Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Şotlandiyada “Bonfire Night” bayramı zamanı baş verən iğtişaşlarla əlaqədar azı 7 nəfər saxlanılıb, polis avtomobili yandırılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım işçiləri hücuma məruz qalıblar.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, noyabrın 5-də axşam saatlarında ölkənin müxtəlif bölgələrində baş verən zorakılıq hadisələri ilə əlaqədar genişmiqyaslı polis əməliyyatı keçirilib.

Qlazqo şəhərində yerli vaxtla saat 20:00 radələrində xəsarət alan şəxs barədə daxil olan məlumat əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Lakin əraziyə çatan əməkdaşlar atəşfəşanlıq vasitələri ilə hücuma məruz qalıblar. Nəticədə bir polis əməkdaşı və bir təcili tibbi yardım işçisi yüngül xəsarət alıb. Polis mikroavtobusu isə yandırılıb. Hadisə ilə əlaqədar 16 yaşlı yeniyetmə saxlanılıb. Şotlandiyanın digər ərazilərində də yanğınsöndürənlərə qarşı hücumlar qeydə alınıb. Polis hadisələrlə bağlı araşdırmalarını davam etdirir.

Qeyd edək ki, “Bonfire Night” Böyük Britaniyada hər il noyabrın 5-də qeyd olunan ənənəvi bayramdır. Bayramın tarixi 1605-ci ilə gedib çıxır. Həmin il Qay Foks və onun tərəfdarları İngiltərə parlamentinin binasını partlatmağa və Kral I Ceymsi öldürməyə cəhd ediblər. Lakin sui-qəsd planının qarşısı alınıb. Bu hadisənin xatirəsinə Böyük Britaniyada hər il noyabrın 5-də tonqallar qalanır, atəşfəşanlıq nümayişləri təşkil olunur.