Vətənpərvərlik bizi necə qalib etdi?
“Zəfər yalnız keçmişimizin qüruru deyil, gələcəyimizin məsuliyyətidir” - Vətən Müharibəsi Qəhrəmanı
Vətənpərvərlik bəzən bir əsgərin səngərdə dayanan cəsarətində, bəzən bir ananın övladını Vətənə əmanət etməsində, bəzən də minlərlə insanın eyni amal ətrafında bir yumruq kimi birləşməsində özünü göstərir. 2020-ci ilin payızında Azərbaycan xalqı bu hissin nə qədər böyük gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində cəbhədə döyüşən əsgərlə arxa cəbhədə onun qələbəsinə inanan vətəndaş arasında görünməz, lakin qırılmaz bir bağ var idi. Hər kəsin ürəyində eyni arzu, dilində eyni dua, düşüncəsində eyni məqsəd yaşayırdı: torpaqlarımız azad olunsun, üçrəngli bayrağımız doğma yurdlarımızda dalğalansın!
Elə tarixlər var ki, onlar sadəcə təqvimdəki günlər deyil, xalqın yaddaşına qürurla həkk olunan, nəsildən-nəslə ötürülən böyük qələbələrin rəmzinə çevrilir. 8 Noyabr - Zəfər Günü də Azərbaycan üçün məhz belə bir tarixdir. Bu gün xalqımızın qürurunun, ordumuzun qəhrəmanlığının, şəhidlərimizin müqəddəs xatirəsinin və illərlə sönməyən Vətən həsrətinin qələbə ilə nəticələndiyi gündür.
Zəfər tarixi xalqın iradəsi ilə yazıldı
Zəfərimizin 6-cı ildönümü ərəfəsində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov 44 günlük müharibədəki xatirələrini “Yeni Azərbaycan”la bölüşüb. O, qeyd edib ki, möhtəşəm Qələbəmizin arxasında onilliklərin mübarizəsi, xalqın iradəsi və Azərbaycan əsgərinin fədakarlığı dayanır:
“Altı il əvvəl Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə xalqımızın otuz ilə yaxın davam edən yurd həsrətinə son qoydu, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etdi və tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Lakin Zəfərin əsl mahiyyətini anlamaq üçün yalnız 2020-ci ilin 44 gününə deyil, Azərbaycan xalqının həmin Qələbəyə qədər keçdiyi uzun və çətin yola nəzər salmaq lazımdır. Zəfər Günü təkcə qazanılmış Qələbəni qeyd etmək deyil, həm də xalq olaraq keçdiyimiz yolu dəyərləndirmək və gələcək qarşısında məsuliyyətimizi dərk etmək üçün mühüm tarixi fürsətdir. Bəzən Vətən müharibəsindən danışarkən yalnız 44 günü xatırlayırıq. Halbuki həmin 44 günün arxasında onilliklərin mübarizəsi, xalqın çəkdiyi əzablar, dövlət quruculuğu, ordumuzun illərlə davam edən hazırlığı və Azərbaycan əsgərinin böyük fədakarlığı dayanır. Bu Zəfərin qiymətini bilmək üçün özümüzə üç vacib sual verməliyik: Biz haradan gəlmişik? Bu gün haradayıq? Və bundan sonrakı məsuliyyətimiz nədir?”.
Bu günlərə asan gəlməmişik...
Z.Hüseynovun sözlərinə görə, müasir Azərbaycanın keçdiyi inkişaf yolunu müstəqilliyimizin ilk illərində yaşanan ağır hadisələrdən ayrı təsəvvür etmək mümkün deyil: “Biz bu günlərə asan gəlməmişik. Qanlı 20 Yanvar faciəsindən, Xocalının fəryadından, Birinci Qarabağ müharibəsinin ağrılarından keçmişik. Yurd-yuvasından didərgin düşmüş yüz minlərlə soydaşımızın həsrətini, şəhid ailələrinin kədərini yaşamışıq. Dövlətimizin müstəqilliyini yenicə bərpa etdiyi, gələcəyimizin qeyri-müəyyən olduğu, ordumuzun ciddi çətinliklərlə üzləşdiyi illərdən gəlmişik. Çörək növbələrini, işıqsız evləri, insanların sabaha narahatlıqla baxdığı günləri görmüşük. Mənim üçün bunlar yalnız tarix kitablarında yazılan hadisələr deyil. Mən də həmin dövrün çətinliklərini yaşamış nəslin nümayəndəsiyəm. Ona görə düşünürəm ki, bu gün sahib olduğumuz güclü dövlətin qiymətini bilmək üçün keçmişimizi unutmamalıyıq”.
Apreldən Şuşaya uzanan döyüş yolu
Z.Hüseynov üçün Zəfərə gedən yolun mühüm mərhələlərindən biri 2016-cı ilin Aprel döyüşləri olub. Həmin döyüşlərdə Talış kəndi istiqamətində iştirak edən zabit o günləri xüsusi hisslərlə xatırlayır:
“2016-cı ilin Aprel döyüşləri zamanı bizim bölməmiz Talış istiqamətində döyüşürdü. O zaman heç birimiz döyüşlərin bir neçə gündən sonra dayanacağını bilmirdik. Düşünürdük ki, artıq torpaqlarımızın azadlığı uğrunda həlledici savaş başlayıb və sona qədər davam edəcək. Dörd gündən sonra silahlar susdu, amma bizim içimizdəki mübarizə dayanmadı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda atılan ilk mərmini mən sanki 2016-cı ilin Aprel döyüşlərində atılmış son mərminin davamı kimi hiss etdim. Elə bil zaman dörd il dayanmış, sentyabrın 27-də isə yenidən hərəkətə gəlmişdi”.
