ZƏFƏR ətirli Şuşa səfəri və bütün dünyaya XƏBƏRDARLIQ: “Bu birlik əbədi olacaq!”

ZƏFƏR ətirli Şuşa səfəri və bütün dünyaya XƏBƏRDARLIQ: “Bu birlik əbədi olacaq!”

Budur, bütün bəd ssenarilər pozuldu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti səmimi görüşləri, dost-düşmənə ünvanlı ismarışları ilə, “Bir millət, iki dövlət”in birlik strategiyası üzərində qurulmuş siyasətini növbəti dəfə nümayiş etdirməklə çoxlarına dərs verdilər!    

Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən olan Azərbaycan və Türkiyənin yanaşı, dik duruşu həm də 300 milyondan artıq Türk Dünyasının nicatı deməkdir, bu duruşa xələl gətirmək istəyənlər məğlubiyyətlərini daim göz önünə gətirsinlər! Türk Dövlətləri Təşkilatının təməlinin qoyulduğu Naxçıvan bölgəmiz az sonra Turan qapısının – Zəngəzur dəhlizinin vazkeçilməz ünvanına çevriləcək, qarşıda bu iki dövlətin görəcəyi o qədər önəmli işlər var ki…

Liderlərimiz aranı qarışdırmaq istəyənlərin həm də böyük hədəflərimizin qarşısını almaq niyyətilə ortaya düşdüklərinin fərqindədirlər. Elə Türkiyə Prezidentinin Qarabağa səfərinin, Azərbaycan Prezidenti ilə görüşünün əsasında da böyük amallara qarşı dayananlara gözdağı vermək və bir daha əqrəbləri tutuşdurub, yola davam etmək məramı dayanırdı. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik sazişinə Şuşada yeni nəfəs verildi! Düz 6 il öncə Ermənistanın işğalından azad edilmiş Şuşada imzalanmış Müttəfiqlik haqqında Bəyannamə müasir dövrümüzün Qars Müqaviləsi də adlandırılır.

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan və Türkiyə arasında körpülər daha möhkəm təməllər üzərində qurularkən kimlərin nə hünəri ortaya girib, suları bulandırsınlar? Gələcəkləri varsa da, görəcəkləri də var! Necə ki, işıqlar yandırılan kimi, Türkiyənin tarixi ünvanlarında, körpülərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı işıqlandırılan kimi, türk ad-soyadları altında gizlənmiş türk düşmənləri də işıqdan qaçan yarasalar kimi qeybə çəkildilər, “ulduza hürənlər” yoxa çıxdılar…

Prezident İlham Əliyev 8 noyabr 2026-cı il tarixdə Şuşada Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə Azərbaycan və Türkiyə dövlətlərinin və liderlərinin münasibətlərini pozmağa çalışanların arzusunu ürəyində qoydu. Sitat: “Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”.

Əsrlər keçəcək, Azərbaycan və Türkiyə tarixçiləri İlham Əliyevin Türkiyə Prezidentinə və xalqına təşəkküründən minnətdarlıqla bəhs edəcəklər. Bəlkə də çox keçməyəcək, bu tarixi kəlmələr, qardaşlığımızı simvolizə edən qızıl misralar azad Qarabağın görkəmli ünvanlarından birində qızıl hərflərlə həkk olunacaq. Niyə də olmasın?

Dövlət başçımız bir daha xatırlatdı ki, 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb: “Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”.

Azərbaycan Prezidenti Şuşa ucalığından sanki bütün dünyaya bir daha bəyan etdi: “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Möhtəşəm bəyanatdır, su bulandıranlara, qan qaraldanlara, qardaşlar arasına girməyə səy-səy səy göstərənlərə, onların havadarlarına, təxribat ssenarilərini işləyib hazırlayan mərkəzlərə, paytaxtlara ünvanlanmışdı. Bu xəbərdarlıqlarda hər şey var. Bundan sonra Türkiyə və Azərbaycanın birliyinə kölgə salmaq istəyənlərin anındaca dərsi verilməli, özü kölgə yerinə, ayaqlar altına atılmalıdır! Azərbaycan Prezidentinə böhtan atan sürü düşüncəlilərin, ulduza hürən köpəklərin səsinin ucalmasına bir daha imkan vermək olmaz! Əllərindən ciddi bir iş gəlməz, bu birlik, müttəfiqlik qarşısında, amma ürək bulandırırlar, sadəcə…

Azərbaycan Prezidenti Türkiyəyə dil uzadanların da cavabını məhz azad Qarabağdan, Türk torpaqlarından, Şuşa Zirvəsindən verdi: “Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük”.

Dövlətimizin başçısı bildirdi ki, böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir. Və növbəti önəmli birlik mesajı: “Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur”.

Azərbaycan Prezidenti Türkiyə Lideri ilə görüşdə siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi kimi bütün məsələlərin geniş müzakirə olunduğunu qısaca vurğulayıb diqqəti əsas məsələnin üzərinə gətirdi. Sitat: “Səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.

