Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni özündə əks etdirən müqəddəs dövlət rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Üçrəngli bayrağımızın yaranma tarixi 1918-ci il noyabrın 9-na – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında milli bayrağın təsdiq edildiyi günə təsadüf edir. Bu bayraq xalqımızın azadlıq iradəsinin, milli özünüdərkinin və müstəqil dövlət qurmaq əzminin ifadəsi idi. Bayrağımızın üzərindəki mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli rəmzlərimizin ayrılmaz tərkib hissəsidir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra üçrəngli bayrağımız yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edildi və milli dövlətçilik tariximizin davamlılığını nümayiş etdirdi.
Müstəqil Azərbaycanın dövlət rəmzlərinə münasibətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin siyasi iradəsi və dövlətçilik fəlsəfəsi nəticəsində milli atributlarımız xalqımızın birliyinin və müstəqilliyimizin əsas ideoloji dayaqlarından birinə çevrildi. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanmasını təmin etdi. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası dövlət bayrağımızın rəmzi mənasını daha da zənginləşdirdi. Bu gün vaxtilə işğal altında olmuş torpaqlarımızda, o cümlədən Şuşada, Xankəndidə və digər şəhər və kəndlərimizdə dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi bahasına əldə edilmiş tarixi qələbənin təcəssümüdür. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayır.
Dövlət Bayrağı Günü yalnız milli rəmzimizə ehtiramın ifadəsi deyil, həm də hər bir vətəndaşın dövlətinə, xalqına və Vətəninə bağlılığını nümayiş etdirdiyi əlamətdar gündür. Bayrağımızın ucalığı Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi mövqeyinin, iqtisadi gücünün və hərbi qüdrətinin yüksəlməsi ilə birbaşa bağlıdır. Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qərargahlarında və mötəbər tədbirlərdə dalğalanaraq müstəqil dövlətimizin səsini və mövqeyini ifadə edir. Xüsusilə gənc nəslin milli dövlətçilik tariximizə, dövlət rəmzlərimizə və Vətənə bağlılıq ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bayrağa hörmət, əslində, onun ifadə etdiyi tarixə, milli dəyərlərə, azadlığa və müstəqilliyə hörmətdir. Üçrəngli bayrağımız bu gün də xalqımızı vahid amal ətrafında birləşdirən, gələcəyə inamımızı gücləndirən və milli qürurumuzu yüksəldən müqəddəs dövlət rəmzidir. Dövlət Bayrağımız daim ucalarda dalğalansın, müstəqil Azərbaycanımızın qazandığı tarixi nailiyyətlərin və gələcək uğurlarının rəmzi olaraq əbədi yaşasın!