Onun sözlərinə görə, Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri Azərbaycan Ordusunun öz gücünə olan inamının daha da möhkəmlənməsi idi: “2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləri, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin şəhadəti isə xalqın mübarizə əzmini daha da gücləndirdi. Minlərlə insanın orduya dəstək nümayiş etdirməsi, gənclərin könüllü şəkildə hərbi xidmətə can atması Azərbaycan cəmiyyətindəki milli birliyin təzahürünə çevrildi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın uzun illər gözlədiyi tarixi dönüş nöqtəsi oldu”.
Tarixin dəyişdiyi gün...
Vətən Müharibəsi Qəhrəmanı hesab edir ki, Şuşanın azad olunması həm hərbi-strateji, həm də milli-mənəvi baxımdan müharibənin ən mühüm hadisələrindən biri idi:
“Şuşada qazanılan Qələbə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və əsgərlərimizin sarsılmaz iradəsini nümayiş etdirməklə yanaşı, müharibənin taleyini müəyyənləşdirən həlledici hadisəyə çevrildi.
Şuşa bizim üçün yalnız strateji yüksəklik və ya mühüm şəhər deyildi. Şuşa xalqımızın milli yaddaşı, mədəniyyəti, qüruru və otuz ilə yaxın ürəyində daşıdığı həsrət idi. Biz o şəhərə doğru irəliləyərkən təkcə hərbi tapşırığı yerinə yetirmirdik. Xalqımızınn yarımçıq qalmış arzusunun gerçəkləşməsi uğrunda döyüşürdük”.
Hər addımı qəhrəmanlıq, hər anı məsuliyyət!
Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Z.Hüseynov həmin günləri həyatının ən şərəfli və eyni zamanda ən məsuliyyətli dövrü kimi qiymətləndirir:
“Şuşaya gedən yol sadəcə xəritə üzərində müəyyən edilmiş hərbi marşrut deyildi. O yol meşələrdən, dağlardan, sıldırım qayalardan, gecəsiz-gündüzsüz döyüşlərdən keçirdi. O yolun hər addımında Azərbaycan əsgərinin iradəsi, şəhidlərimizin qanı, xalqımızın otuz illik həsrəti var idi. Biz bilirdik ki, arxamızda güclü Azərbaycan dövləti, bizə inanan bir xalq dayanıb. Qarşımıza qoyulan döyüş tapşırıqlarının arxasında isə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq arzusu dayanırdı”.
Şuşanın hər daşında bir qələbə tarixi var...
Z.Hüseynov qeyd edib ki, Zəfər Gününün qeyd olunmasında ən mühüm məsələlərdən biri tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsidir. Çünki illər keçdikcə müharibənin canlı şahidlərinin sayı azalacaq, yeni nəsillər isə azad edilmiş torpaqları artıq gündəlik həyatlarının təbii bir hissəsi kimi qəbul edəcəklər: “Bir vaxtlar Şuşanın adını çəkəndə insanların gözləri dolurdu. Otuz ilə yaxın soydaşlarımız o şəhərə qayıdacaqları günü xəyal edirdilər. Bu gün isə biz Şuşaya gedirik, küçələrində gəzirik, orada Azərbaycan Bayrağının dalğalandığını görürük. Bu, böyük xoşbəxtlikdir. Amma sabah övladlarımız Şuşaya gedib yalnız gözəl bir şəhər görəcəklərsə, onun hansı qiymətə azad edildiyini bilməyəcəklərsə, deməli, biz onlara Vətənin torpağını vermiş, lakin tarixi yaddaşını ötürə bilməmişik”.
Ordunu gücləndirən xalqın inamıdır
Sonda Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb ki, Azərbaycan xalqının tarixi Qələbəsinin təməlində xalq, dövlət və Ordu arasındakı sarsılmaz birlik dayanır:
“Torpağı əsgər qoruyur, əsgəri xalq yetişdirir, Ordunu dövlət gücləndirir. Bütün bunları birləşdirən isə xalqın öz dövlətinə olan inamıdır.
Biz çox ağır yollardan keçərək bu günə gəlib çatmışıq. Bu gün başımız dikdir, bayrağımız yüksəklərdədir, dövlətimiz öz torpaqlarının sahibidir.
Amma unutmamalıyıq ki, Zəfər tariximizin son nöqtəsi deyil. Zəfər Azərbaycanın yeni tarixinin başlanğıcıdır.
Bizə bu Qələbəni bəxş edən şəhidlərimizin xatirəsini yaşatmaq, onların uğrunda canlarından keçdikləri Vətəni qorumaq, gücləndirmək və gələcək nəsillərə daha qüdrətli şəkildə təhvil vermək hər birimizin mənəvi borcudur. Məhz bu məsuliyyəti dərk etdiyimiz müddətdə Zəfərimiz yalnız tarixdə qalmayacaq, Azərbaycanın gələcəyində də yaşayacaq!”.
Yeganə BAYRAMOVA