Azərbaycançılıq - həmişəyaşar ümummilli ideologiya

Azərbaycançılıq - həmişəyaşar ümummilli ideologiya

Biz tarixdə bu və ya digər ölkədə elan edilən hansısa bir təmtəraqlı ideologiyanın öz ömrünü elə beşikdəcə başa vurduğunun şahidi olmuşuq. Bu qəbildən olan ideologiyaların həyat qabiliyyətindən məhrum qalması onların milli maraqlara və zamanın çağırışlarına uyğun təməl prinsiplərinin olmaması ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, inzibati resurslar tükəndikdə cəmiyyətlərə sırınan ideologiyalar da tarixin arxivinə göndərilir.

Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, müstəqil dövlətimiz və onun azərbaycançılıq kimi həmişəyaşar ideoloji əsası var. Bu ideologiya xalqımızın keçmişdən gələn zəngin dəyərlərinə əsaslanır və ölkəmizin gələcəyinə hesablanıb. Buna görə də zaman məhdudiyyəti tanımır. Nə qədər ki, Azərbaycan dövləti var, bu ideologiya da hər bir azərbaycanlının yaşam fəlsəfəsinin əsasında dayanacaq, bizi istiqamətləndirəcək, bizi bir-birimizə və Vətənimizə daha möhkəm tellərlə bağlayacaq.

Ulu Öndərin hər bir azərbaycanlı üçün örnək olan həyat və fəaliyyəti - böyük vətənsevərlik nümunəsi

Qloballaşma şəraitində xalqımızın yad təsirlərə müqavimət gücünü artıran , milli identikliyimizi təmin edən, ölkəmizin dünyada sayılıb-seçilənn dövlətlər səviyyəsinə yüksəlməsində mühüm rol oynayan azərbaycançılıq ideologiyasının əsasını Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Ulu Öndərin qənaəti belə idi ki, hər bir azərbaycanlı Vətənin ona nə verdiyi barədə deyil, onun özünün Vətənə nə verdiyi barədə düşünməlidir. Azərbaycançılıq ideologiyası da bu fəlsəfə əsasında formalaşıb.

Ümummilli Liderimizin həyatı və fəaliyyəti də məhz bu prinsip üzərində qurulmuşdu. Onun tərcümeyi-halı, keçdiyi yol azərbaycanlılar üçün əsl örnəkdir, həyat məktəbidir. Bütün varlığı ilə doğma Azərbaycana bağlı olan dahi şəxsiyyət Heydər Əliyevin kritik məqamlarda xalqına dayaq durması, Vətənin köməyinə gəlməsi, həmişə insanların qəlbində ümid işığı yandırması böyük vətənsevərlik nümunəsidir. O, nə edirdisə, Azərbaycan naminə edirdi. Tariximizə qara səhifə kimi yazılan 20 Yanvar faciəsi zamanı Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi dahi şəxsiyyətin xalqa və Vətənə bağlılığının real nümunəsidir. O dövrdə imperiya qüvvələri respublikamızın ətrafında bir informasiya blokadası qurmuşdular. Bakıda, regionlarımızda törədilən qanlı hadisələr barədə dünyaya saxta məlumatlar ötürülürdü, azadlıq naminə çarpışan, Vətən naminə sinələrini güllə yağışına sipər edən mərd oğul və qızlarımız “terrorçular” kimi qələmə verilirdi. Belə bir şəraitdə Heydər Əliyev basqılara, təhdidlərə, özünün və ailə üzvlərinin həyatına yarana biləcək təhlükələrə məhəl qoymayaraq imperiyanın mərkəzində bəyanat verdi, 20 Yanvar faciəsi ilə bağlı gerçəkləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Onun bu davranışı, cəsarəti hər bir azərbaycanlı üçün doğma Vətənə bağlılıq, onu necə sevmək və qorumaq nümunəsi idi.

