Yanvar-oktyabr aylarında ÜDM 1,5 faiz artıb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi sektorda müsbət dinamika meyilləri qeydə alınıb. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 115 milyard 930,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft sektoru yenə də əsas drayver rolunu oynayıb. Belə ki, neft-qaz sektoru üzrə ÜDM istehsalı 36,2 milyard manata yaxın olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,9 faiz azalsa da, qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 80,7 milyard manata yaxın olmaqla, illik müqayisədə 2,9 faiz artıb.
ÜDM-in strukturunda sənaye məhsulu 58,5 milyard manat, kənd təsərrüfatı məhsulu 141 faiz artaraq 13,1 milyard manat, nəqliyyat bölməsi 10,2 faiz artaraq 14,3 milyard manat, rabitə 9,9 faiz yüksələrək 3,6 milyard manat təşkil edib. Əlavə dəyərin tərkibində digər xidmət sahələrinin payı və məhsula və idxala xalis vergilərə düşən ÜDM-in həcmi də yüksəlib.
Cari ilin 10 aylıq makroiqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft
ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır.
Qeyri-neft sənayesində əlavə dəyər yüksəlib
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun istehsal, emal və sənaye bölmələrində cəmləşib. Belə ki, ölkə üzrə əlavə dəyərin 81 milyard manata yaxını qeyri-neft mənbələrinin payına düşməklə faiz ifadəsilə ÜDM-in 74 faizini təşkil etməkdədir. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunun qeyri-neft bölməsində isə artım əvvəlki aylarla müqayisədə daha da böyüyüb. Belə ki, qeyri-neft sənayesində 4,8 faiz artımla 18,5 milyard manat məbləğində sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal sahə olduğunu göstərir.
16,5 milyard manatdan çox investisiya yönəldilib
Cari ilin ötən 10 ayında sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala 16 milyard 519 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur. Bu dövrdə qeyri-neft sektoruna investisiya qoyuluşu 2,3 faiz artaraq 11 milyard manatı üstələyib. Sektorlar üzrə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya, tikinti, təmir sahələrinə kapital qoyuluşlarında artım baş verib. Əsas kapitala yönəldilmiş investisiyaların 70 faizində çoxunu daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 4 milyard manata yaxınlaşıb. Bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 7,3 faiz artaraq 88 milyard 550,6 milyon dollar təşkil edib. Xarici dövlət borcu 7,7 faiz azalaraq 4 milyard 480 milyon dollara düşüb.
Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb
2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə muzdla çalışan işçilərin sayı təxminən 1 milyard 780 min nəfər olub. Onların orta aylıq nominal əməkhaqqı 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Əhalinin nominal gəlirləri isə 9,9 faiz artaraq 81 milyard manata çatıb. Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,6 faiz təşkil edib. Ümumilikdə, bu dövrdə əhalinin gəlirləri inflyasiyanı üstələməklə insanların sosial rifahında əhəmiyyətli rol oynayıb.
Qeyd edilən müddətdə iqtisadiyyata kredit qoyuluşları 15,1 faiz artaraq 35,7 milyard manata yaxın olub. Fiziki şəxslərin banklardakı əmanətlərində isə 19,3 faiz artım qeydə alınıb, həmin sektor üzrə cəmi depozitlərin həcmi 18 milyard 840 milyon manat təşkil edib.
Qeyd edilən dövrdə ticarət dövriyyəsində dinamika müşayiət edilib. Azərbaycanın ticarət dövriyyəsinin həcmi 10,3 faiz artaraq 38 milyard 898 milyon dollar təşkil edib. Belə ki, ixracın dəyəri 38,11 faiz artaraq 25 milyard 552 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 2,5 dəfə artaraq 6 milyard 851 milyon dollar olub. İdxalın dəyəri isə 20,4 faiz azalaraq 13,3 milyard dollar təşkil edib. Nəticədə xarici ticarətdə 12,2 milyard dollardan çox müsbət saldo qeydə alınıb.
E.CƏFƏRLİ