Dövlət bayrağı– milli dövlətçilik və suverenliyin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli kimliyimizin, dövlət müstəqilliyimizin və suverenliyimizin ən mühüm rəmzlərindən biri olmaqla yanaşı, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, azadlıq ideallarını və milli həmrəyliyini özündə təcəssüm etdirir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin, milli özünüdərkin və dövlətçilik iradəsinin parlaq təzahürüdür. Bu baxımdan, 9 Noyabr – Dövlət Bayrağı Günü yalnız dövlət rəmzlərimizdən birinə ehtiramın ifadəsi deyil, həm də milli tariximizə, müstəqillik ideallarımıza və dövlətçilik ənənələrimizə bağlılığımızın nümayişidir.

Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikir üçrəngli bayrağımızın siyasi və ideoloji mahiyyətini, onun milli dövlətçilik sistemindəki müstəsna yerini aydın şəkildə ifadə edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə qəbul edilmiş, müstəqil Azərbaycan dövlətinin rəsmi atributlarından birinə çevrilmişdir. Bayrağın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq prinsipləri dövrün milli istiqlal ideologiyasının əsasını təşkil edirdi. Görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin ideya irsi ilə bağlı olan bu prinsiplər xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını, müasir inkişaf meyillərini və ümumbəşəri ideallara sadiqliyini özündə birləşdirirdi. Beləliklə, üçrəngli bayraq yarandığı ilk gündən yalnız dövlət atributu deyil, həm də milli ideologiyanın və siyasi özünüdərkin simvolu kimi formalaşmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın dövlət statusunu itirməsi onun milli yaddaşımızdan silinməsi demək deyildi. Müstəqillik ideyasının yaşadılması və dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan tarixi addımlardan biri 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir. Həmin sessiyada 1918-ci ildə qəbul edilmiş üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmiş, eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında onun ümumrespublika səviyyəsində dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırılmışdır.

Bu qərar sovet hakimiyyətinin hələ mövcud olduğu mürəkkəb siyasi şəraitdə milli müstəqillik ideyasının açıq şəkildə ifadəsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyırdı. Ümummilli Liderin bu təşəbbüsü Azərbaycan xalqının dövlətçilik yaddaşının bərpasına, milli istiqlal düşüncəsinin güclənməsinə və gələcək müstəqilliyin ideoloji-siyasi əsaslarının formalaşmasına mühüm töhfə verdi. Təsadüfi deyil ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən Dövlət Bayrağı elan etdi. Həmin ilin oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə isə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi və onun dövlət rəmzlərinin bərpası hüquqi baxımdan təsbit olundu.

Müstəqilliyin bərpasından sonra dövlət atributlarının hüquqi statusunun müəyyənləşdirilməsi, onların qorunması və cəmiyyətdə dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Dövlət Bayrağının təsviri və istifadəsi müvafiq qanunvericilik aktları ilə tənzimləndi, onun dövlət rəmzi kimi konstitusion statusu möhkəmləndirildi. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzləridir. Konstitusiyanın 75-ci maddəsi isə hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etmək vəzifəsini müəyyən edir. Bu müddəalar dövlət atributlarına ehtiramın yalnız mənəvi məsələ deyil, həm də konstitusion və vətəndaşlıq məsuliyyəti olduğunu göstərir.

Dövlət Bayrağının ictimai və siyasi əhəmiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında Bakıda Dövlət Bayrağı Meydanının yaradılması xüsusi yer tutur. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə əsası qoyulan bu layihə Azərbaycanın dövlətçilik rəmzlərinə verdiyi yüksək dəyərin ifadəsinə çevrildi. 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı keçirildi, həmin ilin noyabrın 9-da isə Dövlət Bayrağı Muzeyi fəaliyyətə başladı. Muzeydə müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqlarının, eləcə də milli dövlətçilik tariximizi əks etdirən eksponatların nümayiş etdirilməsi tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanının yenidən açılması və Prezident İlham Əliyevin burada Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizə yeni rəmzi məzmun qazandırdı. Yenilənmiş meydanda dünyanın ən böyük bayrağının dalğalanması Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi beynəlxalq mövqeyinin, milli qürurunun və siyasi iradəsinin nümayişidir. Dövlət Bayrağı Muzeyində yaradılmış “Zəfər qalereyası” isə üçrəngli bayrağımızın Vətən müharibəsində qazanılmış tarixi Qələbə ilə bağlılığını əks etdirən mühüm ekspozisiyadır.

