Ötən həftə ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatları təxminən 9 milyon barel artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutunun (API) qiymətləndirməsində deyilir.
Bazar iştirakçıları ehtiyatların 1 milyon barel azalacağını proqnozlaşdırırdılar.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv bəzi hasilatçı ölkələrin daxil olduğu OPEC+ qrupunun neft hasilatını artırması, eləcə də ABŞ-də xam neft ehtiyatlarının çoxalması bazarda təklifin tələbi üstələyəcəyi ilə bağlı narahatlıqları gücləndirərək neft qiymətlərinə azaldıcı təsir göstərir.
Belə ki, OPEC-in gündəlik xam neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə 1 milyon 965 min barel artaraq 27 milyon 164 min barelə çatıb. OPEC+ qrupunun gündəlik ümumi xam neft hasilatı isə həmin dövrdə 2 milyon 35 min barel artaraq 41 milyon 230 min barel təşkil edib.
ABŞ-də açıqlanan ehtiyat göstəriciləri də neft qiymətlərinin ucuzlaşmasını şərtləndirən digər amillərdən olub. Beləliklə, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş diplomatik səylərin bazarlarda risk mükafatını azaltması, OPEC-in neft hasilatını artırması və ABŞ-də xam neft ehtiyatlarının çoxalmasının təklif artıqlığı ilə bağlı narahatlıqları gücləndirməsi dünya bazarında neft qiymətlərinin aşağı düşməsinə səbəb olur.