Son iki yüz illik tariximizdə çoxlu faciələrlə üzləşmişik. Ən böyük faciəmiz isə amansız istilalar nəticəsində tarixi ərazilərimizin itirilməsi, sərhədlərimizin daralması olub. İmperialist güc mərkəzlərinin məkrli planlarının nəticəsi olaraq əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə itkilər seriyasına, nəhayət, son qoyulub. Prezident, Ali Baş Komandan İlham Əliyevin memarı olduğu bu Qələbə sayəsində xalqımız son 200 ildə ilk dəfə olaraq torpaq itkilərinə məruz qamadı, əksinə ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla təmin edildi.
2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatla 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz rəsmən təsdiqini tapıb. Artıq böyük Zəfərimizin 6 yaşı var. Tarixdə əbədi qalacaq və hər zaman qürur mənbəyimiz olacaq bu Zəfər Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün, qüdrətinin və vətəndaş həmrəyliyinin rəmzidir.
Azərbaycanın Vətən müharibəsindəki hərbi-diplomatik uğurları
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edilmiş oldu. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
Böyük Qələbənin qüruru və sevinci - Zəfər paradı
Xalqımız, dövlətimiz 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbəni ilk dəfə 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı ilə qeyd etdi. Həmin tarixədək Azadlıq meydanı, Bakı küçələri çoxlu sayda paradlara, izdihamlı tədbirlərə şahidlik etmişdi. Zəfər paradının isə xüsusi bir mənası var idi. Xalqımız bu tənətənəni düz otuz il həsrətlə və böyük inamla gözləmişdi.
Möhtəşəm Zəfərimiz tarixi ədalətin, beynəlxalq hüququn bərpası idi. Zəfər paradının keçirilməsi də Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu. Paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.
Zəfər paradı həmçinin dünyaya Azərbaycan-Türkiyə həmrəyliyinin, dostluğunun, qardaşlığının nə qədər möhkəm olduğunu nümayiş etdirdi. Türkiyə Prezidentinin Zəfər paradında iştirakı təsadüfi deyildi. Məhz qardaş Türkiyə Vətən müharibəsində ədalətli müharibə aparan Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdi və bu da bizim özümüzə inam hissimizi daha da gücləndirdi. Prezident İlham Əliyev paradda çıxışı zamanı bu məqamlara toxunaraq bildirib: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür”.
Ötən il noyabrın 8-də şanlı Zəfərin 5 illiyi münasibətilə Bakıda növbəti möhtəşəm hərbi parad keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin də qatıldıqları əzəmətli paradda Azərbaycan, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin şəxsi heyəti, xüsusi təyinatlı dəstələr və ordu korpusları keçid ediblər. Paradda T-90S tankları, S-300 və HQ-9 zenit-raket kompleksləri, LORA raket sistemləri, Bayraktar-TB2, Akıncı, JF-17 və F-16 qırıcıları, Mi-17 helikopterləri, Su-25 hücum təyyarələri və digər hərbi texnika nümayiş olunub.
Bu parad müharibədən sonrakı beş il ərzində qalib Azərbaycan Ordusunun daha da gücləndiyinin nümayişinə çevrildi. Müharibə başa çatsa da, Azərbaycan dayanmadı - həm Ordunun maddi-texniki təchiatı gücləndirldi, yeni müasir silahlar alındı, həm də qardaş Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğun çevik komando birlikləri yaradıldı. Qələbənin 5 illiyinə həsr olunan paradda həmçinin yerli istehsala aid müasir hərbi texnikaların nümayiş olunması da xalqımıza sonsuz qürur hissi yaşatdı..
Erməni tankları Bakıya hərbi qənimətlər kimi gəldi...
