Prezident İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Hər bir dövlətin uzunmüddətli inkişafını, siyasi dayanıqlığını və tarixi perspektivlərini müəyyən edən başlıca amillərdən biri onun milli ideoloji dayaqlarının möhkəm olmasıdır. Tarixin müxtəlif mərhələlərində xalqları sınaqlardan çıxaran, mürəkkəb geosiyasi şəraitdə özünəməxsusluğunu qoruyub saxlamasına imkan yaradan məhz ortaq milli düşüncə, mənəvi bağlılıq və dövlətçilik şüurudur. Azərbaycan üçün bu baxımdan Azərbaycançılıq ideologiyası müstəsna əhəmiyyət daşıyır. Çünki ölkəmizin coğrafi mövqeyi, çoxəsrlik dövlətçilik tarixi, etnik və dini müxtəlifliyi cəmiyyətin vahid məqsədlər ətrafında birləşməsini zəruri edən mühüm reallıqlardır.
Azərbaycançılıq yalnız milli kimliyin ifadəsi deyil, həm də dövlətə, Vətənə, tarixə və gələcəyə münasibəti müəyyənləşdirən bütöv dünyagörüşüdür. Bu ideologiya fərqli etnik mənsubiyyətə və dini etiqada malik insanların eyni dövlətin vətəndaşı olmaqdan doğan məsuliyyətini, hüquq və vəzifələrini ümumi milli maraqlar çərçivəsində bir araya gətirir. Beləliklə, cəmiyyətdə fərqliliklər qarşıdurma mənbəyinə deyil, milli zənginliyin və ictimai həmrəyliyin tərkib hissəsinə çevrilir.
Müasir dövrdə dünyada etnik, dini və siyasi ziddiyyətlərin dərinləşdiyi, müxtəlif regionlarda milli parçalanma meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycanın qoruyub saxladığı ictimai sabitlik təsadüfi deyil. Bu, illər ərzində formalaşdırılmış dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığın və Azərbaycançılıq məfkurəsinin cəmiyyət həyatında qazandığı mövqenin nəticəsidir. Məhz bu ideoloji bütövlük Azərbaycanın həm daxili inkişafının, həm də beynəlxalq müstəvidə müstəqil siyasət yürütmək imkanlarının mühüm təminatlarından birinə çevrilib.
Azərbaycançılıq – cəmiyyətin birliyini təmin edən ortaq ideoloji platforma
Azərbaycanın dövlətçilik modelini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri milli-mənəvi irslə müasir inkişaf prinsiplərinin üzvi şəkildə uzlaşdırılmasıdır. Ölkəmiz əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və etnik ənənələrin qarşılıqlı münasibətdə olduğu coğrafiyada formalaşıb. Bu tarixi təcrübə Azərbaycan cəmiyyətində dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin möhkəm köklər salmasına şərait yaradıb. Bu gün həmin ənənələr sadəcə tarixi irs kimi qorunmur, həm də dövlət siyasətinin və ictimai münasibətlərin mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilir.
Azərbaycançılığın əsas üstünlüyü ondan ibarətdir ki, o, insanları etnik mənsubiyyətinə, dini baxışlarına və mədəni fərqlərinə görə ayırmır. Əksinə, bütün bu müxtəlifliyi vahid dövlətçilik mənafeyi ətrafında birləşdirir. Azərbaycan vətəndaşı olmaq, ölkənin taleyinə ortaq məsuliyyət daşımaq, onun suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək ümumi milli kimliyin əsas məzmununu təşkil edir. Bu yanaşma cəmiyyətdə mənəvi yaxınlığı gücləndirməklə yanaşı, milli həmrəyliyin sosial dayaqlarını da genişləndirir.
Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqını təbrikində bildirib ki, bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür: "Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik. Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir".
Beləliklə, Azərbaycançılıq müxtəlifliyin vahidliyə qarşı qoyulmadığı, hər bir vətəndaşın özünü ümumi dövlətçilik ailəsinin bərabərhüquqlu üzvü hesab etdiyi ictimai münasibətlər sistemidir. Bu sistemin möhkəmliyi Azərbaycanın daxili sabitliyinin və milli birliyinin ən mühüm təminatlarından biridir.
Heydər Əliyev ideyaları - Azərbaycançılığın tarixi missiyası
Azərbaycançılıq ideologiyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşması və sistemli şəkildə inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə mürəkkəb şəraitdə cəmiyyətin vahid məqsəd ətrafında toparlanması, dövlətin gələcəyinə inamın bərpası və milli maraqların ümumi siyasi xəttə çevrilməsi həyati zərurət idi. Heydər Əliyevin tarixi xidmətlərindən biri məhz bu zərurəti düzgün qiymətləndirərək Azərbaycançılığı dövlətin ideoloji dayağı səviyyəsinə yüksəltməsi oldu.
