Bu günlərdə Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, genişlənmə üzrə komissar Marta Kosun və beynəlxalq tərəfdaşlıq üzrə avrokomissar Yozef Sikelanın birgə sədrliyi ilə regionlararası təhlükəsizlik və əlaqəlilik məsələləri üzrə ikinci nazirlər görüşü keçirilib. Görüşdə Aİ-yə üzv dövlətlərin, eləcə də Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistanın xarici işlər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Brüsseldə aparılan müzakirələrdə Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qara dəniz regionu, Cənubi Qafqaz arasında dialoqun bundan sonra da davam etdirlməsinə böyük istək və ümid ifadə olunub. “Bu artıq ikinci belə görüş idi. Birincisi ötən ilin oktyabrında baş tutmuşdu və mən ümid edirəm ki, biz bu formatı davam etdirəcəyik”, - deyə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndəsi görüşdən sonra jurnalistlərə bildirib.
Bütün tərəflər üçün xüsusi əhəmiyyət daşıyan Transxəzər marşrutu
Aİ rəsmisinin sözlərinə görə, indiki geosiyasi vəziyyətdə Transxəzər və Transqafqaz nəqliyyat dəhlizləri bütün iştirakçı tərəflər üçün xüsusi əhəmiyyət kəsb edir. Brüsseldə Transxəzər marşrutuna növbəti dəfə diqqət çəkilməsi təsadüfi deyil. Hazırda Yaxın Şərqdə İran ətrafında vəziyyətin gərgin olaraq qalması, gözlənilən yeni və daha dəhşətli müharibə riski, Hörmüz boğazının bağlanması Avropanın təzhizat zəncirində ciddi qırılmalar yaradıb. Region dövlətləri enerji məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxara bilmirlər. Bundan qlobal iqtisadiyyat, o cümlədən də Avropa ciddi şəkildə təsirlənir. Enerji təhlükəsizliyinin risk altına düşməsi özünü qiymətlərin artmasında, inflyasiyanın sürətlənməsində göstərir.
Avropanın təchizatına digər bir təhlükə isə Rusiya-Ukrayna müharibəsindən gəlir. Şərqi Avropada müharibə artıq beş ildir ki, uzanır və hələ də sonu görünmür. Uzanan müharibə regionda nəqliyyat və ticarət əlaqələri üçün də təhlükə yaradır. Qara dənizdə hətta ərzaq daşıyan gəmilər də hədəfə çevrilir.
Beləliklə, hazırda Avropa məkanında hökumətlər sözün əsl mənasında ciddi sınaq qarşısındadırlar. Avropanın həmrəylik dəhlizləri Ukrayna taxılını bazarlara çatdırmağa kömək etsə də, daşınan həcmlər azdır və tələbat tam şəkildə ödənilmir. Kaya Kallas bildirib ki, Avropa İttifaqı Qara dəniz regionunda Dəniz Təhlükəsizliyi Mərkəzinin (Black Sea Maritime Security Hub) yaradılmasına 50 milyon avro investisiya edir. Onun vəzifəsi ölkələr arasında məlumat mübadiləsini sürətləndirmək və gəmiçiliyə qarşı təhdidləri daha operativ şəkildə aşkar etmək olacaq.
Artan bu kimi geosiyasi gərginliklər fonunda Orta Dəhliz - Transxəzər marşrutu ən optimal bağlantı kimi diqqət mərkəzinə gəlir ki, burada da Azərbaycan bağlantıların mərkəzində yerləşən əsas dövlət qismində çıxış edir. Avropa məkanında da qəbul edilir ki, Azərbaycanın üstünlüyü yalnız coğrafiya ilə bağlı deyil. Ölkəmiz həmçinin geniş nəqliyyat-logistika imkanları təqdim etməklə diqqət mərkəzinə gəlir. Prezident İlham Əliyev ötən dövrdə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yamaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir.
Azərbaycanın Avropa üçün önəmini artıran digər bir mühüm faktor isə ölkəmizlə Mərkəzi Asiyanın artıq vahid iqtisadi və siyasi məkan kimi çıxış etməsidir. Mərkəzi Asiya ölkələri resurslarla zəngindir. Aİ bu resurslara çıxış əldə etmək və onlardan bəhrələnmək niyyətindədir. Burada Azərbaycan yenə də mərkəzi aktor qismində çıxış edir. Ölkəmiz həm onilliklər boyunca yaratdığı nəqliyyat-logistika infrastrukturu ilə, həm də genişlənən siyasi və iqtisadi əlaqələri ilə Mərkəzi Asiya regionu ilə Aİ arasında etibarlı körpülər qurulmasında əvəzsiz rol oynaya bilər.
Enerji dialoqunun yeni mərhələsi
Brüssel görüşünün iştirakçıları həmçinin energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər. Onlar həmçinin vurğulayıblar ki, ümumi təhlükəsizlik çağırışlarına birgə reaksiya və regionlararası əlaqəliliyin gücləndirilməsi sülhün, sabitliyin, dayanıqlığın və davamlı iqtisadi artımın təmin edilməsi üçün həlledici əhəmiyyətə malikdir.
Qeyd etmək yerinə düşər ki, energetika sektoru Azərbaycan Aİ əməkdaşlığının prioritet istiqamətini təşkil edir. Zəngin resurslara malik Azərbaycan geosiyasi gərginliklərin artdığı bir şəraitdə də özünün ədalətli enerji siyasətinə sadiq qalır və bütün öhdəliklərinə yüksək səviyyədə əməl edir. Ölkəmizin iştirakı ilə qoca qitənin yeni enerji xəritəsi formalaşır. 2022-ci ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Hazırda respublikamız 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Azərbaycan Avropaya ixrac həcmlərini artırmaq imkanlarına malikdir. Ancaq Prezident İlham Əliyevin Dublin sammiti çərçivəsində keçirdiyi görüşlərdə də bildirdiyi kimi, mövcud xətlər tam şəkildə doludur. Buna görə də Xəzər sahillərindən Avropa məkanına mavi yanacağın ixrac həcmlərinin artırılması zərurəti Cənub Qaz Dəhlizinin genişləndir?lməsi məsələsini gündəmə gətirib. Yaxşı haldır ki, Avropa Komissiyası səviyyəsində bununla bağlı razılıq əldə olunub. Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının artırılması eyni zamanda Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropaya ötürülməsi baxımından son dərəcə zəruridir.
Azərbaycan və Mərkəzi Asiya regionu ilə Aİ arasında enerji dialoqunun yeni səhifəsi isə yaşıl enerji gündəliyi ilə bağlıdır. Azərbaycan və Mərkəzi Asiya dövlətləri bərpaolunan enerji mənbələri ilə zəngindir. Avropanın isə indiki kritik dönəmdə bu ehtiyatlara böyük ehtiyacı var. Artıq bu sahədə də əməkdaşlığın təməli qoyulub. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış sazişə əsasən, “yaşıl enerji” dəhlizinin qurulması haqqında razılaşma əldə olunub. Ölkəmizdə istehsal olunan yaşıl enerji Qara dənizin dibi ilə çəkilən kabel xətti ilə Avropaya ötürüləcək. Xəzərin dibi ilə çəkilən yaşıl dəhliz isə Azərbaycanla Mərkəzi Asiyanı birləşdirir. Beləliklə, böyük coğrafiyanın - Azərbaycanın, Mərkəzi Asiyanın və Avropanın çoxvektorlu dialoqunun yeni bağlarla daha da möhkəmlənəcəyinə heç bir şübhə yoxdur.
Mübariz FEYİZLİ