bildirib.
Bundan əvvəl quruma sədrlik edən Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edərək Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsinin ümumi məqsəd olduğunu bildirib. O, bütün sahələrdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Regionda mövcud olan tolerantlığın qorunmasının vacibliyini vurğulayan Si Cinpin Asiyada əməkdaşlığın inkişafına maneə törədən təhdidlərdən bəhs edib.
Zirvə toplantısında çıxış edən Baş Nazir Novruz Məmmədov tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident Emoməli Rəhmona təşəkkürünü bildirib, Tacikistan Respublikasının quruma sədrliyinin Asiya regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Baş Nazir Novruz Məmmədov qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və əməkdaşlıq platformasıdır. “Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır”, - deyə Novruz Məmmədov bildirib.
Ermənistanın 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Baş Nazir bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb. Bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.
Novruz Məmmədov deyib ki, Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolu ilə irəliləyən müasir dövlətdir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələrin geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını vurğulayan Baş Nazir deyib: “Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir”.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan Baş Nazir bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatının yaratdığı çoxtərəfli platformadan istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələr arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Digər dövlət və hökumət başçıları da çıxışlarında Asiya regionunda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq, daxili işlərə qarışmamaq prinsipləri əsasında əməkdaşlığın qurulmasının önəmini qeyd ediblər, mövcud münaqişələrin regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayıblar. Regionun sabitliyinin təmini üçün, ilk növbədə, bu münaqişələrin nizamlanmasının vacibliyi bildirilib.
Həmçinin çıxışlarda narkotik qaçaqmalçılığının, nüvə silahının yayılmasının qarşısının alınmasının, terror qruplaşmalarına qarşı mübarizənin zəruriliyi diqqətə çatdırılıb, böyük İpək Yolunun bərpasına dəstək ifadə olunub.
Sonda Zirvə toplantısının Bəyannaməsi qəbul edilib.
* * *
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31