Ulu Öndər milli birliyi yalnız siyasi çağırışlarla deyil, konkret dövlətçilik mexanizmləri, hüquqi islahatlar və cəmiyyətin bütün təbəqələrini əhatə edən inkişaf strategiyası ilə möhkəmləndirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, vətəndaşların bərabərliyi, milli-mənəvi dəyərlərin qorunması və demokratik inkişaf üçün fundamental çərçivə yaratdı. Dünya azərbaycanlılarının həmrəyliyinin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi, 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması da bu ideoloji xəttin əhatə dairəsini genişləndirdi.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun tarixi əhəmiyyəti ondadır ki, Azərbaycançılıq keçid dövrünün böhranlarına cavab verən ideya olmaqla kifayətlənmədi, gələcək nəsillərin dövlətçilik düşüncəsini formalaşdıran davamlı konsepsiyaya çevrildi. Bu ideoloji irs sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitin tələblərinə uyğun zənginləşdirildi. Xüsusilə 44 günlük Vətən müharibəsində xalqın, dövlətin və ordunun nümayiş etdirdiyi sarsılmaz həmrəylik Azərbaycançılığın real milli gücə çevrildiyini təsdiqlədi.
Bu gün Azərbaycançılıq həm tarixi yaddaşın qorunması, həm də strateji hədəflərin müəyyənləşdirilməsi baxımından dövlətin ideoloji istiqamətini müəyyən edən əsas amillərdəndir. Onun missiyası nəsillər arasında mənəvi varisliyi təmin etmək, milli maraqları qorumaq və Azərbaycanı gələcək çağırışlara daha hazırlıqlı etməkdir.
Müstəqilliyin gücü və gələcəyin təhlükəsizliyi – Azərbaycanın strateji hədəfləri
Azərbaycanın müasir inkişaf mərhələsində qazandığı ən mühüm nailiyyətlərdən biri müstəqilliyin, dövlətçiliyin, suverenliyin gücə çevrilməsidir. Bu gün ölkəmiz öz daxili və xarici siyasət prioritetlərini müstəqil müəyyənləşdirən, iqtisadi imkanlarına, hərbi potensialına və diplomatik nüfuzuna əsaslanaraq beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən dövlətdir. Ən başlıcası, Azərbaycan milli maraqlarını fərqli siyasi iradələrə uyğunlaşdırmadan müdafiə edir. Bu, uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü siyasətin və dövlət quruculuğunun nəticəsidir. Ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və müdafiə sənayesinin inkişafı milli gücün müxtəlif istiqamətlər üzrə artırılmasına xidmət edir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər, 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində tam bərpa olunması isə Azərbaycanın hərbi-siyasi iradəsinin və dövlətçilik qətiyyətinin miqyasını nümayiş etdirdi. Bununla da ölkəmiz öz təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyünü qorumaq məsələsində prinsipial mövqeyini bütün dünyaya göstərdi.
Lakin güclü dövlət olmaq yalnız əldə edilmiş nailiyyətlərlə kifayətlənmək demək deyil. Müasir beynəlxalq münasibətlər sistemində güc balansı daim dəyişir, yeni təhdidlər və rəqabət istiqamətləri meydana çıxır. Buna görə də Azərbaycanın qarşısında duran əsas hədəf mövcud potensialı daha da artırmaq, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, texnoloji inkişafı təmin etmək, ordunun müdafiə qabiliyyətini daha da yüksəltmək və insan kapitalına yatırımları genişləndirməkdir. Məqsəd elə bir dövlət modeli formalaşdırmaqdır ki, Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və milli maraqlarına qarşı yönələn istənilən təzyiq əvvəlcədən ciddi çəkindirici amillə üzləşsin. Prezident İlham Əliyev xalqımıza təbrikində hər birimizin bu sözləri özümüzə dediyimizə əminliyini ifadə edib: "Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".
Bəli, bu strateji yanaşmanın ideoloji dayağı da məhz Azərbaycançılıqdır. Çünki güclü ordu, dayanıqlı iqtisadiyyat və müstəqil diplomatiya ilə yanaşı, milli birlik və cəmiyyətin dövlət ətrafında həmrəyliyi təhlükəsizliyin ayrılmaz şərtidir. Azərbaycanın gələcək uğurları bu amillərin vəhdətinə, milli iradənin davamlılığına və müstəqilliyin qorunmasına yönəlmiş ümumi məsuliyyətə hədəflənib…
Pərviz SADAYOĞLU