KTMT-dən İrəvana sərt təpki

KTMT-dən İrəvana sərt təpki

Artıq bir neçə ildir ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında izlənilən ziddiyyətlər özünün kuliminasiya nöqtəsinə çatmaqdadır. Bu günlərdə KTMT-nin Moskvada keçirilən sammitinin iştirakçıları Ermənistanın təşkilatda səsvermə hüququndan və onun orqanlarında məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul ediblər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Kremlin nümayəndəsi açıqlamasında qərarın KTMT-nin nizamnaməsinə uyğun olaraq qəbul edildiyini bildirib. D.Peskovun sözlərinə görə, buna əsas kimi Ermənistanın bir neçə il ərzində təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsi göstərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəmədiyini bildirmişdi.

Ermənistanın əsassız arqumenti - rəsmi İrəvan müharibədəki məğlubiyyətinin səbəbini KTMT-də axtarır

İlk növbədə onu aydınlaşdırmaq lazımdır ki, Ermənistanla KTMT arasında ziddiyyətlər hansı səbəblərə görə yaranıb. Müşahidələr onu göstərir ki, KTMT-də yer alan dövlətlərin Ermənistanın qurumdakı fəaliyyətini hansısa bir formada məhdudlaşdırmaq və yaxud bu ölkəni təşkilatdan tamamilə xaric etmək kimi bir niyyətləri olmayıb və bu gün də yoxdur.Hətta son illərdə rəsmi İrəvanın KTMT-yə münasibətdə nümayiş etdirdiyi adekvat olmayan davranışları belə üzv dövlətlər tərəfindən hər zaman səbrlə qarşılanıb.

Ziddiyyətlər sırf Ermənistan tərəfindən qaynaqlanır. Məlumdur ki, Ermənistan onilliklər boyunca Rusiyanın forpostu qismində çıxış edib. Elə bu ölkəni Moskvanın dominant rol oynadığı KTMT-yə gətirən əsas səbəb də Rusiyadan daha genişmiqyaslı dəstək və yardıım almaq niyyəti olub. Rəsmi İrəvan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək və daha da genişləndirməklə bağlı qurduğu planlarda KTMT-ni ən etibarlı çətir hesab edirdi.

Ancaq hadisələrin sonrakı gedişi göstərdi ki, başda Nikol Paşinyan olmaqla Ermənistan rəsmiləri və ideoloqları düzgün dəyərləndirmələr aparmayıblar. Azərbaycan işğal faktı ilə barışmadı və 2020-ci il sentyabrın 27-də Ermənistanın keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Düşmən müharibənin ilk günündən ağır zərbələr aldı. Döyüş meydanında acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan dəhşətli müharibə cinayətlərinə əl atmaqla yanaşı, həm də KTMT-dən kömək istədi. Lakin rəsmi İrəvanın bu istəyi təmin oluna bilməzdi. Çünki müharibə Azərbaycan üçün ədalətli müharibə idi, döyüşlər ölkəmizin ərazisində gedirdi, faktiki olaraq Ermənistana hücum edilməmişdi. Məhz buna görə də KTMT-nin müharibəyə hər hansı formada müdaxilə etməsinə hüquqi əsas yox idi.

Digər tərəfdən, KTMT-də təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycanla  çox yaxşı münasibətlərə malikdirlər. Ölkəmiz qurumda təmsil olunmasa da, bütün üzv dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub və bu münasibətləri ikitərəfli platformalarda uğurla inkişaf etdirir.

Beləliklə, rəsmi İrəvanın KTMT-dən müharibəyə müdaxilə etmək istəyi tamamilə əsassız arqumentə söykənirdi. Müharibə Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı. Bundan sonra rəsmi İrəvan, necə deyərlər,  günah keçisi axtarışına çıxdı və müharibədəki uğursuzluğunu KTMT-nin öhdəliklərinə əməl etməməsi ilə əlaqələndirdi. Son altı ildə bununla bağlı Nikol Paşinyandan və onun komandasında yer alan rəsmilərdən bir-birini təkrarlayan açıqlamalar gəlməkdədir.

Ermənistanın KTMT-dən və Rusiyadan uzaqlaşmasının digər bir səbəbi isə rəsmi İrəvanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursu götürməsi ilə əlaqədardır. Ancaq bu siyasi kursun da perspektivi yoxdur. Ermənistanın özündə belə bu ssenariyə son dərəcə inamsız münasibət bəslənilir. İnamsızlığı şərtləndirən əsas amil isə bu ölkənin Rusiyadan iqtisadi asılılığıdır. Bundan başqa, Rusiyanın Ermənistanda hərbi mövcudluğu var. Eyni zamanda, Ermənistan reallıqlarının Avropa standartlarına uyğunlaşdırılması da mümkünsüz görünür...

