Çinin dövlətə məxsus neft emalı zavodlarının ehtiyatların məhdud olması səbəbindən bu ay dizel yanacağının ixracını azaltması gözlənilir.
AZƏRTAC xəbər verir ki, “Energy Aspects” konsaltinq şirkətinin qiymətləndirməsinə görə, yalnız daxili tələbatın zəifləyəcəyi təqdirdə bu məhdudiyyətlərin yumşaldılması mümkündür.
Şirkətin yaydığı hesabatda cari ay üzrə dizel yanacağının ixracı ilə bağlı proqnozunu 400 min ton azaldaraq 580 min tona endirib. Bununla belə, “Energy Aspects” neft emalı zavodlarının ixracın yüksək səviyyəsini qorumağa çalışdığını və noyabrın ortalarından etibarən daxili tələbatın zəifləyəcəyini gözlədiyini bildirib. Şirkət bu səbəbdən proqnozun sonradan artırıla biləcəyini də istisna etmir.
Çin ötən ay neft emalı zavodlarına əlavə yanacaq ixracı kvotaları ayırıb. Bununla da ilin əvvəlindən verilən ixrac kvotalarının ümumi həcmi 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Lakin ABŞ-İran münaqişəsi başlayandan sonra rəsmi qurumlar aylıq yanacaq ixracına nəzarəti gücləndiriblər.
Neft emalı zavodları avqust və sentyabr aylarında ixracı artıraraq Yaxın Şərqdəki münaqişə və Rusiya-Ukrayna müharibəsi nəticəsində pozulmuş qlobal bazarda müəyyən sabitləşdirici rol oynayıblar.
“Energy Aspects” dizel yanacağının ixracı üzrə proqnozun azaldılmasını ixrac marjalarının zəifləməsi ilə də əlaqələndirib. Konsaltinq şirkəti bu ay üçün benzin və aviasiya yanacağının ixracı ilə bağlı proqnozlarını isə dəyişməyib. Belə ki, noyabrda benzin ixracının 780 min ton, aviasiya yanacağının ixracının isə 2,21 milyon ton olacağı gözlənilir.