Mənəvi məsuliyyət, tarixi ədalət

Azərbaycanın bir qrup QHT nümayəndəsi M.Pezeşkiana məktubla müraciət edərək ondan İranda yaşayan soydaşlarımızın ana dilində təhsil almalarına şərait yaradılmasına dəstək verməsini xahiş ediblər.

Azərbaycanın davamlı dövlət dəstəyi sayəsində güclənən vətəndaş cəmiyyəti təsisatları ölkəmizin hüdudlarından kənarda da xalqımızın maraqlarının qorunmasında yüksək fəallıq və həmrəylik nümayiş etdirirlər. Bunun təsdiqi olaraq bir qrup QHT nümayəndəsi noyabrın 2-də İranın Azərbaycandakı səfirliyinə gedərək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib. Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər.

QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar. Qeyd edək ki, məktubda Pezeşkiandan İranda yaşayan soydaşlarımızın ana dilində təhsil almalarına şərait yaradılmasına dəstək verməsi xahiş olunur.

Niyə məhz Pezeşkian?

Qonşu İran özünəməxsus dövlət quruluşuna malik olan bir ölkədir və hakimiyyətin müxtəlif qolları var. Təbii ki, bu ölkədə indiyədək prezidentlər olub və bundan sonra da olacaq. Məsud Pezeşkian İranın 9-cu Prezidentidir. O, 2024-cü ildə keçirilən prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparıb və qalib gəlib.  Dövlət başçısı statusunda vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlayıb.

Sual oluna bilər: Azərbaycanın QHT nümayəndələri nə üçün İranın azərbaycanlılar yaşayan ostanlarında ana dilində təhsil müəssisələrinin yaradılması xahişi ilə müraciəti əvvəlki prezidentlərə və yaxud hakimiyyətin digər qollarına deyil, məhz M.Pezeşkiana ünvanlayıblar? Sualın cavabı olaraq bildirək ki. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Məsud Pezeşkianın milli kimliyə bağlı olmasını nəzərə almaqla müraciətlərini  məhz ona ünvanlamağı məqsədəuyğun sanıblar. Məktubda QHT təmsilçiləri Pezeşkianın Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyi məhəbbət və hörmətin təqdirəlayiq olduğuna xüsusi vurğu edirlər. Məsud Pezeşkian İranın müəyyən dairələrində xoş qarşılanmasa da, müxtəlif çıxışlarında ana dilində şeirlər səsləndirir, Azərbaycan atalar sözlərinə müraciət edir, ailə üzvləri ilə doğma ana dilində ünsiyyət qurur  və bu dilə bağlılığını qürurla nümayiş etdirir. O, publik çıxışlarında etnik mənsubiyyətini və milli kimliyini heç vaxt gizlətməyib, əksinə hər zaman bunu qürurla diqqətə çatdırıb. Məsud Pezeşkian BBC-yə verdiyi bir açıqlamasında Azərbaycanda doğulduğunu xüsusi olaraq vurğulayıb. Güney Azərbaycanda (Təbrizdə) milli kimliyin rəmzlərindən biri hesab olunan, azərbaycanlıların geniş dəstəklədiyi məşhur “Traktor” (Təbriz) futbol klubunun sadiq azarkeşi olması da onun milli kimliyinə necə böyük önəm verməsinin daha bir göstəricisidir.

M.Pezeşkianın İranın dövlət başçısı kimi ölkəmizə münasibətdə xoş məramdan çıxış etməsi də diqqətdən kənarda qala bilməz. O, Prezident seçildikdən sonra Azərbaycan Respublikası ilə əlaqələrin “dostluq və qardaşlıq” prinsiplərinə əsaslandığını tez-tez bəyan edir. Onun dövründə iki ölkə arasında əvvəlki illərdə yaşanan gərginlik və soyuqluq böyük ölçüdə aradan qalxıb. M.Pezeşkian 2025-ci ilin aprel ayında dövlət başçısı statusunda  respublikamıza ilk rəsmi səfərini reallaşdırırb. Həmçinin 2025-ci ilin iyul ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT)  Xankəndidə baş tutan Zirvə görüşünə qatılıb. M.Pezeşkian ölkəsində keçirilən mühüm tədbirlərin birində bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına  üzv olan dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayan ölkədir.

M.Pezeşkian iki ölkə arasında sərhədlərin, yolların və regional marşrutların (məsələn, Ağbənd layihəsi) açılmasının tərəfdarı kimi çıxış edir və üçüncü tərəflərin Azərbaycan-İran əlaqələrinə zərər vurmasına icazə verilməməli olduğunu vurğulayır . O həmçinin regional böhranlar və çətin dövrlərdə Azərbaycanın İrana göstərdiyi dəstəyi, eləcə də humanitar yardımları hər zaman yüksək qiymətləndirdiyini şəxsən dilə gətirib və bununla bağlı minnətdarlığını ifadə edib.

Qonşu ölkədə azərbaycanlıların ana dilində təhsil almaq hüququ tanınmalıdır

Azərbaycan zamanında regioal güc mərkəzlərinin - imperiyaların məkrli planları əsasında iki yerə bölünüb. Bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf edir. Xalqımız öz taleyinin sahibidir. Ölkəmiz qısa müstəqillik tarixində böyük uğurlar qazanıb.  Bu gün Azərbaycanın dünya miqyasında orta güc dövləti kimi qəbul edilməsi son dərəcədə qürurvericidir. Eyni zamanda, Azərbaycan xalqı elm, təhsil, mədəniyyət sahəsində böyük uğurlara imza atıb. Respublikamızda ana dilində çoxlu sayda  təhsil müəssisəsi fəaliyyət göstərir.

Bəs İranda yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil almaq hüququ niyə tanınmır? QHT təmsilçilərinin Pezeşkiana ünvanladıqları məktubda azərbaycanlıların İranın ictimai-siyasi həyatında mühüm rol oynadıqları bildirlir. Qonşu ölkədə soydaşlarımız müxtəlif sahələrdə çalışaraq böyük uğurlara imza atırlar. M.Pezeşkianın tərcümüyi-halı da soydaşlarımızın nə qədər yüksək intellektual potensiala malik olduqlarını əyani şəkildə təsdiqləyir. Bu reallıqlar ortada ikən İranda azərbaycanlıların ana dilində təhsil almalarına şərait yaradılmamasının məntiqi başa düşülmür.  O da təəccüblüdür ki, qonşu ölkədə yaşayan azsaylı ermənilərin ana dilində məktəbləri fəaliyyət göstərir, bu dildə nəşrlər çap olunur. On milyonlarla azərbaycanlı isə ana dilində təhsildən kənarda qalır...

Bu kimi reallıqlar nəzərə alınmaqla məktubda M.Pezeşkiana çağırış edilir. “... İnanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız. Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb”, - deyə QHT təmsilçiləri vurğulayıblar.

Məktubda Azərbaycanın  QHT təmsilçiləri Məsud Pezeşkiana xitabla onu da vurğulayıblar ki, milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir. Məktubda oxuyuruq: “İnanırıq ki, məhz sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir. Biz - Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”.

Mübariz FEYİZLİ