Yük axınlarının “ağıllı” idarə edilməsi dövrü başlayır

Müasir dövlət kimi inkişaf edən Azərbaycan  idarəetmədə innovativ texnologiyaların tətbiqi yolu ilə səmərəliliyin artırılmasını, inklüzivliyin və şəffaflığın təmin olunmasını hədəfləyən islahatları davam etdirir. Bu siyasətə uyğun olaraq Prezident İlham Əliyev 16.11. 2026-cı il tarixində “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla  müvafiq sahədə “Bir pəncərə” informasiya sisteminə keçidin hüquqi, təşkilatı və texnoloji əsasları müəyyənləşdirilir. Sənədə əsasən, məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin tam rəqəmsallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməli, Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

“Bir pəncərə” informasiya sistemi özündə nəyi ehtiva edir?

Azərbaycan özünün ardıcıl səciyyə daşıyan siyasətini ölkənin artan imkanlarını və meydana çıxan qlobal çağırışları mütləq qaydada nəzərə almaqla daim yeniləyir.  “Bir pəncərə” informasiya sisteminin yaradılması da müasir çağırışdır və indiki mərhələdə respublikamızın iqtisadi siyasət prioritetləri ilə tam adekvatlıq təşkil edir. Hazırda milli iqtisadiyyatımızda qeyri-neft sektoruna sürətli keçid edilir. O cümlədən neftdənkənar sahələrdə buraxılan məhsulların ixrac həcmlərinin artırılması hədəflənib. Xüsusilə də Azərbaycanın nəqliyyat-logistika sahəsində geniş imkanları var. Bu imkanlar hazırda regional və qlobal miqyasda müşahidə edilən kataklizmlər fonunda ölkəmiz üçün böyük fürsətlər deməkdir. Respublikamız son dərəcə əlverişli coğrafiyada yerləşməsi,  eyni zamanda, müasir nəqliyyat-logistika infrastrukturuna malik olması, möhkəm daxili sabitliyi və təhlükəsizlik mühiti ilə daşıma şirkətlərinin diqqətini özünə cəlb edir. Bunu son illərdə ölkə ərazisindən tranzit daşımaların həcminin artması da təsdiqləyir. Proqnozlar onu deməyə əsas verir ki, biz daha böyük həcmlərdə tranzit yüklərini qarşılamağa hazır olmalıyıq.

“Bir pəncərə” informasiya sisteminin yaradılması da məhz bu məqsədə xidmət edir. Yeni informasiya sisteminin formalaşdırılmasının məqsədi xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsindən, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsindən, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılmasından, yük axınlarının “ağıllı” idarə edilməsindən, eləcə də bu sahə üzrə təhlillərin aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Yeni informasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentləri özündə cəmləşdirir:

- proqram-texniki vasitələr və proqram təminatı;

- telekommunikasiya qurğuları və kanalları;

- informasiya ehtiyatı və onu idarəetmə paneli;

- ehtiyat nüsxələr;

- istismaraqədərki formalaşma mühitləri.

İnformasiya sisteminin strukturuna daxil olan “Ticarət bələdçisi”, “Dövlət xidmətləri”, “Biznes xidmətləri”, “Təhlil və hesabatlılıq”, “Məlumatlandırma”, “İdarəetmə” kimi altsistemləri məlumatlara operativ çıxışı asanlaşdırır. “Ticarət bələdçisi” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının həyata keçirilməsi, sərhədkeçmə prosedurları (ölkəyə gəlmə, qeydiyyat və ölkədən getmə), daşıma qaydaları və şərtləri, habelə tələb edilən sənədlər (məlumatlar) haqqında məlumatlandırma, informasiya sorğularının göndərilməsi və cavablandırılması təmin edilir. “Dövlət xidmətləri” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətləri ilə bağlı müraciətlərin qəbulu, emal edilməsi üçün aidiyyəti dövlət informasiya sistemlərinə və ehtiyatlarına göndərilməsi, habelə müraciətlərin normativ hüquqi aktlara uyğun olaraq cavablandırılması həyata keçirilir.

Ölkəmizin beynəlxalq ticarət zəncirində mövqeyi daha da güclənəcək

“Bir pəncərə” informasiya sisteminin yaradılmasının önəmini həm geosiyasi kontekstdə, həm də daxili iqtisadiyyata, yerli biznesə təsiri nöqteyi-nəzərindən dəyərləndirmək mümkündür. Dövlət başçısının fərmanı ilə müvafiq Əsasnamənin təsdiqlənməsi Azərbaycanın beynəlxalq təchizat zəncirlərində mövqeyini daha da gücləndirəcək. Müasir dünyada tranzit ölkələrin üstünlüyü  yalnız infrastrukturla - avtomobil yolları, dəmir yolları, limanlar, dəniz donanması, hava nəqliyyatı ilə müəyyən edilmir. İndi yüksək rəqabətqabiliyyətlilik həm də məlumatlara çıxış imkanları, məlumatların rəqəmsal platformalar üzərindən emal olunması və operativ qaydada təhlükəsiz  ötürülməsi kimi amillərlə ölçülür. İndiyədək Azərbaycan böyük həcmlərdə sərmayə qoyuluşu hesabına ölkə ərazisində son dərəcə əlverişli nəqliyyat-ligistika infrastrukturu qurmağa nail olub. İnformasiya bazasınıın rəqəmsallaşdırılması və onlara onlayn platformalar üzərindən asan çıxış imkanlarının yaradılması Azərbaycana yeni üstünlüklər qazandıracaq. Qeyd edək ki, ölkəmizdə xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir pəncərə” informasiya sistemi - rəqəmsal logistika platformasının bir neçə ay bundan əvvəl rəsmi təqdimatı olub. Platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini inteqrasiya edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına proseslərə daha sadə, şəffaf və izlənilə bilən çıxış imkanı yaradır. Bu yanaşma sahibkarlar üçün inzibati yükün azaldılmasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Uzunmüddətli perspektivdə isə daha çevik və dayanıqlı xarici ticarət ekosistemi biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ticarət proseslərinin optimallaşdırılmasına, ölkənin iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsinə və vətəndaşların istifadə etdiyi məhsul və xidmətlərin təchizat zəncirinin daha dayanıqlı təşkilinə töhfə verir.

“Bir pəncərə” informasiya sistemminin yaradılmasının yerli iqtisadiyyata təsirləri də müsbət olacaq. Əvvəla, nəqliyyat və logistika xidmətlərinin rəqəmsal həllərlə təqdim olunması daxili bazar iştirakçıları qarşısında geniş imkanlar açır. Bu imkanlar məmur-sahibkar təmaslarının aradan qaldırılması, neqativ hallara yol verilməməsi, operativlik və şəffaflıq, əməliyyat xərclərinin optimallaşması deməkdir. Eyni zamanda, yerli sahibkarlar fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində qurmaq vərdişlərinə yiyələnəcəklər. Əlbəttə ki, onların xarici tərəfdaşlarla əlaqələri də genişlənəcək.

Mübariz ABDULLAYEV