Bayrağımız qürur mənbəyimiz, dövlətçiliyimizin rəmzidir

Bayrağımız qürur mənbəyimiz, dövlətçiliyimizin rəmzidir

 Hər bir xalqın milli kimliyini, dövlətçilik ənənələrini, tarixi keçmişini və müstəqillik arzularını özündə təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız bu dəyərlərin ən uca ifadəsidir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız milli qürurumuzun, azadlığımızın, dövlət müstəqilliyimizin və gələcəyə inamımızın rəmzidir. Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü böyük ehtiram və fəxarət hissi ilə qeyd olunur.
     Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən üçrəngli Dövlət Bayrağı qəbul edilmişdir. Bu qərar xalqımızın müstəqil dövlət qurmaq iradəsinin, milli özünüdərkinin və azadlıq mübarizəsinin parlaq təzahürü idi. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratik inkişafı, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir.
    1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbində yaşamaqda davam etdi. Müstəqillik ideyası, milli dövlətçilik arzusu və üçrəngli bayrağa bağlılıq heç vaxt itməyib. Ulu Öndər Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi bu baxımdan tarixi əhəmiyyət daşıyır. Həmin qərar müstəqil dövlətçilik yolunda mühüm siyasi addım oldu.
      Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız ölkəmizin əsas dövlət rəmzlərindən biri kimi təsdiqləndi. 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar milli dövlətçilik tariximizə, dövlət rəmzlərimizə və müstəqillik ideallarımıza göstərilən yüksək ehtiramın ifadəsi oldu.
   Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qərargahlarında və mötəbər tədbirlərdə dalğalanır. Bayrağımızın beynəlxalq arenada ucalması Azərbaycanın artan nüfuzunun, siyasi gücünün və müstəqil siyasətinin göstəricisidir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın tarixində yeni və şanlı səhifə açdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu. Bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır.
     Xüsusilə Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın çoxəsrlik mübarizəsinin, şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığının təntənəsidir. Hər bir bayraq dirəyində, hər bir dalğalanan üçrəngli bayraqda müstəqilliyimizin, milli birliyimizin və ərazi bütövlüyümüzün rəmzi yaşayır.
     Prezident İlham Əliyevin dövlətçilik siyasətində milli rəmzlərə, xüsusilə Dövlət Bayrağına hörmət və ehtiram xüsusi yer tutur. Dövlət başçısının təşəbbüsü ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması və ölkənin müxtəlif bölgələrində üçrəngli bayrağımızın ucaldılması bu istiqamətdə görülən mühüm işlərdəndir.
    Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşına Vətən qarşısında məsuliyyətini, milli dəyərlərimizi qorumağın və dövlət müstəqilliyimizi möhkəmləndirməyin vacibliyini xatırladır. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dövlət rəmzlərinə hörmət hissinin formalaşmasında bu əlamətdar günün böyük əhəmiyyəti vardır.
    Bu gün üçrəngli bayrağımız müstəqil, güclü və qalib Azərbaycanın səmasında əzəmətlə dalğalanır. O, keçmişimizdən gələn tarixi mirasımız, bu günümüzün qüruru və gələcəyimizin təminatıdır. Azərbaycan xalqı öz bayrağına sahib çıxaraq dövlətçiliyini daha da möhkəmləndirir, milli birliyini qoruyur və yeni uğurlara doğru inamla irəliləyir.
     9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan üçrəngli bayrağımıza dalğalanmasını arzulayırıq. Bayrağımız enməsin, Vətənimiz var olsun, Azərbaycanımız daim müstəqil və qüdrətli olsun!ehtiramımızı bir daha ifadə edir, onun daim ucalarda

 

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri