Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik amalını özündə təcəssüm etdirən müqəddəs rəmzlərdən biri Dövlət Bayrağımızdır. Hər bir xalqın tarixində onun milli varlığını ifadə edən, keçmişi ilə bu gününü birləşdirən müqəddəs dəyərlər mövcuddur. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız məhz belə ali dəyərlərdəndir. Bu bayraq təkcə dövlət atributu deyil, həm də xalqımızın milli iradəsinin, tarixi yaddaşının, azadlıq mübarizəsinin və sarsılmaz dövlətçilik əzminin ifadəsidir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur, vətənə bağlılıq və dövlət müstəqilliyinə sədaqət günüdür.
Ümummilli Lider Heydər Əliyev Dövlət Bayrağının mahiyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bu fikirlər dövlət bayrağımıza münasibətin yalnız rəsmi ehtiramla məhdudlaşmadığını, onun hər bir vətəndaşın mənəvi dünyasında, milli düşüncəsində və vətəndaşlıq mövqeyində xüsusi yer tutmalı olduğunu aydın şəkildə ifadə edir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın milli dövlətçilik ideallarının parlaq təcəssümü idi. Lakin sonrakı siyasi proseslər nəticəsində bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarıldı. Müstəqillik arzusu isə xalqımızın qəlbində yaşamaqda davam etdi. Məhz belə bir mürəkkəb tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və təşəbbüsü milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynadı.
1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında üçrəngli bayrağımız ilk dəfə rəsmi şəkildə qaldırıldı. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərarlar verildi. Bu addım yalnız Naxçıvanın siyasi həyatında deyil, bütövlükdə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biri oldu. Ulu Öndər sonralar həmin tarixi hadisəni xatırlayaraq bildirmişdir ki, milli bayrağı sessiyanın salonuna gətirərək başlarının üzərinə qaldırmışdılar. Bu, əslində, xalqın azadlıq iradəsinin, milli özünüdərkin və müstəqil dövlətçilik arzusunun açıq ifadəsi idi.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində əsrlərin sınağından keçən milli dövlətçilik ideyaları yeni mərhələyə qədəm qoydu. Onun təşəbbüsü ilə Naxçıvanda qəbul edilən tarixi qərarlar sonralar Azərbaycanın müstəqilliyinin bərpası prosesinə mühüm təsir göstərdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. 2009-cu il noyabrın 17-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar dövlət rəmzimizə ehtiramın daha da möhkəmləndirilməsi və milli dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan bayrağı ölkəmizin suverenliyini, beynəlxalq nüfuzunu və milli birliyini təcəssüm etdirir. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və inkişaf amalımızı, yaşıl rəng isə mənəvi-mədəni dəyərlərimizi ifadə edir. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz isə milli kimliyimizin ayrılmaz elementlərindəndir. Bu rənglərin və rəmzlərin bir arada yaratdığı bütöv məna Azərbaycan xalqının tarixə, milli köklərə və gələcəyə baxışını özündə birləşdirir. Bayrağımıza ehtiram göstərmək, onu qorumaq və uca tutmaq hər bir vətəndaşın mənəvi borcudur.
Bu gün üçrəngli bayrağımızın ən uca zirvələrdə dalğalanması xalqımızın tarixi ədaləti bərpa etmək əzminin və milli həmrəyliyinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, dövlət bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla ucaldılmışdır. Xüsusilə Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız hər bir azərbaycanlı üçün qürur mənbəyi, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli birlik, azərbaycançılıq məfkurəsi və dövlət rəmzlərinə sədaqət xüsusi yer tuturdu. Bu gün həmin ideyalar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü və müstəqil dövlətə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” sözləri bu gün də öz tarixi və mənəvi dəyərini qoruyur.
Dövlət Bayrağı Günü hər birimizə bir daha xatırladır ki, müstəqilliyimiz, suverenliyimiz və milli birliyimiz ən böyük sərvətimizdir. Xüsusilə gənc nəsil bayrağımızın daşıdığı tarixi mənanı dərindən dərk etməli, dövlət rəmzlərimizə hörmət ruhunda yetişməli, Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşmalıdır. Çünki bayrağın ucalığı yalnız onun dalğalandığı dirəyin hündürlüyü ilə deyil, onu ucaldan xalqın birliyi, iradəsi və dövlətinə sədaqəti ilə ölçülür.
Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın hər bir uğurunda, beynəlxalq arenada qazandığı nailiyyətlərdə, azad torpaqlarımızda yenidən canlanan həyatda öz əksini tapır. O, dünənimizin şərəfli tarixini, bu günümüzün qüdrətini və sabahımızın ümidlərini birləşdirir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı