Cəmiyyətin böyük dəstəyi

Cəmiyyətin böyük dəstəyi

Prezident İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi

Bu günlərdə ölkəmizin hər yerində böyük coşqu yaşanır. Xalqımız bayram ovqatındadır. Yaşlı nəslin nümayəndələri, gənclər bir-birini 6 il bundan əvvəl Vətən müharibəsində qazanılan böyük Zəfər münasibətilə təbrik edirlər. Xalqımızın sevinməyə, Qələbənin qürurunu yaşamağa tam mənəvi haqqı var. Bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Onu biz igid əsgər və zabitlərimizin şücaəti, canı-qanı hesabına qazanmışıq. Bu Zəfər yalnız işğalçı Ermənistan üzərində qazanılan Qələbə deyil. Düşmənin arxasında böyük güclər dayanmışdı. Həmin güclər otuz il ərzində ikili standartlardan çıxış etməklə işğalçı Ermənistanın cəzalandırılmasına, ona qarşı sanksiyalar tətbiq edilməsinə və işğal məhsulu olan keçmiş status-kvonun dəyişdirilməsinə imkan verməmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan müharibənin ilk günlərindən də Ermənistanın havadarları müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərib onu haqq yolundan döndərmək, müharibəni yarımçıq dayandırmaq istəyirdilər. Bacarmadılar. Prezident, Ali Baş Komandan İlham Əliyev diplomatik kanallarla Ona edilən təzyiqlər qarşısında geri çəkilməsi, qətiyyət göstərdi və bildirdi ki, müharibənin dayandırılmasının yeganə şərti Ermənistanın işğalçılıq siyasətinə son qoymasından və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından keçir.

Böyük Qələbəmizin əsas memarı olan Azərbaycan Prezidentinin inamlı davranışlar sərgiləməsi müxtəlif amillərdən qaynaqlanırdı. Burada dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində ölkəmizin iqtisadi gücünün artması və bu əsasda qüdrətli Ordu quruculuğuna nail olunması kimi məqamları xüsusi qeyd edə bilərik. Heç şübhəsiz ki, Qələbəmizin əsas memarı Prezident İlham Əliyevdir. O, həm qısa müddətdə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olan güclü, yenilməz Siahlı Qüvvələr formalaşdırmağa nail olmuşdu, həm də düşmənə layiqli cavab vermək, işğala son qoymaq uğrunda ədalətli müharibəyə başlamaq üçün düzgün zaman seçmişdi. Dövlətimizin başçısının özünün də bildirdiyi kimi, müharibəyə tez başlamaq tələsmək, daha sonra başlamaq isə gecikmək demək olardı.

44 günlük müharibənin mütləq Qələbə ilə sonuclanmasını şərtləndirən digər bir mühüm amil isə xalqın gücü, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəmiyyətdən aldığı dəstək idi. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər. Həmin görüşdəki çıxışında dövlətimizin başçısı müharibədə cəmiyyətin yüksək həmrəylik göstərdiyinə xüsusi diqqət çəkərək bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.

Bəli, Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Xalqımız hər zaman ümummilli ideyalar ətrafında sıx həmrəylik nümayiş etdirir. Bu birlik Azərbaycanın milli gücünü artırır, onu yenilməz edir. “Dəmir Yumruq”da həm gücümüzün, həm də həmrəyliyimizin simvoludur.

Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb.

Müharibənin ilk günündən başlayan bu həmrəylik sonadək səngimədi. 44 gün ərzində arxa cəbhə, bütün Azərbaycan ön cəbhəyə dayaq oldu. O günlərə hər kəs özünü düşmən qarşısında döyüşlərdə hiss edirdi. Maddi imkanlarından asılı olmayaraq bütün ailələrdən igid hərbiçilərimiz üçün sovqatlar göndərilirdi. Bütün bunlar da Ordumuza əlavə güc verdi və müharibənin nəticəsinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edildi.

Mübariz Abdullayev