Azərbaycan dövlətçiliyinin müasir mərhələsində üçrəngli bayrağımızın siyasi mahiyyəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə daha da zənginləşmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, dövlət suverenliyinin bütün ərazilərimizdə təmin olunması istiqamətində tarixi mərhələ tamamlanmışdır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması milli iradənin, tarixi ədalətin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dövlət siyasətinin təntənəsi kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı üçrəngli bayrağımızın ucaldılması, xüsusilə Şuşa və Xankəndidə dalğalanması dövlətçilik tariximizin ən əlamətdar hadisələri sırasındadır. Bu mənzərə yalnız hərbi-siyasi Qələbənin deyil, həm də xalqımızın tarixi yaddaşına, milli kimliyinə və dövlət suverenliyinə sahib çıxmaq əzminin təcəssümüdür. Vaxtilə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə dövlətçilik ənənələrinə qaytarılan bayrağımız bu gün müstəqil Azərbaycanın bütün ərazilərində dalğalanır.

Dövlət Bayrağının milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində də mühüm rolu vardır. Bayraq cəmiyyətin müxtəlif sosial və siyasi təbəqələrini vahid milli ideya ətrafında birləşdirən, ümumi tarixi keçmişə və ortaq gələcəyə bağlılığı ifadə edən mənəvi-siyasi amildir. Bu baxımdan, xüsusilə gənc nəslin dövlət rəmzlərinin tarixi və ideoloji mahiyyətini dərindən dərk etməsi, onlara hörmət və ehtiramla yanaşması mühüm əhəmiyyət daşıyır. Dövlətçilik ənənələrinin davamlılığı yalnız hüquqi və siyasi institutların fəaliyyəti ilə deyil, həm də bu dəyərləri mənimsəyən və qoruyan vətəndaşların formalaşması ilə təmin olunur.

Üçrəngli bayrağımızın şərəf və qürur rəmzi kimi qəbul edilməsi, onun hər bir vətəndaşın mənəvi dünyasında xüsusi yer tutması dövlət müstəqilliyinə bağlılığın göstəricisidir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev bayrağa münasibətdə milli məsuliyyət məsələsini xüsusi vurğulayaraq bildirmişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Bu çağırış müstəqil dövlətimizin hər bir vətəndaşının üzərinə düşən mənəvi və vətəndaşlıq məsuliyyətini ifadə edir.

Bu gün Azərbaycan Bayrağı beynəlxalq təşkilatların iqamətgahları qarşısında, ölkəmizin diplomatik nümayəndəliklərində, dövlət və ictimai müəssisələrdə, eləcə də azad edilmiş ərazilərimizdə dalğalanaraq müstəqil Azərbaycanın siyasi iradəsini və beynəlxalq mövqeyini təcəssüm etdirir. “Azərbaycan Bayrağı” ordeninin təsis edilməsi, dövlət rəmzlərinin qorunması və istifadəsinə dair qanunvericilik bazasının formalaşdırılması da bayrağa verilən yüksək dövlət və ictimai dəyərin hüquqi ifadəsidir.

Beləliklə, 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının müstəqillik tarixini, milli dövlətçilik ənənələrini, siyasi varisliyi və tarixi Zəfərini özündə birləşdirən əlamətdar gündür. Üçrəngli bayrağımızın keçdiyi tarixi yol xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinə sadiqliyinin və milli həmrəyliyinin parlaq nümunəsidir. Bu bayraq dünən istiqlal mübarizəmizin, bu gün suverenliyimizin və Qələbəmizin, sabah isə müstəqil Azərbaycanın davamlı inkişafının və gələcək nəsillərə ötürüləcək dövlətçilik əmanətinin rəmzi olaraq daim yüksəklərdə dalğalanacaqdır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini