Tarix yazan Azərbaycan Ordusu...

Şuşada mümkünsüzü mümkün etdi

Azərbaycanın şərəf tarixinin qürur səhifəsi...

Dünya minilliklər boyu saysız, hesabsız müharibələr görüb, döyüşlərə şahid olub. Bu döyüşlərin arasında asanı da olub, çətini də. Hətta mümkünsüzü də olub - 30 il davam edən Qarabağ həsrətinin, Qarabağ nisgilinin Zəfər marşının çalındığı Şuşa döyüşləri kimi mümkünsüz sayılan döyüş. Tarix yazan Azərbaycan Ordusu Şuşada mümkünsüzü mümkün etdi...

2020-ci ilin sentyabırn 27-dən başlanan müqəddəs Zəfər yolunun ən çətin və ən şanlı dyanacağına gəlib çatmışdıq. Tarix noyabrın 4-nü göstərirdi. Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağın ən strateji əhəmiyyətli yerlərindən biri idi. Buranı Qarabağın “döyünən ürəyi” də adlandırırdılar.

Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdikdən sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa ərazisinə daxil olmuşdular. Şəhər ətrafında lokal döyüşlər oktyabrın 29-dan başlamışdı. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdi.

Tarixin görmədiyi döyüş...

Müharibə ilə bağlı mənbələrin yazdığına görə, 28 - 30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yerləşdirildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə aldılar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.

Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada yol qət etməli idilər. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı - oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxırdı. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çana?çı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ovaxtkı rəhbəri Argişti Kərəmyan Qarabağdakı “vəzifələrinin” tamamlandığını qeyd edərək 6 noyabr səhər vaxtlarında Şuşanı tərk etdi. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan Ordusu şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. 7 noyabrda Prezident İlham Əliyev şanlı Azərbaycan Ordusunun şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisində yerləşən Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdı.

Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil oldu. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdi. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycanın havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından - T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Noyabrın 7-də səhər 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atıldı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşdü.

Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər binadan binaya, yaxın məsafədən aparılırdı. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmışdı- Şuşa azad edilmişdi.

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

8 noyabr Azərbaycan tarixinin ən şərəfli səhiflərindən biri kimi tarixə yazıldı. Həmin gün Şəhidlər Xiyabanından xalqına müraciət edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini verdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Dövlət başçısı müraciətini belə bitirmişdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”...

Xarici hərbi ekspertlər bu döyüşləri hələ də öyrənir...

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində 30 ilə yaxın erməni quldurlarının tapdağı altında qalan hər bir şəhər və kəndin işğaldan azad edilməsində qəhrəmanlıq səhifəsi yazdı. İndi işğalçılara qarşı aparılan “Dəmir yumruq” əməliyyatı dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Həmin sırada Şuşa uğrunda döyüşlər xüsusi yer tutur. Vurğulandığı kimi, şəhər təbii istehkam olduğundan oraya tank və digər ağır silahlarla girmək mümkün olmadı - alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdilər.

Şuşa döyüşləri xatirələrdə

Bu döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız da həmin günləri şərəflə xatırlayır. Ötiən illər ərzində mətbuata açıqlamalarında bu haqda danışan Şuşa qəhrəmanları ordumuzun gücünün, döyüş strategiyasının misilsizliyini ortaya qoyurlar. Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kənan Seyidov bildirib ki, “Şuşa əməliyyatının olacağından məlumatımız var idi. Ona görə də çox yüksək səviyyədə hazırlığımız davam edirdi. Hətta Qarabağ ərazisinə oxşar əraziləri seçib orada yüksək səviyyədə hazırlıq keçirdik. Artıq əməliyyatın ilk günündə bir neçə saat keçəndən sonra Zəfər qazanacağımıza tam əmin idim. Şuşaya daxil olmamışdan əvvəl ətrafdakı yüksəkliklərdə idarəetmə məntəqələri seçmişdik və artıq bir necə gün əvvəl şəhərə daxil olmuşduq.

Əlbəttə, uğurlu hərbi əməliyyatın aparıldığı Şuşada - bu gözəl məkanda yenidən olmaq bizim üçün qürurvericidir. Şuşanın 1992-ci ildə düşmən tərəfindən işğal olunması anını xatırlayıram. Şəhərə daxil olanda orada şiddətli döyüşlər gedirdi. Bizi artilleriya ilə vururdular və düşmənin çox böyük atəş dəstəyi var idi. Amma buna baxmayaraq fürsət tapan kimi ağlaya-ağlaya bir-birimizə sarılıb təbrik edirdik. O anları sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Bu çox gözəl hisslər idi...”

