Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəhərlər var ki, onların əhəmiyyəti yalnız coğrafi mövqeyi və inzibati statusu ilə deyil, həm də xalqın milli kimliyini, mənəvi dəyərlərini, mədəniyyətini və dövlətçilik ənənələrini yaşatması ilə ölçülür. Şuşa məhz belə şəhərlərdən biridir. Qarabağın dilbər guşəsində, əsrarəngiz təbiəti, möhtəşəm dağ mənzərələri və zəngin memarlıq nümunələri ilə seçilən bu qədim şəhər Azərbaycan xalqının tarixində, mədəniyyətində və ictimai-siyasi həyatında xüsusi yer tutur.
Hər il noyabrın 8-də qeyd olunan Şuşa Şəhəri Günü xalqımızın yaddaşında həm tarixi Zəfərin, həm də milli qürur və birliyin təcəssümü kimi yaşayır. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu.
Azərbaycan xalqı heç zaman Şuşaya qayıdacağına olan inamını itirməmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın bu arzusunun gerçəkləşməsi üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.
Şuşa əməliyyatı hərb tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qaldı. Çətin relyef şəraitində, mürəkkəb döyüş əməliyyatları nəticəsində şəhərin azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığının və peşəkarlığının parlaq nümunəsi oldu.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşının qorunması, Vətən müharibəsində qazanılmış Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşanın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin tarixi simasının qorunması, dağıdılmış infrastrukturun bərpası, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və doğma sakinlərin təhlükəsiz, rahat yaşayışının təmin edilməsi olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”dır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş Baş plan 2021-ci ildən 2040-cı ilədək olan dövrü əhatə edir. Sənəd Şuşanın gələcək inkişafının sistemli şəkildə planlaşdırılması, tarixi-mədəni irsinin qorunması və müasir şəhər mühitinin formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Baş plan hazırlanarkən şəhərin coğrafi mövqeyi, təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək inkişaf perspektivləri əsas götürülmüşdür. Burada başlıca məqsəd Şuşanın tarixi simasını qorumaqla yanaşı, onu müasir yaşayış, sosial xidmət, mədəniyyət və turizm imkanlarına malik şəhərə çevirməkdir.
İşğaldan azad edildikdən sonra Şuşada bir sıra tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılmış, mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Şəhərdə yaşayış kompleksləri, təhsil, səhiyyə, kommunal xidmət və digər sosial təyinatlı obyektlər yaradılır. Zəfər yolu, mühəndis-kommunikasiya sistemləri və digər infrastruktur layihələri Şuşanın ölkənin ümumi nəqliyyat və iqtisadi sisteminə inteqrasiyasını gücləndirir.
2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışına başlanılması şəhərin həyatında yeni mərhələnin əsasını qoymuşdur. Doğma yurda qayıdan sakinlərin öz evlərində məskunlaşması, uşaqların məktəbə getməsi, sosial və mədəni həyatın canlanması Şuşanın yenidən dirçəlişinin ən mühüm göstəricilərindəndir.
“Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu qədim şəhərin gələcəyini müəyyən edən mühüm strateji sənəd olmaqla, tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması və dayanıqlı şəhər mühitinin formalaşdırılması məqsədlərinə xidmət edir.
Bu gün Şuşa həm keçmişimizin şanlı tarixini, həm də gələcəyə inamımızı özündə birləşdirir. Onun hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir daşı xalqımızın yaddaşını yaşadır. Şuşanın yenidən qurulması, abadlaşdırılması və əvvəlki şöhrətinə qovuşması Azərbaycanın gücünün, dövlətçilik iradəsinin və milli həmrəyliyinin parlaq ifadəsidir.
Şuşa artıq yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın gələcəyə baxışını, quruculuq əzmini və mədəni zənginliyini nümayiş etdirən inkişaf məkanıdır. Əminliklə demək olar ki, 2040-cı ilədək nəzərdə tutulan inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi nəticəsində Şuşa öz tarixi simasını qoruyaraq müasir şəhərsalmanın nümunəvi mərkəzlərindən birinə çevriləcəkdir.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı