Vətən müharibəsində jurnalistlərimiz...

Vətən müharibəsində jurnalistlərimiz...

Kimisi qələmi ilə, kimi də silahla döyüşdü

Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində mühüm və məsuliyyətli missiya həyata keçirib. Belə ki, kütləvi informasiya vasitələrinin nümayəndələri döyüş bölgəsindən operativ xəbərlər, foto və video-məlumatlar hazırlayaraq həqiqətləri dünya ictimaiyyətinə çatdırıblar. Eyni zamanda, işğalçı Ermənistanın təxribatlarının və yalan məlumatlarının qarşısının alınmasında, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq mediada işıqlandırılmasında media işçilərinin böyük rolu olub.

27 jurnalist döyüşlərdə iştirak edib

Ümumiyyətlə, Birinci və İkinci Qarabağ müharibələrində yüzlərlə jurnalist informasiya cəbhəsində vuruşub. Onların arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər də var. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Qarabağ zəfərinin qəhrəmanları sırasına qızıl hərflərlə həkk olunub. Bəziləri Birinci Qarabağ müharibəsi, bəziləri isə İkinci Qarabağ müharibəsi zamanı şəhid olublar. Məhz bunun nəticəsində də cəbhədəki kimi informasiya savaşında da qalib tərəf olduq. Ermənilər Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsində öz yalanları, uydurma faktları və hiylələri ilə dünyanı aldada bilmədilər. Bu müharibə jurnalistikamız üçün də bir sınaq oldu. Hamı bir nəfər kimi cəbhədən gələcək xəbərləri gözləyirdi. Azərbaycan jurnalistləri həqiqətləri dünyaya çatdırmaqla, səngərdəki əsgərlər qədər iş görüblər. Jurnalistlər xəbərləri əldə etməyin çətin olduğu bir vaxtda belə dünyanın müxtəlif media kanallarına məlumatlar ötürürdülər.

Müharibə zamanı düşmən ordusu dinc əhali və dövlət binaları ilə yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alırdı. Media nümayəndələrinə qarşı hücumların görüntüləri kifayət qədər yayılsa da, beynəlxalq ictimaiyyət baş verənlərə susqunluq nümayiş etdirmişdi. heç bir münasibət bildirmədi. Bu təşkilatlar vəziyyətlə bağlı real və qərəzsiz mövqe göstərmək əvəzinə susqunluq nümayiş etdirirdilər. Cenevrə Konvensiyasına əsasən silahlı münaqişə zonalarında işləyən jurnalistlər iki kateqoriyaya bölünürlər: hərbi müxbirlər və münaqişə zonasına ezam edilmiş jurnalistlər. Beynəlxalq humanitar hüququn əsaslarına görə münaqişə zonasında hər iki kateqoriyadan olan jurnalistlər mülki şəxs statusundadırlar. Ona görə də, ermənilər tərəfindən jurnalistlərimizin də hədəf alınması beynəlxalq hüquqa tamamilə ziddir.

Vətən müharibəsində bir çox jurnalist və operator birbaşa müharibənin gedişatını müxtəlif istiqamətlərdən işıqlandırıb, bəziləri isə həm də döyüşlərdə iştirak edərək qazi olublar. Belə ki, bu dövrdə 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilərək cəbhə xəttinə göndərilib. Onlardan 2 nəfər döyüşlər zamanı yaralanıb. 1 nəfər - ATV telekanalının keçmiş montajçı-əməkdaşı Davud Qurbanov 2020-ci oktyabrın 5-də şəhid olub.

Vətən müharibəsinin bitməsindən sonra da media nümayəndələri işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorunun qurbanı olublar. Belə ki,  4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində mina partlayışı nəticəsində AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.

