Güclü dövlət, qalib xalq və azad Vətən – Prezident İlham Əliyevin 2003-cü ildən başlayan tarixi missiyası

Güclü dövlət, qalib xalq və azad Vətən – Prezident İlham Əliyevin 2003-cü ildən başlayan tarixi missiyası

 

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin əsasını Azərbaycanın gücləndirilməsi, milli maraqların qorunması, ölkənin beynəlxalq nüfuzunun artırılması və ərazi bütövlüyünün bərpası təşkil edib. Prezidentin səsləndirdiyi “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq” fikirləri ötən illərdə həyata keçirilən siyasətin mahiyyətini və əldə olunan tarixi nailiyyətlərin əsas istiqamətini aydın şəkildə ifadə edir.

            2003-cü ildə Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirdi. Ölkənin iqtisadi potensialının artırılması, müasir infrastrukturun yaradılması, sosial rifahın yüksəldilməsi, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi dövlət siyasətinin başlıca istiqamətlərinə çevrildi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan regionun güclü, müstəqil və söz sahibi olan dövlətlərindən birinə çevrildi.

            Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi inkişafı və maliyyə imkanlarının genişləndirilməsi müdafiə qüdrətinin artırılması üçün də möhkəm zəmin yaratdı. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən hərbi qüvvəyə çevrildi. Bütün bunlar təsadüfi və ayrı-ayrı tədbirlər deyil, uzun illər ərzində ardıcıl şəkildə həyata keçirilən dövlət strategiyasının tərkib hissəsi idi.

            Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi Prezident İlham Əliyevin fəaliyyətində daim prioritet istiqamət olub. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi, tarixi torpaqlarımızın azad olunması istiqamətində siyasi və diplomatik müstəvidə ardıcıl fəaliyyət göstərilib. Azərbaycan bütün beynəlxalq platformalarda öz haqlı mövqeyini müdafiə edib, dünya ictimaiyyətinə münaqişənin əsl mahiyyətini çatdırıb. Eyni zamanda, ölkəmizin güclənməsi üçün görülən işlər torpaqlarımızın azad edilməsi məqsədinə xidmət edib.

            2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu müharibə Azərbaycan xalqının birliyini, milli iradəsini, ordumuzun gücünü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi.

            Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Şuşanın azadlığı Azərbaycanın hərbi-siyasi qələbəsinin zirvəsinə çevrildi. Məhz bu qələbədən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla müharibə başa çatdı. Beləliklə, Azərbaycan xalqının uzun illər boyu davam edən torpaq həsrətinə son qoyuldu, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başlandı.

            2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bu hadisə 30 ildən artıq davam edən işğal və separatizmə son qoyulması baxımından xüsusi tarixi əhəmiyyət daşıyırdı. Azərbaycan öz suveren hüquqlarını təmin edərək ərazi bütövlüyünü tam bərpa etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu.

            Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlər yenidən qurulur, yollar, tunellər, hava limanları, elektrik stansiyaları və digər infrastruktur obyektləri istifadəyə verilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri Azərbaycanın yalnız hərbi qələbə qazanmadığını, eyni zamanda, sülh və inkişaf naminə böyük layihələr həyata keçirdiyini göstərir.

            Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər həyata keçirdiyi siyasətin nəticələri Azərbaycanın müasir tarixində özünəməxsus yer tutur. İqtisadi cəhətdən güclənən, beynəlxalq nüfuzunu artıran, müasir ordu quran və nəhayət, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan bu gün yeni strateji hədəflərə doğru inamla irəliləyir.

            Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, böyük tarixi qələbələr təsadüf nəticəsində əldə olunmur. Bunun üçün uzaqgörən siyasət, qətiyyətli liderlik, güclü iqtisadiyyat, qüdrətli ordu və xalq-dövlət birliyi vacibdir. Azərbaycan bu amillərin vəhdəti sayəsində özünün ən böyük milli məqsədinə nail oldu.

            Bu gün hər bir azərbaycanlı üçün Vətən müharibəsinin Zəfəri milli qürur, şərəf və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə gələcək nəsillərə müstəqil, güclü və bütöv Azərbaycanın miras qoyulmasının təminatıdır.

            Azərbaycanın güclənməsi, torpaqlarımızın azad edilməsi və suverenliyimizin tam bərpası bir məqsədin – qüdrətli Azərbaycan dövlətinin qurulması amalının ayrılmaz tərkib hissəsidir. Bu amal bu gün də ölkəmizin inkişaf yoluna istiqamət verir.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi