London metrosunun maşinistləri iş şəraiti ilə bağlı uzun müddətdir davam edən mübahisə səbəbindən Milad bayramı ərəfəsində bir sıra tətillər keçirəcəklər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (RMT) məlumat yayıb. Bildirilib ki, 24 saatlıq tətillər noyabrın 26-da başlayacaq. Növbəti aksiyaların dekabrın 17-də və 19-da, yanvarın 4-də və 6-da, həmçinin fevralın 17-də, 23-də və 25-də keçirilməsi planlaşdırılır.
Tətillərə səbəb London metrosunda dördgünlük iş həftəsinin tətbiqi ilə bağlı təklifdir. Həmkarlar ittifaqı hesab edir ki, yeni iş rejimi maşinistlərin gündəlik iş saatlarının və qatar idarə etdikləri müddətin uzanmasına səbəb olacaq. London Nəqliyyat İdarəsi (TfL) isə daha əvvəl açıqlamışdı ki, dördgünlük iş həftəsinə keçid könüllü xarakter daşıyacaq və ümumilikdə maşinistlərin iş saatlarının azalmasını nəzərdə tutur.
Qeyd edək ki, eyni məsələ ilə bağlı yaz aylarında keçirilən tətillər London metrosunun fəaliyyətində ciddi fasilələrə səbəb olmuş, bəzi xətlərdə hərəkət tamamilə dayandırılmışdı.