Qırğızıstanın paytaxtı Bişkekdə iyul ayı üçün yeni temperatur rekordları qeydə alınıb.
AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızhidromet məlumat yayıb. Bildirilib ki, iyulun 17-19-da şəhərdə havanın temperaturu rekord həddə yüksəlib. İyulun 19-da temperatur +43,5 dərəcəyə çataraq 2019-cu ildə qeydə alınmış +40,8 dərəcəlik göstəricini üstələyib.
Qeyd edilib ki, iyulun 18-də və 19-da qeydə alınan temperatur Bişkekdə meteoroloji müşahidələr tarixində iyul ayı üzrə mütləq maksimum göstərici olub.
Mütəxəssislər anomal istiləri güclü antisiklon və Mərkəzi Asiyanın cənubundan gələn isti hava kütlələrinin təsiri ilə əlaqələndirirlər.