KTMT-nin məxfi sənədlərinə çıxışın məhdudlaşdırılması gündəmdə

KTMT-də rəsmi İrəvan üçün dairə daralır.  Rusiya mediası xəbər verir ki, Belarus xarici işlər naziri Maksim Rıjenkov İrəvanın təşkilatın məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasının məqsədəuyğun olduğunu bildirib. Onun fikrincə, KTMT-də iştirakını faktiki olaraq donduran Ermənistanın qapalı məlumatlarla tam tanış olmaq imkanı saxlanılmamalıdır. Belarusun “Belarus 1” telekanalına müsahibəsində xarici işlər naziri Maksim Rıjenkov Ermənistanı “psevdomüttəfiq” adlandırıb və təşkilatın qapalı sənədlərinə tam çıxışın İrəvana etibar edilməsinin düzgün olmadığını bildirib. “Əminəm ki, ümumiyyətlə qapalı xarakter daşıyan bəzi sənədlərə çıxış məhdudlaşdırılacaq”, - deyə Belarus XİN rəhbəri vurğulayıb.

Rıjenkovun fikrincə, məxfi məlumatlar nəzəri cəhətdən KTMT-ni həmrəylik prinsipi əsasında inkişaf etdirmək istəyən dövlətlərin maraqlarına qarşı istifadə oluna bilər. Buna görə də Ermənistanın belə sənədlərlə tam tanış olmaq imkanına malik olması sual doğurur. Belaruslu nazir xüsusilə vurğulayıb ki, Ermənistan xalqının inteqrasiya strukturlarına münasibəti dəyişməyib, dəyişən ölkənin ali siyasi rəhbərliyinin mövqeyidir. Onun sözlərinə görə, İrəvan həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) passiv və seyrçi iştirak nümayiş etdirir.

Nazir Ermənistanın inteqrasiya birliklərində iştirakını özünə sərf edən üstünlüklərdən yararlanmaq, lakin ümumi öhdəliklərdən uzaqlaşmaq cəhdi kimi qiymətləndirib. O, nümunə olaraq Ermənistana təqdim olunan əlverişli qaz və neft qiymətlərini, eləcə də malların son istehlakçılara çatdırılması üçün yaradılan nəqliyyat imkanlarını göstərib.

Belarus XİN rəhbərinin sözlərinə görə, İrəvan bu birliklərin təqdim etdiyi iqtisadi üstünlüklərdən yararlanır, ancaq həmin strukturların ümumi məqsədləri ilə üst-üstə düşməyən siyasət yürüdür. Nazir bildirib ki, bu cür yanaşma inteqrasiya təşkilatlarının inkişafında maraqlı olan digər dövlətlərin narahatlığına səbəb olur.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını “dondurduğunu” elan edib və üzvlük haqlarını ödəməyi dayandırıb. Bununla belə, İrəvan təşkilatdan rəsmən çıxmayıb və hüquqi baxımdan üzv dövlət olaraq qalır. KTMT rəhbərliyi də Moskva sammitində Ermənistanın təşkilatdan çıxarılması məsələsinin müzakirə edilmədiyini açıqlayıb. Məxfi sənədlərlə bağlı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi hələlik rəsmən açıqlanmayıb. Rıjenkovun bəyanatı bu məsələnin KTMT daxilində müzakirə oluna biləcəyinə işarədir.

Rəsmi İrəvanın KTMT-də hüquqlarını bərpa etməsinin şərti - borclar ödənilməlidir

Bəs Ermənistanın KTMT-də tamhüquqlu üzv statusunu bərpa etmək imkanı varmı? KTMT-nin Baş katibi Taalatbek Masadıkov təşkilatın Moskvada keçirilən sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında bu sualın cavabına aydınlıq gətirib. O bildib ki, Ermənistan üzvlük haqları üzrə borcunu ödədikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  fəaliyyətində tamhüquqlu iştirakını bərpa edə və yenidən öz nümayəndələrini təşkilatın orqanlarına göndərə biləcək.

Baş katibin sözlərinə görə, sammitdə Ermənistanın təşkilatdan çıxarılması məsələsinə baxılmayıb. O əlavə edib ki, borcun ödənilməsi barədə qərar ölkə rəhbərliyinin səlahiyyətindədir.

“Ermənistan son üç il ərzində üzvlük haqlarını ödəməyib”, - deyə Baş katib qeyd edib. Onun sözlərinə görə, həmin müddət ərzində Ermənistan KTMT Katibliyinə və Birləşmiş Qərargahına da əməkdaşlar göndərməyib. Bu ölkənin nümayəndələri iclaslara qatılsalar da, müzakirələrdə iştirak etməyiblər.

Kremlin sammitdə imzalanmış sənədlərin siyahısına daxil etdiyi qərarlar arasında KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi barədə qərar da yer alıb. Həmin sənədə əsasən, iki il ərzində təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən dövlət borcunu tam ödəyənədək səsvermə hüququndan və kvota üzrə vəzifələrə öz nümayəndələrini irəli sürmək imkanından məhrum edilə bilər.

Mübariz FEYİZLİ