Hindistanın Andhra Pradeş ştatında yaxınlaşan “Murasu” siklonu səbəbindən təxminən 30 min nəfərin təxliyəsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə ştatın Fəlakətlərin İdarə Olunması Departamenti məlumat yayıb.
Hindistan Meteorologiya Departamenti güclü yağış və külək təhlükəsi ilə əlaqədar ştatın sahil ərazilərində qırmızı xəbərdarlıq elan edib. Siklonun noyabrın 3-də gecə saatlarında sahilə çatacağı gözlənilir.
Təbii fəlakətin Tamil Nadu və Odişa ştatlarına da təsir edəcəyi bildirilir. Hindistanın Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, bəzi şəhərlərdə məktəblərin fəaliyyəti dayandırılıb.