Mənfur düşmən havadarlarının dəstəyinə arxalanmaqla torpaqlarımızdan çıxmaq istəmirdi, hətta cəzasız qaldığından ruhlanaraq yeni ərazilər uğrunda yeni müharibə istəyini gizlətmirdi. Özləri barədə miflər düzəldən Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı separatçı rejimin təmsilçiləri tanklarla Bakıya gələcəklərini bəyan edirdilər. Erməni hərbçiləri, separatçı rejimin başında dayananlar və onların silahları həqiqətən də Bakıya gəldi. Ancaq qolları qandallı şəkildə, hərbi qənimət qismində. 44 günlük müharibədə “döyüşkən erməni xalqı” mifi tar-mar oldu. Bu, necə döyüşkən ordu idi ki, onun əsgər və zabitləri Azərbaycan hərbçilərinin ayaq səslərini eşidən kimi gizlənməyə və yaxud qaçmağa yer axtarırdılar. Erməni mətbuatının yazdığına görə, müharibə günlərində 11 mindən çox erməni hərbçisi fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusu isə 44 gün ərzində mümkünsüz görünəni reallığa çevirdi, hər gün döyüş meydanlarında qələbələr qazandı, hər gün irəlilədi.
Bakının Xətai rayonunda yaradılan Hərbi Qənimətlər Parkı ermənilərin necə bir “qəhrəman” xalq olduqlarının əyani sübutudur, desək, yanılmarıq. Bu parkın açılışı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyevin iştirakı ilə 12 aprel 2021-ci il tarixində baş tutub. Burada Vətən müharibəsində Azərbaycan Ordusunun qənimət kimi götürdüyü Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif döyüş texnikası nümayiş olunur.
Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - 2020-ci il noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər yekunlaşıb: açıq səma altında nadir park salınıb. “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”, - deyə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bildirib.
Bakıda və azad Xankəndidə yaradılan Zəfər tağları
İkinci Qarabağ müharibəsindən ötən altı ildə tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədi ilə Bakıda və Xankəndidə Zəfər tağları yradılıb. Bakıda 8 Noyabr prospektində yaradılan rəmzi Zəfər Tağının açılışı 8 noyabr 2024-cü il tarixində baş tutub. Tədbirdə dövlət başçısı ilə yanaşı, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev də iştirak ediblər. Zəfər Tağının hündürlüyü 44 metrdir və burada 44 tağ elementindən (sütundan) istifadə olunub. Bu, 44 günlük Vətən müharibəsini simvolizə edir. Zəfər Tağının yerləşdiyi Zəfər Parkı ümumilikdə 9 hektardan artıq böyük bir ərazini əhatə edir. Parkda Qarabağ xalça naxışlı yaşıllıqlar salınıb və Zəfər memorial abidəsi ucaldılıb. Kompleksin tərkib hissəsi olan Zəfər muzeyinin açılışı isə 8 noyabr 2025-ci il tarixində - Qələbəmizin 5-ci ilinin tamamında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Zəfər muzeyi Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.
Daha bir Zəfər Tağı isə azad Xankəndidə yaradılıb. 24 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində salınmış Zəfər parkının və parkın mərkəzində ucalan Zəfər Tağının rəsmi açılışında iştirak ediblər.
Parkın girişindən Zəfər Tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərin mərkəzində quraşdırılmış lövhələrdə müharibənin gedişi, azad olunmuş yaşayış məntəqələrinin adları və 2023-cü ilin antiterror əməliyyatının nəticələri barədə məlumatlar qeyd edilib.
Bütün bunlar şanlı Zəfərimizin tariximiz üçün nə qədər böyük önəm daşıdığını ifadə edir. Xalqımızın Qələbəni təntənəli şəkildə qeyd etməyə mənəvi haqqı var. Çünki bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Onu igid əsgər və zabitlərimiz ağır döyüşlərdə misilsiz şücaətlər göstərməklə, canlarını Vətən torpağı uğrunda fəda etməklə, şəhidlik zirvəsinə ucalmaqla qazanıblar.
Mübariz ABDULLAYEV