Ölkəmizin təşkilata uğurlu sədrliyi və bu dövrdə həyata keçirilən mühüm regional layihələr yüksək dəyərləndirilib
Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) sədrlıyi uğurla başa çatıb. Bu günlərdə Ankarada baş tutan Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə Azərbaycan quruma sədrliyi qardaş Türkiyəyə təhvil verib.
Tədbirdə respublikamızın sədrliyi dönəmində aktiv fəaliyyət göstərdiyinə xüsusi vurğu edilib. Natiqlər ölkəmizin üzv dövlərlər arasında inteqrasiyanın möhkəmlənməsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfələr verdiyini yüksək dəyərləndiriblər və belə səmərəli fəaliyyətə görə Prezident İlham Əliyevə dərin təşəkkür ifadə ediblər.
TDT-yə sədrliyi dönəmində Bakının önə çəkdiyi prioritetlər
Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, müxtəlif beynəlxalq təşkilatlara onlardan kömək, yardım almaq naminə qoşulmur. Respublikamız bir qayda olaraq sıralarına qatıldığı təşkilatların işində yaxından iştirak etməklə həm onların fəaliyyətinə xüsusi dinamika gətirir, həm də bununla qlobal əməkdaşlığa öz töhfələrini verir. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi buna nümunədir. QH-na üzv dövlərtlər Azərbaycanın imkanlarını, yüksək məsuliyyət nümayiş etdirməsini və müəyyənləşdirdiyi gündəliyin kifayət qədər geniş əhatə dairəsinə malik olduğunu nəzərə almaqla ölkəmizin quruma sədrliyinin daha iki il uzadılmasına yekdilliklə səs veriblər.
Respublikamız həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) də məhsuldar sədrlik həyata keçirib. Bunu nəzərə alan üzv dövlətlər bu günlərdə Bakıda baş tutan Zirvə Görüşündə böyük məmnuniyyətlə respublikamızın AQEM-ə sədrliyinin daha iki il uzadılmasını razılaşdırıblar.
Belə misallar çoxdur. Bunlar Azərbaycanın davrannışlarına görə beynəlxalq birliyin ölkəmizə və onun Liderinə artan inamını təzahür etdirir.
Azərbaycan TDT-yə də məhsuldar sədrlik reallaşdırıb. Ötən bir il ərzində “Regional sülh və təhlükəsizlik” prioriteti respublikamızın quruma sədrlik gündəliyinin mərkəzində dayanıb. Dünyada müharibələrin alovlandığı, münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şəraitdə bu məsələnin aktuallığı heç vaxt olmadığı qədər artıb. Respublikamız Türk Dövlətləri Təşkilatı çərçivəsində sülh və təhlükəsizlik prioritetini önə çəkərkən ilk növbədə öz təcrübəsindən çıxış edib. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olan, bununla da tarixi əsaləti və beynəlxalq hüququ təmin edən dövlətdir. Dünya praktikasından bəllidir ki, qalib dövlətlər müharibələrin məğlub tərəflərinə müəyyən şərtlər diqtə edirlər və imtiyazlar istəyirlər. Qalib Azərbaycan isə fərqli davranış ortaya qoydu - müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirdi. Bununla da respublikamızın yaratdığı reallıqlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün fürsətlərə çevrildi. Məhz Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il avqustun 8-də Vaşinqtonda paraflanması ilə regiona real sülh gəlib. Azərbaycan bir illik sədrliyi dönəmində öz təcrübəsini TDT üzərindən bütün dünyaya təşviq edib.
TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın quruma sədrliyi dönəminin əsas prioritetləri sırasında olub. Respublikamızın təşviq etdiyi Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin (TRIPP marşrutu) reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar, birgə layihələrin icrası kimi məsələlər üzv dövlətlər arasında ticarət və sənaye sahələrində əməkdaşlıq üçün geniş perspektivlər açır.
Ölkəmiz sədrliyi dönəmində TDT-yə üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin intensivləşməsinə nail olub. O cümlədən Azərbaycanın sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşləri baş tutub. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edilməsi də böyük uğurdur.
Azərbaycan Liderinin TDT-də artan nüfuzu
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev iş qrafikinin çıx olması səbəbindən Ankarada baş tutan Zirvə Görüşünə qatıla bilməyib. Bununla belə, tədbirdə çıxış edən natiqlər dövlətimizin başçısına xüsusi təşəkkürlərini ifadə ediblər.
O cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. “Təşkilata sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Ş.Mirziyoyev qeyd edib.
Ankara Zirvə Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov da çıxışında təşkilatdakı sədrlik missiyasını uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. Ölkəmizin səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz növbəsində TDT-nın 13-cü Zirvə Görüşündə Azərbaycanın təşkilata uğurlu sədrliyini və bu dövrdə həyata keçirilən mühüm regional layihələri yüksək dəyərləndirib. O, Qazaxıstan ilə Azərbaycan arasında Trans-Xəzər Fiber-Optik Rabitə Xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib.
Ankarada baş tutan Zirvə Görüşündə TDT-yə üzv dövlətlərin liderlərinin Azərbaycan Prezidentinə minnətdarlıq ifadə etmələri təsadüfi deyil. Prezident İlham Əliyev TDT-nın yarandığı gündən onun təşkilatlanmasına və funksionallığının artmasına mühüm töhfələr verib. Dövlətimizin başçımızın qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamızın son bir ildə təşkilata sədrliyi də uğurla başa çatıb. Bütün bunlar da Prezident İlham Əliyevin TDT-da nüfuzunu artırıb. Bunun nəticəsi olaraq Prezident İlham Əliyevin şəxsən qatılmadığı Zirvə Görüşündə Ona dərin minnətdarlıq ifadə edilib...
Mübariz ABDULLAYEV