Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Gülvəng (Başkənd) alban xristian məbədi Dərələyəz mahalının Başkənd kəndindən 7 km şimalda yerləşir. Başkənd kəndi 1946-cı ildən Vernaşen adlandırılıb. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd, 1935-ci ildən Mikoyan, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlanıb.
Bu günbəzli məbəd ağ şümşad daşlarla hörülmüşdü. Buna görə də XIX yüzildə ilk dəfə bura ayaq basan ermənilər onu Spitakavor (spitak - ermənicə “ağ“ deməkdir) adlandırmışlar. Lakin XIX yüzilin sonlarında burada olan ingilis səyyahı A.Berje yazır ki, “çoxlu bəzəklərə malik“ bu məbəd yerli müsəlmanlar tərəfindən Gülvəng adlandırılır (bax: A. Berje. Kavkaz v arxeoloqiçeskom otnoşenii, Tiflis, 1875, str. 38).
Məbədin yaxınlığındakı dağın zirvəsində isə Uruz qalasının (ermənicədə: Proşaberd və ya Boloraberd) xarabalıqları qalmaqdadır.
Monastır kompleksi kilsə, vestibül, zəng qülləsi və qala divarlarından ibarətdir. Kompleksin tikililəri hamar, ağmtıl daşdan inşa edilmişdir. Tarixi məlumatlar günümüzə gəlib çatmamışdır. Divarlardakı yazılardan məlum olur ki, kompleksdəki yeganə kilsənin əsası knyaz Atçı (1318-ci ildə vəfat etdiyi məlumdur) tərəfindən qoyulmuş, tikintisi isə onun oğlu Əmir Qazan tərəfindən başa çatdırılmışdır.
Qədimdən türk tayfalarının vətəni olan Başkənd kəndinə ilk ermənilər (16 ailədə 91 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər.