Ağstafa rayonunda bilik yarışı keçirilib

04 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun, Ağstafa Təhsil Sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü” münasibətilə rayon məktəblərini təmsil edən məktəblilərdən ibarət komandalar arasında bilik yarışı keçirilib.

Tədbirə başlamazdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbin direktor müavini Şəfəq Heydərli çıxış edərək 8 Noyabr – Zəfər Günü barədə geniş məlumat veriblər və komandalara uğurlar arzulayıblar.

Yarışda 10 komanda mübarizə aparıb.

Yekun nəticələrə əsasən, Lələtəpə (Həsənsu kənd tam orta ümumtəhsil məktəbi) komandası birinci yerə, Zəfər (Ağstafa şəhəri Texniki və humanitar fənlər təmayüllü liseyi) komandası ikinci yerə, Azıx (Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbi) komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı ilə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərmanla, kubokla təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.