Jurnalist Məğrur Əli Polad döyüşə doğulduğu rayondan başlayıb

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan jurnalistlərdən biri də “Təbib” qəzetinin baş redaktoru Məğrur Əli Poladdır. “Hər bir azərbaycanlının ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Bu arzu Qarabağ sakinləri üçün isə bir başqa idi, mən özüm də Füzuli rayonundan məcburi köçkün olmuşam. Yəni bizim üçün bu məsələ ikiqat əhəmiyyət daşıyırdı” - deyən Məğrur Əli Polad Vətən müharibəsində baş leytenant kimi iştirak edib. O, 2020-ci il sentyabrın 21-də ehtiyatda olan bir qrup hərbçilərin təlim məqsədilə ordu sıralarına çağırılıb: “Amma içimizdə bir hiss var idi ki, bu dəfə başqa olacaq. Sentyabrın 27-də isə ön xəttə yerləşən artilleriya bölməsinin zabiti kimi mən də mövqemi tutdum. Səhər saat 7-də isə atəş əmri verildi. Beləcə, Vətən müharibəsinə başladıq. Mən və silahdaşlarım Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mövqe tutmuşduq. Ardınca Cəbrayıl, Hadrut, Tuğ, Qubadlı, Şuşa... bu istiqamətlərdə döyüş yolum davam elədi. Müharibə həyatını, oradakı vəziyyəti, situasiyanı, keçirdiyimiz hissləri ifadə eləmək çətindir, dünyanın ən yaxşı qələm sahibi olsan da, yenə mümkün deyil. Atəş əmrini biz bayram xəbəri kimi qarşıladıq, sadəcə, bunu deyə bilərəm. Elə bil bizə illərlə gözlədiyimiz nəsə bir şad xəbər verilmişdi. Bizimlə çiyin-çiyinə döyüşən gənc nəsil də eyni istəklə döyüşə atılmışdı. Yəni heç kəsin gözündə qorxu, yaralanmaq, ölmək qorxusu yox idi. Bizə lazım olan əmr idi, həmin əmr verilmişdi, bundan sonrası isə məhz bizim işimiz idi”.

Həmkarımız Füzuli rayonunun  Yuxarı Seyidəhmədli kəndində doğulub, orada böyüyüb. 1993-cü ildə kənd işğal olunsa da, doğma yurdun  sevgisi, xəyalı ilə yaşayıb, oraya qayıdış gününü gözləyib. Taleyin qisməti də belə olub ki, müharibə zamanı Məğrur bəy doğma kəndləri istiqamətində döyüşlərdə də iştirak edib: “Böyük xoşbəxtlikdir ki, kəndimizin işğaldan azad olunmasında da əməyim var. Sonralar hətta hərbi yerdəyişmə zamanı doğma kəndimizin içərisindən də keçdik. Düzdür, vaxt çox deyildi, amma oradan keçmək belə təzədən həmin illəri xatırlamağıma bəs elədi. Evimiz, kənd qəbiristanlığı, məktəbimiz... hamısı yerlə-bir edilmişdi, erməni vəhşiliyi qəbirləri belə alt-üst eləmişdi”.

Müharibədə yaralanan iki jurnalistdən biri...

Məğrur Əli Polad müharibə zamanı yaralanan iki həmkarımızdan biridir. O, yaralanmasını belə nəql edir: “Ümumiyyətlə, istər mən olum, istər digər hərbçi yoldaşlarım, adətən, o qədər də ciddi, ağır olmayan yaraları dilə gətirmirdik. Yəni ayaq üstə dura biliriksə, yıxılmırıqsa, döyüşə biliriksə, özümüzə yaralı demirdik. Məndə qəlpə yarası deyildi, yanımda mərmi partlamışdı, kontuziya almışdım. Eyni zamanda dizimdən yaralanmışdım. Partlayışdan bir neçə saat sonra ayıldım, qulağımdan qan açılmışdı. Baxdım ki, o qədər də ciddi məsələ deyil, ona görə də üstünü vurmadım və döyüşə davam elədim. Sonralar yavaş-yavaş hiss etdim ki, səhhətimdə müəyyən problemlər var. 10 noyabr üçtərəfli bəyanatı imzalanandan sonra döyüşlər dayandırldı, bundan sonra həkimə müraciət elədim, məni  hərbi hospitala göndərdilər”.

“Bu il 44 günlük müharibənin zəfərlə başa çatmasının altıncı ili tamam olur. Mənim üçün ərazi bütövlüyü bərpa olunmuş, bütöv, qüdrətli Azərbaycanın vətəndaşı olmaq böyük qürur hissidir. Eyni zamanda, müharibə itkisiz olmur, şəhidlərimizə görə çox üzülürük. Onlar qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər üçün isə qürur mənbəyi olacaqlar. Mənim üçün torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək böyük xoşbəxtlikdir” - deyə həmkarımız vurğulayıb.

Qeyd edək ki, Məğrur Əli Polad Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə 4 medalla - “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsində iştiraka görə” medalları ilə təltif olunub. 

Nardar BAYRAMLI