Zəfər iqtisadiyyatının yeni səhifəsi

Zəfər iqtisadiyyatının yeni səhifəsi

Son 6 ildə ölkəmizin iqtisadi inkişafı daha da sürətlənib

Tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin edən Azərbaycan 2020-ci ildən sonrakı dövrdə yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük inkişaf transformasiyasına daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə sosial paketlərin ardıcıl şəkildə reallaşmasını təmin edərək xalqın maddi rifahının yüksəlməsinə səbəb olub.

Azərbaycan son 6 ildə dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlət kimi öz yerini daha da möhkəmləndirib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edib.

ÜDM-in həcmi son 72,5 milyard manatdan 129,1 milyard manata çatıb

2020-ci ildən sonrakı dövrdə milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edilib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Ötən 6 ilə yaxın dövr ərzində milli iqtisadiyyat 10 faizdən çox böyüyüb. 2020-ci ildə ölkədə 72,5 milyard manata bərabər olan ümumi daxili məhsulun (ÜDM) həcmi 2025-ci lin sonunda 129,1 milyard manata çatıb. Qeyri-neft ÜDM daha çox böyüyərək milli iqtisadiyyatın əsas aparıcı sütunlarını təşkil etməkdədir.

Büdcədə hərbi xərclər 6 ildə 2 dəfədən çox artıb

Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir, regionda əlavə dəyərin ümumi həcminin 65 faizindən çoxu Azərbaycanın payına düşür. Həmçinin, maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti Azərbaycanın payına düşür, 2026-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə resursları 44,5 milyard dollar təşkil edir ki, onun 26 milyard dolları və ya 62,5 faizi Azərbaycanın, qalan 37,5 faizi digər 2 ölkənin sərəncamındadır.

Dövlət büdcəsinin gəlirləri ötən 6 il ərzində 2 dəfəyə yaxın artaraq 24 milyard manatdan 39,9 milyard manata çatıb. Büdcədə hərbi xərclərin həcmi 2 dəfədən çox artıb. 2020-ci ildə 3,8 milyard manat təşkil edən müdafiə xərclərinin həcmi 2026-cı ildə 8,5 milyard manatı ötüb, 2027-ci ildə 9 milyard manata yaxınlaşacaq. Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizin qüdrətini daha da gücləndirib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, müasir silah-sursat, texnika ilə təchiz edilib.

Ölkəmizin starteji valyuta ehtiyatlarının həcmi 90 milyard dollara çatıb. İqtisadiyyata 350 milyard dollar investisya yatırlıb.

Bu dövrdə sosial sahədə də əhəmiyyətli nailiyyətlər əldə olunub. 2020-ci ildə 707 manata bərabər olan orta aylıq əməkhaqqının məbləği hazırda 1180 manata yüksəlib. Minimum əməkhaqqı 2020-ci ilədki 250 manatdan 2025-ci ildə 400 manata yüksəlməklə son 6 ildə 40 faiz artıb. Minimum pensiya 320 manata, orta aylıq pensiya 650 manatadək yüksəlib.

Azərbaycan Cənubi Qafqazın sülh və rifah körpüsünü inşa edir

Azərbaycan yeni siyasi çağırışlar fonunda Cənubi Qafqazın sülh və rifah körpüsünü inşa edir, digər coğrafiyalarla geniş inteqrasiyasının müasir modelini qurur. Regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli addımlar atılmaqdadır.

2025-ci il 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin ABŞ-a səfəri və səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammitinin keçirilməsi və Birgə Bəyannamənin imzalanması regionda geniş əməkdaşlıq və rifah quruculuğu üçün dərin sütunlar formalaşdırmaqda, nəqliyyat kommunikasiyalarının açılmasına zəmin yaratmaqdadır. Razılaşmaya uyğun olaraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (Zəngəzur dəhlizi) yaradılması istiqamətində praktiki işlər həyata keçirilir. Münaqişənin köhnə qalıqları olan Minsk Prosesi və onun əlaqədar strukturlarının ləğvi yeni münbit siyasi-iqtisadi bağlantıları təmin edəcək humanitar arxitektura formalaşdırır. Yeni İpək Yolu magistralının əsas qovşağı sayılan Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığın qarantına çevriləcək.

Rəqəmsal iqtisadiyyat dövründə yeni inkişaf gözləntiləri

Azərbaycan dövləti yeni dövrdə müasir nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə ölkəmizin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması hədəflənir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” sənədləri təsdiq olunub və icra edilməkdədir. Bu Strategiyanın reallaşması ortamüddətli dövrdə ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək.

E.CƏFƏRLİ