QALİB AZƏRBAYCANIN YENİ TARİXİ

QALİB AZƏRBAYCANIN YENİ TARİXİ

 

Azərbaycanın 8 Noyabr Zəfəri xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı, milli qürurumuzun və tarixi ədalətin bərpasının rəmzidir. Bu Qələbə ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmək istiqamətində mühüm nəticə əldə etmədi, həm də dünyaya öz siyasi iradəsini, hərbi qüdrətini və müstəqil dövlət kimi möhkəm mövqeyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsinə imkan yaratdı. Dövlət başçısının siyasi uzaqgörənliyi, milli maraqlara əsaslanan xarici siyasəti və güclü dövlət quruculuğu strategiyası ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz haqq mövqeyindən geri çəkilmədi və torpaqlarımızın azad olunması istiqamətində qətiyyətli addımlar atdı.

2020-ci ildə əldə edilən möhtəşəm Zəfərdən sonra ölkəmizin qarşısında yeni tarixi vəzifə – suverenliyimizin bütün ərazilərimizdə tam bərpası dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən qalib dövlət kimi yeni reallıq yaratdı.

Bu gün Azərbaycanın əsas diqqəti azad edilmiş ərazilərin bərpasına, quruculuq işlərinə və Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinə yönəlib. Vaxtilə işğal nəticəsində dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri istifadəyə verilir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar öz evlərinə qayıdır, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətimizin bu torpaqlara xüsusi diqqət və qayğısının göstəricisidir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın yalnız müharibəni qazanan deyil, həm də sülhü, inkişafı və tərəqqini təmin edən dövlət olduğunu nümayiş etdirir.

Bu torpaqlarda sosial xidmətlərin əlçatanlığının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. DOST və ASAN xidmətlərinin fəaliyyətinin təşkili, müasir idarəetmə və xidmət mexanizmlərinin tətbiqi dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir. Məqsəd azad edilmiş ərazilərdə sakinlər üçün rahat, təhlükəsiz və layiqli yaşayış şəraiti yaratmaqdır.

Zəfərin mənəvi tərəfi isə heç zaman unudulmamalıdır. Bu Qələbənin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və fədakarlığı dayanır. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı milli həmrəyliyimizin və sosial məsuliyyətimizin mühüm ifadəsidir. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

8 Noyabr – Zəfər Günü bizə həm keçmişimizi xatırladır, həm də gələcək qarşısında məsuliyyətimizi müəyyənləşdirir. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız, doğma yurdlarına qayıdan ailələrimiz, yenidən qurulan şəhər və kəndlərimiz Zəfərin real nəticələridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün qalib dövlət kimi öz inkişaf yolunu inamla davam etdirir. Zəfərdən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan bu yol milli iradəmizin, dövlətçilik gücümüzün və xalqımızın birliyinin təntənəsidir. Biz Zəfərimizi yaşatmalı, şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı və qalib Azərbaycanın gələcəyini daha da möhkəmləndirməliyik. Çünki bu Zəfər bizim tariximiz, qürurumuz və gələcək nəsillərə ən böyük ərməğanımızdır.

 

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova