Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Fransada və Almaniyada gənclərin iştirakı ilə keçirilən kütləvi etirazlar Avropada artan sosial bərabərsizlik, iqtisadi qeyri-müəyyənlik və gənc nəslin siyasi qərarların qəbulunda təmsilçiliyi ilə bağlı problemləri yenidən gündəmə gətirib.

Almaniyanın nüfuzlu Humboldt Universitetinin professoru Kristian Volk AZƏRTAC-a açıqlamasında hazırda Almaniyada bir çox gənc arasında müşahidə olunan siyasi narahatlığın əsasında müxtəlif böhranların eyni vaxtda yaşanmasının dayandığını bildirib.

Professor əsas amillər arasında yaşayış xərclərinin və kirayə haqlarının artmasını, iqtisadi qeyri-müəyyənliyi, təhsil sahəsində ixtisarları və peşə perspektivlərinin qeyri-müəyyənliyini vurğulayıb. Bunlarla yanaşı, iqlim böhranı, məcburi hərbi xidmətlə bağlı müzakirələr və cəmiyyətdə sağa meyillənmə də gənclərin narahatlığını artıran məsələlər sırasında olduğu qeyd edilib. K.Volkun fikrincə, Qəzza müharibəsi də bir çox gəncin siyasiləşməsinə təsir göstərib. Belə ki, onlar Almaniya hökumətinin bu məsələdəki mövqeyini mənəvi baxımdan ziddiyyətli qəbul ediblər.

Ekspert vurğulayıb ki, maddi gələcəklə bağlı narahatlıqlar, cəmiyyətdə tanınma və qəbul edilmə ilə bağlı münaqişələr, eləcə də mənəvi zəmində yaranan kəskin narazılıqların üst-üstə düşməsi əhəmiyyətli etiraz potensialı yaradır. “Burada maddi gələcəklə bağlı narahatlıqların, cəmiyyətdə tanınma və qəbul edilmə ilə bağlı münaqişələrin, eləcə də mənəvi əsaslı kəskin narazılığın bir-biri ilə üst-üstə düşdüyü vəziyyətlə qarşılaşırıq. Bu isə cəmiyyətdə əhəmiyyətli etiraz potensialı yaradır”, - deyə professor K.Volk bildirib.

Gənclərin siyasi təmsilçiliyi məsələsinə də toxunan professor etirazları gənclərin siyasətdən və demokratiyadan məyusluğunun ifadəsi kimi tələsik qiymətləndirməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, əksinə, bir çox gənc siyasi proseslərlə maraqlanır və öz problemlərinin, eləcə də gələcəklə bağlı gözləntilərinin nəzərə alınmasını tələb edir. Almaniyada struktur xarakterli siyasi təmsilçilik probleminin mövcudluğuna da diqqət çəkən professor bildirib: “2025-ci ildə Bundestaqa seçkilərdə səsvermə hüququ olan vətəndaşların təxminən 13 faizinin yaşı 30-dan aşağı, təxminən 60 faizinin isə 50 və daha yuxarı olub. Bu o deməkdir ki, hazırda qəbul edilən siyasi qərarların nəticələri ilə uzun müddət yaşamalı olacaq gənc nəsil seçicilərin ümumi tərkibində nisbətən az paya malikdir”, - deyə professor bildirib.

Professorun fikrincə, ənənəvi siyasi partiyaların və siyasi institutların gənclərə cəlbedici və effektiv iştirak imkanları yaratması da mühüm məsələdir. Bu baxımdan etirazlar siyasi təmsilçilikdəki çatışmazlıqları üzə çıxarmaq və qərarların qəbulunda iştirak hüququ tələb etmək vasitəsinə çevrilir.

Almaniyada və Fransadakı etirazları müqayisə edən ekspert bildirib ki, hər iki ölkədəki etirazlar Avropanın bir sıra ölkələrində müşahidə olunan sosial problemlərə diqqət çəkir. Bunlara artan sosial bərabərsizliklər, gələcəklə bağlı iqtisadi qeyri-müəyyənlik və cəmiyyətdəki böhranların yükünün nəsillər arasında necə bölüşdürülməsi məsələsi daxildir.

“Bununla belə, etiraz hərəkatları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Fransada ilk mərhələdə təhsil sistemindəki konkret problemlər əsasında müəllimlərin, valideynlərin, tələbələrin və həmkarlar ittifaqlarının qatıldığı geniş ictimai səfərbərlik formalaşdırmaq mümkün olub. Bununla yanaşı, qarşıdurma xarakterli etiraz formalarının tarixən daha dərin köklərə malik ənənəsi mövcuddur. Almaniyada isə hazırkı etiraz səfərbərliyi təşkilati baxımdan o qədər də möhkəm formalaşmayıb. Lakin bu, cəmiyyətdə narazılığın daha zəif olması demək deyil”, - deyə Humbold Universitetinin professoru vurğulayıb.

Professor deyib ki, demokratiya nəzəriyyəsi baxımından burada əsas məsələ siyasi institutların bu etirazlara necə reaksiya verməsidir. Etiraz yalnız siyasi tələblərə nail olmaq vasitəsi deyil, həm də siyasi azadlığın ifadəsidir. O, cəmiyyətdəki problemləri üzə çıxara, ictimai müzakirələrin istiqamətini dəyişə və siyasi qərarların qəbuluna təzyiq göstərə bilər. “Demokratiya öz gücünü etirazların mümkün qədər az keçirilməsində deyil, cəmiyyətdəki münaqişələri qəbul etmək və onları siyasi müstəvidə həll etmək bacarığında göstərir”, - deyə K.Volk qeyd edib.