Prezident İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb

Prezident İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb.
Görüşdə Varşavada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin əhəmiyyəti vurğulanıb. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.
Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, eneryi sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edilib.