Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin müdafiə nazirləri Küveytdə Vahid Hərbi Komandanlığın qərargahının yaradılması və onun müvafiq hərbi qüvvələrlə təmin edilməsi barədə qərar qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, bu qərar noyabrın 10-da Bəhreynin paytaxtı Manamada keçirilən KƏŞ-in Birgə Müdafiə Şurasının 23-cü sessiyasında qəbul olunub.
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvi bildirib ki, birgə hərbi əməkdaşlıq üzv dövlətlərin rəhbərləri tərəfindən xüsusi diqqət, dəstək və himayə ilə əhatə olunur. O, bunun üzv ölkələri birləşdirən həmrəylik və birlik əlaqələrinə, eləcə də silahlı qüvvələrin təhlükəsizliyin və sabitliyin təmin edilməsində daşıdığı məsuliyyətə əsaslandığını vurğulayıb.
Baş katib qeyd edib ki, üzv dövlətlərin silahlı qüvvələrinin əsas vəzifələri ölkələrin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, habelə onların inkişafını təmin etmək və qarşıya qoyulan məqsədlərə uyğun olaraq hərbi potensiallarını gücləndirməkdir.