Şuşa döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Cəmil Əsədov əbədi və əzəli torpaqlarımızı işğaldan azad etməyimizi sevinc və qürur hissi ilə xatırladığını deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi döyüş əmrinə əsasən Şuşanı bütün çətinliklərə sinə gərərək azad etməyimiz bizim üçün əhəmiyyətli idi. Biz rabitə üzrə fəaliyyət göstərirdik. Lələtəpədən Şuşaya qədər bütün döyüşlərdə iştirak etmişəm. Vətən müharibəsi günlərində torpaqlarımızın ildırım sürəti ilə azad olunması əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradırdı. Otuz ildir gözləyirdik ki, doğma torpaqlarımızı işğaldan azad edək, şükürlər olsun buna da nail olduq. Rəşadətli Ordumuz Şuşaya çətin yollardan və sıldırım qayalardan keçərək çatdı. Şuşanı beş kilometr uzaqdan belə görərkən döyüş əmrini gözləmədən oranı işğaldan azad etməyə can atırdıq. Çünki Şuşa Azərbaycanın qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı və döyünən ürəyidir”.

Daşaltı istiqamətində döyüşlərdən bəhs edən baş gizir Seymur Qurbanov Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərin xalqımızın tarixində yeni səhifə açdığını söyləyib. O, Şuşa istiqamətində döyüşlərdə iştirakı barədə danışaraq deyib: “Şuşa istiqamətində irəliləyərkən düşmənin bizi görməməsi üçün sıx meşəliklərdən keçərək Daşaltıya çatdıq. Ermənilər bizi intensiv atəşə tutduğundan dərələrdə gözləməli olduq. Bu zaman xeyli yaralanan əsgərlər oldu və biz onları həmin ərazidən çıxardıq.

Sonra bizə Şuşa istiqamətində rabitə əlaqəsi yaratmaq barədə komanda gəldi. Teleqülləyə qalxdıq. Ora çatanda düşmən dronunun başımızın üstündə hərəkət etdiyini gördük. Bizi vurmağa, irəliləməyə mane olmağa çalışırdılar. Buna baxmayaraq, verilən tapşırığı yerinə yetirdik, Şuşa istiqamətində rabitə əlaqəsi yaratdıq. Zabit və əsgərlərimizin şücaəti nəticəsində Şuşa tam işğaldan azad olundu və düşmən tamamilə torpaqlarımızdan qovuldu”.

Şuşanın dağlıq ərazidə yerləşdiyini vurğulayan polkovnik Habil Cümşüdov bildirib ki, Şuşa əməliyyatı nəinki Azərbaycan, həmçinin dünya hərb tarixində xüsusi yer tutur. Bu hərbi əməliyyatda xüsusi təyinatlıların rolunu qeyd etmək lazımdır. Bütün çətinliklərə və əzab-əziyyətə baxmayaraq, qarşıya qoyulmuş məqsədə nail olundu. Çünki xalqımız 30 il idi ki, Şuşanın azad olunması arzusu ilə yaşayırdı. Ona görə əsgər və zabitlərimiz o qədər ürəklə və həvəslə ölümü belə göz ardına alaraq bu əməliyyatın uğurla yekunlaşmasına töhfə verməyə can atırdı. Belə ərazidə əsgərlərin, zabitlərin çətinliklərə baxmayaraq düşmənə qalib gəlməsi qürurvericidir. “Şükürlər olsun ki, biz qarşımıza qoyulan məqsədə çatdıq. Bunu hər kəs bilməlidir ki, bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsi deyildi. Bu, bütün Azərbaycan xalqının Qələbəsi idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğ”u, onun iradəsi, apardığı siyasət bizim məqsədimizə nail olmağımıza böyük təkan verdi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Təbii ki, şəhidsiz torpaq almaq qeyri-mümkündür. Ancaq biz, bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Təbii ki, elə bir xalqın oğlu, Ordusu da bu Zəfəri əldə etməli idi”.

Şuşa dirçəlir, yenidən qurulur...

Bəli, ötən 6 ildə Şuşa yenidən dirçəldi, yenidən quruldu, öz keçmiş əzəmətini, gözəlliyini, vüqarını geri qaytardı. Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri də igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yoludur. Prezident İlham Əliyev Şuşaya 101 kilometrlik uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.

Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Xalqımız qədim Şuşanın, eləcə də Qarabağın bu xoş günləri üçün qəhrəman hərbçilərimizə borcludur...

Pərviz SADAYOĞLU