Bəli, cənab Ərdoğanın Qarabağ səfərini bir kəlmə ilə ifadə etmək lazım gələrsə, bu, yetərlidir. Türkiyə-Azərbaycan birliyinin əbədi, sarsılmaz olduğunu hər kəs hafizəsində yaxşı-yaxşı saxlamalı, ölkələrimizə pis niyyətlə boylanmağa cəhd göstərənlər də kar qulaqlarında sırğa eləməlidirlər!

Azərbaycan və Türkiyə strateji müttəfiqliyi və qardaşlığı ortaq tarixə, dilə, mədəniyyətə və qarşılıqlı siyasi-hərbi iradəyə əsaslanan sarsılmaz bir birlikdir. Odur ki, bizi bir-birimizdən ayırmaq müşkül məsələdir. Eyni zamanda bu birlik Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizlik və nəqliyyat-enerji layihələrinin - o cümlədən Zəngəzur dəhlizinin - reallaşmasında mühüm rol oynayır. Üstəlik, münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirir. Belə olduğu təqdirdə aranı qarışdırıb, suları bulandırıb “balıq tutmaq istəyənlər” hansı qafanın sahibləridir ki, aralığa girirlər, belələri nə yeyib nə içirlər, doğrudanmı nəsə əldə edə biləcəklərini zənn edirmişlər?! Deyilmişdi axı, “Bizim bir ailəmiz var – Türk dövlətləri ailəsi”. Deyilmişdi axı, biz “Bir millət, iki dövlətik”. Deyilmişdi axı, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bütün bunlardan sonra da ətlə dırnağın arasına girmək?! “Bir millət, iki dövlət”in – BİR AİLƏnin daxili işlərinə burun soxmaq istəyənlərin cavabı verildi Şuşa ucalığından!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir”, deməklə də türk düşmənlərinin başına qaynar su səpdi. Davamı daha möhtəşəm oldu: “2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”. Türkiyədən qapıların açılmasını gözləyən Ermənistana da mesaj verildi: “Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik”.

Qarabağda yenidən yanan hər ocaq, yüksələn hər bina və bərpa olunan tarixi miras Azərbaycan xalqının gələcəyə inamını göstərir, deyən cənab Ərdoğan bildirdi ki, inşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və bərpa fəaliyyətlərinə töhfə verməyə davam edəcəyik. Türkiyə-Azərbaycan əməkdaşlığının azad Qarabağdakı töhfələrindən nümunələr də gətirdi: “Ən son Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur. Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik”. Nə gözəl anons, demək gələn il də başqa bir törən olacaq, həm də 40 otaqlı məktəb!!!

Yeddi tuneldən keçib Qala şəhərə qalxdığını zövqü-səfa ilə dilə gətirən Türkiyə Liderinin “Şuşaya gələrkən haradan-haraya gəldiyimizi görməyin xoşbəxtliyi içərisindəyik. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha çox fərqli olacaq, Füzuli başqa cür fərqli olacaq. Çünki bu işə inanan, can yandıran bir lider var, bir komanda var. Bu lider, bu komanda eyni inancla və eyni qətiyyətlə yoluna davam edir”, sözləri də R.T.Ərdoğanın Azərbaycanın Zəfərinə, Azərbaycan Prezidentinin qurub-yaratmaq bacarığına, əzminə səmimi münasibətin ifadəsidir.

“Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmaqda, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməkdə, inşallah, davam edəcəyik” ANDInı da gərək kimsə unutmasın! Böyük Bəxtiyar Vahabzadənin

“Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə”, misraları,

“Rəbbim ay-ulduzlu al Bayrağımızla şanlı Azərbaycan Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını nəsib etsin. 9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi hisslərimlə təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”, təbrik-duası da gözəl oldu. Ələlxüsus iki Liderin əl-ələ, qol-qola duruşu! Qoşa “Dəmir Yumruq”ları xatırlatdı…

Liderlərimizin bir yerdə Xocalı Soyqırımı Memorialını ziyarət etməsi, soyqırım dəhşətləri barədə məlumatların ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın Memorialın xatirə kitabına ürək sözlərini yazması, liderlərin Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyması...

Türkiyə Prezidentinin şərəfinə verilən ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın incəsənət xadimləri, həmçinin Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşməsi, fotolar çəkdirmələri, Azərbaycan Prezidentinin Qarabağı azad edən igidləri təqdim etməsi də yaddaqalan hadisə oldu.

Və Şuşa qalasının qarşısında şəkil çəkdirən zaman cənab Ərdoğanın fotoqrafa “elə çək ki, Şuşa yazısı tam düşsün”, deməsi də unudulmazdır. Hələ Xarıbülbül söhbəti…

Bütövlükdə bu səfər bir başqa səfər oldu, həm də Türkiyə və Azərbaycanın düşmənlərimiz, bədxahlarımız üzərində birgə ZƏFƏRİ oldu! Əbədi olsun, inşallah!

Elşad Paşasoy