8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin, qürurun və milli birliyin təntənəsi

8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin, qürurun və milli birliyin təntənəsi


Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəhərlər var ki, onların adı yalnız coğrafi məkan kimi deyil, milli kimliyin, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin rəmzi kimi yaşayır. Şuşa da belə müqəddəs şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi və milli qürur mənbəyi olan Şuşa xalqımızın tarixində xüsusi yer tutur.

Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Qısa müddətdə mühüm siyasi, iqtisadi və mədəni mərkəzə çevrilən şəhər Azərbaycanın ictimai və mədəni həyatında böyük rol oynamışdır. Şuşa Azərbaycan musiqisinin, poeziyasının, incəsənətinin və ədəbiyyatının inkişafına misilsiz töhfələr vermişdir. Məhz buna görə də şəhərimiz tarixən “Qafqazın konservatoriyası” adlandırılmışdır.

Şuşa dahi şəxsiyyətlərin, görkəmli sənətkarların və tanınmış ziyalıların vətənidir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu və neçə-neçə böyük sənətkarın adı bu şəhərlə bağlıdır. Şuşanın zəngin mədəni irsi Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı, dünya mədəniyyətinin də ayrılmaz hissəsidir.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır bir faciə kimi qalmışdır. Uzun illər ərzində doğma şəhərimizdə tarixi və dini abidələrimiz dağıdılmış, mədəni irsimizə ciddi ziyan vurulmuşdur. Lakin Azərbaycan xalqı heç zaman Şuşaya qayıdacağına olan inamını itirməmişdir. Dövlətimizin qətiyyətli siyasəti, xalqımızın birliyi və rəşadətli Ordumuzun gücü bu tarixi arzunun gerçəkləşməsinə zəmin yaratmışdır.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad etmişdir. Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri olmaqla, Azərbaycanın hərbi qüdrətini, xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirmişdir. Dağlıq ərazidə mürəkkəb şəraitdə həyata keçirilən Şuşa əməliyyatı hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur.

Prezident İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu tarixi müraciət təkcə bir şəhərin azadlığını deyil, bütövlükdə Azərbaycan xalqının ədalətin bərpasına, tarixi torpaqlarına və milli qüruruna qovuşmasını ifadə edirdi.

Prezident İlham Əliyevin 2022-ci il 31 may tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın qəhrəmanlıq salnaməsinə, dövlətimizin gücünə və milli həmrəyliyimizə ehtiramın ifadəsidir. Şuşa Şəhəri Günü həm də gənc nəslə Vətən sevgisinin, milli dəyərlərə bağlılığın və tarixi yaddaşın aşılanması baxımından böyük əhəmiyyət daşıyır.

Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Tarixi və dini abidələrimiz bərpa olunur, küçələr və infrastruktur yenilənir, yeni yaşayış və sosial obyektlər inşa edilir. Şuşa yenidən Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevrilir. Burada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir.

Şuşanın dirçəldilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mühüm istiqamətlərindəndir. Doğma yurda qayıdan sakinlərin öz evlərində yaşaması, şəhərin sosial və iqtisadi həyatının canlanması Böyük Qayıdış proqramının əsas məqsədlərindəndir.

Bu gün Şuşa azadlığın, milli birliyin, tarixi ədalətin və dövlətçilik qürurunun rəmzi kimi yüksəlir. Onun hər küçəsi, hər daşı və hər tarixi abidəsi Azərbaycan xalqının keçmişini, mübarizəsini və gələcəyə olan inamını yaşadır.

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bütün xalqımızı təbrik edir, Şuşanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk.

Şuşanın azadlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri kimi daim yaşayacaqdır!
 

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi