İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

İsrail ordusu Suriyanın Dəməşq şəhərindən 46 kilometr cənub-qərbdə yerləşən Beyt Jann şəhərinin ətrafını atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, mərmilər Hermon dağının ətəklərində yerləşən Curat əl-Loz ərazisinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin maddi ziyan qeydə alınıb.

Agentliyin məlumatına görə, İsrail qüvvələri Suriyanın Quneytra və Dəraa əyalətlərində də hərbi əməliyyatlar keçirir, yollarda yoxlama məntəqələri quraraq nəqliyyat vasitələrinin və piyadaların hərəkətini məhdudlaşdırır.

Qeyd edək ki, Suriya hakimiyyətinin məlumatına görə, oktyabr ayında İsrail qüvvələri ölkənin cənubunda 200-dən çox pozuntuya yol verib. Bunlara əraziyə müdaxilələr, artilleriya atəşi, hava kəşfiyyatı uçuşları və mülki şəxslərin saxlanılması daxildir.