Bu ölkənin Senatı Korsikaya muxtariyyət verilməsini rədd edib
Azərbaycan hər zaman beynəlxalq müstəvidə haqq-ədalətin tərəfdarıdır, dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır. Müstəmləkəçilikdən əziyyət çəkən ərazilər isə ölkəmizə ümid yeri kimi baxır. Bu baxımdan, Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti xüsusi qeyd edilməlidir. Fəaliyyət göstərdiyi dövr ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan bəziləri BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, eləcə də əməkdaşlıq memorandumları imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurub.
Qondarma “sivilizasiya missiyası” iflasa uğrayıb
BTQ ötən dövr ərzində unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.
181 əleyhinə, 134 lehinə ...
Təəssüf ki, Fransa bəzi xalqları hələ də müstəmləkə altında saxlamağa maraqlı görünür. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.
Bugünlərdə Fransa Senatının Korsika adasına muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini rədd etməsi də rəsmi Parisin gerçək niyyətindən xəbər verir. Senatda keçirilən səsvermədə sənədin əleyhinə 181, lehinə isə 134 senator səs verib. Bu qərar 2022-ci ildən etibarən adanın səlahiyyətlərinin genişləndirilməsi istiqamətində aparılan siyasi prosesə ciddi zərbə vurub.
Senatın sağçı çoxluğu Milli Assambleyanın daha əvvəl qəbul etdiyi mətnə əhəmiyyətli dəyişikliklər etmişdi. Senatorlar Korsikanın “ada icması” kimi tanınmasının Konstitusiyada təsbit edilməsinə qarşı çıxıb, adanın xüsusi səlahiyyətlərinin dairəsini də məhdudlaşdırıblar. Bu dəyişikliklər həm konstitusiya islahatına qarşı çıxanların, həm də təklif olunan variantın muxtariyyət tərəfdarlarının tələblərinə cavab vermədiyini hesab edənlərin narazılığına səbəb olub.
2022-ci ildə sabiq daxili işlər naziri Jerald Darmanenin təşəbbüsü ilə, prezident Emmanuel Makronun tapşırığı əsasında başladılan “Bove prosesi” çərçivəsində siyasi razılaşma 2024-cü ildə Korsika Assambleyası, 2026-cı ilin iyununda isə Fransa Milli Assambleyası tərəfindən dəstəklənib.
Senatın qərarı Korsikada etirazla qarşılanıb
Senatın qərarı isə Korsikanın muxtariyyət tərəfdarlarının və millətçi siyasi qüvvələrinin sərt reaksiyasına səbəb olub. “Femu a Corsica” partiyasının üzvü, Yuxarı Korsika departamentini təmsil edən senator Pol Tussen Pariji əldə edilmiş razılaşmanın dağıdılmasını tənqid edərək, tərəfdarlarının “Bove prosesi”ndən çəkildiyini açıqlayıb. Bastiya şəhərinin meri və muxtariyyət hərəkatının tanınmış nümayəndəsi Jil Simeoni də senatorların mövqeyindən təəssüfləndiyini bildirib. Korsika Millət Partiyası (PNC) da Senatı hörmətsizlikdə ittiham edərək, prosesə dəstəyini geri götürdüyünü elan edib.
Fransa hökuməti isə islahat layihəsinin rədd edilməsinə baxmayaraq, Korsika nümayəndələri ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Ərazi planlaşdırılması və mərkəzsizləşdirmə naziri Fransuaz Qatel son dörd ildə görülən işlərin Senatda lazımi səviyyədə nəzərə alınmamasından təəssüfləndiyini deyib və korsikalı seçilmiş nümayəndələrlə əlaqələri davam etdirəcəyini vurğulayıb.
Senatla Milli Assambleya arasında yaranmış fikir ayrılığı islahatın növbəti prezident seçkilərinədək qəbul olunmasını sual altına qoyur. Fransada konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün layihə parlamentin hər iki palatası tərəfindən eyni mətnlə təsdiqlənməlidir. Daha sonra sənəd referendum yolu ilə və ya parlamentin Konqres formatında keçirilən birgə iclasında, səslərin beşdə üçü həddində dəstəklənməklə qəbul edilə bilər.
Beləliklə, Korsikaya muxtariyyət statusunun verilməsi istiqamətində başladılan siyasi prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
BTQ Fransa Senatının mövqeyini pisləyib
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu olaraq Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyirik. Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov məsələ ilə bağlı mətbuata verdiyi açıqlama bildirib ki, oktyabrın 26-da Fransa Senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir. Onun sözlərinə görə, 4 ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılması qəbuledilməzdir. Xüsusilə korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir.
A.Abbasov qeyd edib ki, Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür. Korsika xalqının muxtariyyət tələbinin Fransanın birliyinə təhlükə kimi qələmə verilməsi xüsusilə absurd görünür. Bir xalqın öz dilini, mədəniyyətini, tarixi kimliyini və siyasi səlahiyyətlərini qorumaq onların fundamental haqqıdır. Əsl təhlükə bu legitim tələblərin sistemli şəkildə rədd edilməsi və xalqların siyasi iradəsinin mərkəzi hakimiyyətin maraqlarına qurban verilməsidir.
“Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının legitim iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa, əldə olunmuş razılaşmalara sadiq qalmağa və muxtariyyət məsələsində real siyasi iradə nümayiş etdirməyə çağırır və beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və müvafiq beynəlxalq institutları Fransa dövlətinin Korsika xalqının legitim siyasi tələblərinə münasibətdə nümayiş etdirdiyi bu ədalətsizliyə laqeyd qalmamağa dəvət edir”,- deyə icraçı direktor vurğulayıb.
Nardar BAYRAMLI