Böyük siyasətçi Heydər Əliyevin həyatında xalqı birliyə sövq edən belə nümunələr saysız-hesabsızdır. Zamanında Naxçıvanda Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının bərpa edilməsi, keçmiş ittifaqın saxlanılması ilə bağlı referenduma “yox” deyilməsi də böyük cəsarət tələb edirdi. Heydər Əliyev Azərbaycanın xoşbəxt gələcəyini respublikamızın müstəqillik qazanmasında görürdü və bu ali məqsəd naminə hər cür fədakarlıq göstərməyə hazır idi. Müdrik dövlət xadimi Heydər Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdanda ilk növbədə vətənpərvərliyi, ölkəmizin, xalqımızın sabahı naminə qətiyyətli addımlar atması, yeganə düzgün yol seçməsi sayəsində insanları Öz ətrafında birləşdirməyə və respublikanı düşdüyü çətin durumdan çıxarmağa, cəmiyyətdə sabitlik, vətəndaş həmrəyliyi yaratmağa nail oldu. Tezliklə ölkəmiz qarşıdurmalardan qurtuldu. Ulu Öndərin çox böyük səyləri sayəsində bərqərar olan həmrəylik respublikanın potensialını tərəqqiyə, taleyüklü məsələlərin həllinə, ümumi rifaha yönəltməyə imkan verdi.

Birlikdən, həmrəylikdən güc alaraq qələbələrə doğru

Azərbaycan tarixən çoxmədəniyyətli diyar olub. Fərqli milli, dini kimliyə malik insanlar burada yan-yana yaşayaraq həyatlarını davam etdiriblər. Tarixdən gələn tolerantlıq ənənəsi bu gün də yaşayır. Dünyada birgəyaşayışla bağlı ciddi problemlər yarandığı bir dövrdə Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev davamlı olaraq multikulturalizmə çağırışlar edir.

Eyni zamanda, azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan çoxmədəniyyətlilik Azərbaycanın milli gücünü artırır. Biz ölkəmizdə yaşayan xalqların birliyindən, həmrəyliyindən güc alaraq qələbələrə doğru irəliləyirik. Dünya bu birliyin möhtəşəm gücünə növbəti dəfə 44 günlük Vətən müharibəsində şahidlik etdi.

Bununla bağlı aşağıdakı nümunə ibrətamizdir. Müharibə günlərində yerli KİV-lər döyüşlərdə şücaətlər göstərən Məhəmməd İbayev və Andrey Antonovu “eyni məhlədən olan iki döyüşçü” kimi təqdim ediblər. Müharibə başlayanda minlərlə Azərbaycan gənci kimi könüllü olaraq ordu sıralarına yazılan Məhəmməd və Andrey Bakının Binəqədi rayonundakı Biləcəri qəsəbəsində qonşu idilər. Hər ikisi Biləcəri qəsəbəsindəki şəhid Vüqar Əvəzovun adını daşıyan məktəbin məzunu olublar. Məhəmməd 20, Andrey 21 yaşında idilər. Onlar vaxtilə Azərbaycan Ordusunun sıralarında Goranboy rayonunda “N” saylı hərbi hissədə əsgəri xidmət keçiblər. Milliyyətcə rus olan Andrey Antonov Vətən müharibəsi başlayanda “Azərbaycan mənim də vətənimdir” deyərək könüllü şəkildə ordu sıralarına yazılıb. O, bu zaman ön xətdə döyüşmək istəyində israr edib. 2020-ci il sentyabrın 29-da Füzuliyə yollanan Andrey Antonov burada bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib. Sonra o, hərbi döyüş maşınlarının sükanı arxasında Cəbrayıl rayonunda gedən döyüşlərə qatılıb və ayrı-ayrı əməliyyatların uğurla həyata keçirilməsində yüksək fəallıq göstərib.

Döyüş yoluna Füzulidən başlayan Məhəmməd İbayev bu rayon işğaldan təmizləndikdən sonra Cəbrayıl, Ağdərə, Xocavənd və Hadrutun kənd və qəsəbələrinin, habelə qədim Şuşa şəhərinin işğaldan azad edilməsində şücaətlər göstərib. Keçdiyi cəbhə yollarında iki dəfə yaralansa da, müalicədən sonra dərhal ön cəbhəyə döyüşçü yoldaşlarının yanına qayıdıb.

I və II Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda edən gənclərin xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Bu gün paytaxt Bakıda və bölgələrdə çoxlu sayda məktəb, küçə qəhrəman şəhidlərimizin adını daşıyır, onların xatirəsinə şeirlər, mahnılar ithaf olunub. Əlamətdar haldır ki, burada da heç bir ayrı-seçkiliyə yol verilmir, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlər göstərən bütün xalqların təmsilçilərinin xatirəsinə eyni dərəcədə hörmət və ehtiram göstərilir.

Mübariz ABDULLAYEV