Dəyişən dünyada dəyərlərimizi necə qorumalı?
Dünyanın müxtəlif coğrafiyalarında dini, milli və mədəni fərqliliklər bəzən qarşıdurma və ayrı-seçkilik üçün zəminə çevrildiyi halda, elə cəmiyyətlər də var ki, bu fərqlilikləri zənginlik, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin əsasına çevirir. Belə cəmiyyətlərdə insanları birləşdirən başlıca amil onların hansı dinə etiqad etməsi, hansı millətə mənsub olması deyil, ümumi dəyərlərə, qarşılıqlı hörmətə və sülh şəraitində yaşamaq prinsipinə bağlılığıdır. Çünki tolerantlıq sadəcə fərqli düşüncələrə dözümlü yanaşmaq deyil, həm də insanın kimliyinə, inancına, milli mənsubiyyətinə hörmətlə yanaşmaq mədəniyyətidir.
Müasir dünyada qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və geosiyasi dəyişikliklər xalqlar və mədəniyyətlər arasında əlaqələri daha da genişləndirir. Bununla yanaşı, dini və milli zəmində ayrı-seçkilik, radikalizm, stereotiplər və dözümsüzlük kimi hallar da cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Belə bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, dini və etnik müxtəlifliyin cəmiyyətin inkişafına xidmət edən üstünlüyə çevrilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan kimi tanınıb. Ölkəmizdə formalaşmış tolerantlıq mühiti əsrlər boyu qorunub saxlanılan birgəyaşayış ənənələrinin, mənəvi dəyərlərin və qarşılıqlı ehtiramın nəticəsidir. Müxtəlif dini konfessiyaların və etnik qrupların nümayəndələrinin vahid cəmiyyət daxilində sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin göstəricisidir.
Dini və milli tolerantlığın qorunması yalnız dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın mənəvi məsuliyyətinin tərkib hissəsidir. Unutmaq olmaz ki, milli kimliyi qorumaq başqalarının kimliyinə hörmət etməyə mane olmamalıdır. Əksinə, öz tarixinə, dilinə, dininə və mədəniyyətinə hörmət edən insan digər xalqların da eyni dəyərlərinə ehtiram göstərməyin vacibliyini daha yaxşı dərk edir. Məhz bu qarşılıqlı münasibət cəmiyyətdə etimad mühitini möhkəmləndirir, millətlərarası münasibətlərin inkişafına və ictimai həmrəyliyin güclənməsinə zəmin yaradır.
Bu kontekstdə Ağstafa şəhərində keçirilən “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda regional konfrans da dini və milli dəyərlərin qorunması, müxtəlifliyə hörmət və cəmiyyətdə qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətli müzakirə platforması kimi diqqət çəkir. Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Dövlət Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Azərbaycanın seçdiyi istiqamət: Müasirlik və dini dəyərlər bir arada
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bu gün dünyada, xüsusən də bölgədə baş verən hadisələr Azərbaycanın doğru istiqamətdə hərəkət etdiyinə bir daha tam əminlik yaradır. O, Azərbaycanın inancının, kimliyinin və dəyərlərinin dövlət bayrağının rənglərində ehtiva olunduğunu vurğulayıb:
“Bizim nə keçmişimizlə, nə də gələcəyimizlə bağlı tərəddüdümüz var. Biz türk dünyasının böyük bir parçasıyıq, türklüyümüzlə fəxr edirik. Müasirliyimiz bizim gələcəyə aparan yolumuzu xarakterizə edən əsas elementlərdən biridir və inanc sistemlərimizi yaşatmaqla müasirlik yolunda hərəkət etməyi özümüzə istiqamət seçmişik. Yaxın coğrafiyaya baxdıqda, bir çox ölkələrdə dini etiqadın təmin edilməsi üçün şəraitin olmadığını görürük. Niyə? Çünki bir sıra dövlətlər ciddi böhran içərisindədirlər”.
Sabitlik ən böyük dəyərlərimizdəndir...
R.Məmmədov hazırda inkişaf və sabitliyi Azərbaycanın əsas dəyərlərindən biri kimi qiymətləndirib: “Sabitlik bizim üçün ən böyük dəyərlərdən biridir. Evimizdə rahatlıq, ailəmizlə birgə keçirdiyimiz vaxt bizim üçün böyük dəyərlər sisteminin tərkib hissəsidir. Bu da bizim üzərimizə müəyyən məsuliyyət qoyur. Məsuliyyətimiz bayrağımızın rənglərində əks olunan dəyərlərə böyük hörmətlə yanaşıb, onu qoruyaraq növbəti nəsillərə ötürməkdən ibarətdir. Bunun üçün din xadimlərinin də üzərinə böyük bir məsuliyyət düşür”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikası Media və Yayım Şurası”nın maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.